Abşeron rayonunun Məmmədli kəndində növbəti ağacəkmə aksiyası təşkil olunub. Əhali arasında ekoloji maarifləndirmə məqsədi daşıyan aksiyada kəndin daxili və magistral avtomobil yollarının ətrafı təmizlənib, abadlıq işləri aparılıb.
Abşeron Rayon İcra Hakimiyyəti və kənd bələdiyyəsinin təşkilatçılığı ilə keçirilən aksiyada rayon rəhbərliyi, fəal gənclər və kənd sakinləri iştirak ediblər. Yolların kənarlarında 3 min ədəd həmişəyaşıl ağac və xan çinarları əkilib. Əkilən ağaclara üzvi gübrə verilərək suvarılıb.
Rayon ərazisində yeni ağacların əkilməsi istiqamətində görülən işlərin bundan sonra da diqqət mərkəzində saxlanılacağını qeyd edən rayon icra hakimiyyətinin başçısı İradə Gülməmmədova bildirib ki, ağacəkmə aksiyalarının keçirilməsində əsas məqsəd əhali arasında ekoloji maarifləndirmə aparmaq, ərazidə yaşıllıq zolaqlarının sayının artırılması, ətraf mühitin sağlamlaşdırılması, avtomobil yollarının estetik görünüşünün yaxşılaşdırılmasını təmin etməkdir.