Öz azadlığını əldə edənəcən xalqımız çox ağır, əzablı mübarizə yolu keçmiş, böyük faciələrlə üzləşmiş və hədsiz qurbanlar vermişdir. Doxsanıncı ilin 20 Yanvar faciəsi də o dövrdə kütləvi qırğın günü kimi tarixə yazılmışdır. Həmin qanlı hadisələrdən 25 il keçməsinə baxmayaraq, bu gün ölkəmizin hər yerində əbədiyaşar ömür qazanmış 20 Yanvar şəhidlərinə həsr olunmuş tədbirlər keçirilir.
O dəhşətli gündə bir nəfər şəhid verən və 8 nəfər əlili olan Abşeron rayonunda da çoxsaylı tədbirlər keçirilib. Rayonun mədəniyyət ocaqlarında, təhsil müəssisələrində 20 Yanvar gününə həsr olunmuş bədii gecələr keçirilmiş, tamaşalar oynanılmışdır. Həmin qanlı hadisələrlə bağlı foto və rəsm sərgiləri nümayiş edilmişdir. Yanvar ayının 18-də rayonun bütün məktəblərində o müdhiş günə həsr olunmuş dərslər keçirilmişdir.
Xırdalan şəhərində yerləşən "Şəhidlər abidəsi” önündə xüsusi mərasim keçirilmişdir. Mərasimdə RİH başçısı cənab Zakir Fərəcov, RİH başçısı müavinləri, Rayon hüquq-mühafizə orqanlarının və icra strukturlarının rəhbərləri, ictimaiyyət nümayəndələri, 20 Yanvar şəhidlərinin ailələri, faciədə əlil olmuş şəxslər, müəllimlər iştirak edirdi. İlk öncə şəhidlərin ruhu bir dəqiqəlik sükütla anıldı. Daha sonra rayon mədəniyyət şöbəsinin əməkdaşları tərəfindən səhnələşdirilmiş kompozisya təqdim olundu. Mərasim rayon ictimaiyyətinin nümayəndələrinin "Şəhidlər" abidə kompleksi önünə tər çiçəklər düzməsi ilə yekunlaşdı.
Allah Bütün Şəhidlərimizə Rəhmət Eləsin!