Abşeron rayonunda körpələr evi-uşaq bağçalarının fəaliyyətə başlaması istiqamətində hazırlıq işləri görülür.
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, fevralın 15-dən uşaq bağçalarının tam açılması nəzərdə tutulur. Bununla əlaqədar olaraq Abşeron Rayon İcra Hakimiyyətinin başçısının tapşırığına əsasən rayon ərazisindəki dövlət məktəbəqədər təhsil müəssisələrində müvafiq sanitar-gigiyenik normalara və xüsusi karantin rejiminin tələblərinə əməl edilməklə dezinfeksiya və deratizasiya işləri aparılıb.
Bağçaların istilik sistemi yoxlanılmış, elektrik və su xətlərində olan kiçik nasazlıqlar aradan qaldırılmışdır.
Uşaq bağçalarının tərbiyəçiləri və texniki işçiləri iş yerlərində geniş təmizlik, iməcilik, tibbi-profilaktik işlər görüb. İşçi heyət hazırkı şəraitdə işləmək qaydaları barədə təlimatlandırılıb. Məktəbəqədər təhsil müəssisələrinin həyətləri, yataq, oyun, mətbəxləri və digər otaqları təmizlənib. Otaqların havalandırılması və təlimata uyğun dezinfeksiyası üçün tədbirlər həyata keçirilib.
Bundan əlavə, bağçalar xüsusi dezinfeksiyaedici məhlullarla təmin olunub və məktəbəqədər müəssisələr fəaliyyətə başladığı zaman onlar bağçanın girişinə qoyulacaq.
Bağçalar açıldıqdan sonra xüsusi karantin rejiminin tələblərinə uyğun şəkildə fəaliyyət göstərəcək.