Abşeronda şəhid Səxavət Abbasovun əziz xatirəsinə şahmat turniri keçirilib. Turnirə Azərbaycanın tanınmış şahmatçılarından Şəhriyar Məmməyarov və eləcə də gənc şahmatçılar qatılıb.
Xıralandakı Heydər Əliyev Mərkəzində baş tutan açılış mərasimində Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova, Abşeron rayon İdman və Gənclər idarəsinin rəisi Əsgər Əmrəliyev və KİV nümayənələri iştirak edib.
Əvvəlcə vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Sonra RİH başçısı İ.Gülməmmədova Azərbaycanın Vətən Müharibəsində qazandığı qələbədən, əsgərlərimizin şücaətindən danışıb. O bildirib ki, Azərbaycan Respublikasının Prezidenti, müzəffər Ali Baş Komandan İlham Əliyevin uzaqgörən siyasəti, qətiyyəti və düzgün qərarları sayəsinə 30 illik vətən həsrətinə son qoyuldu. Şəhidlərimizin, qazilərimizin və bütünlükdə ordumuzun döyüş əzmi, qəhrəmanlığı qarşısında düşmən duruş gətirə bilmədiyini, ağ bayraq qaldıraraq kapiltulyasiya aktına imza atdığını deyən başçı bqeyd edib ki, bununla da Azərbaycan xalqı bütün dünyada müzəffər xalq kimi tanındı. Vətənimizin bütövlüyü uğrunda canını fəda edən şəhidlərimizin xatirəsinin əbədiləşdirilməsi istiqamətində Abşeron rayonunda görülən işlərdən ətraflı danışan İ.Gülməmmədova deyib ki, bu tədbirin də əsas məqsədi şəhidlərimizin əziz xatirəsini uca tutmaqdır.
Daha sonra beynəlxalq turnirlərin qalibi, gənc şahmatçı Ümid Aslanovun atası Fuad Aslanov və dünyaca məşhur şahmatçı Şəhriyar Məmmədyarov və şəhid Səxavət Abbasovun atası Rizvan Abbasov çıxış edərək turnirdəki iştirakçılara uğurlar arzulayıb.
Bundan sonra turnirə start verilib. Qeyd edək ki, yariş çərçivəsində 10 şahmatçı öz gücünü yoxlayacaq.