Türkiyənin Azərbaycandakı səfiri İsmayıl Alper Coşkun Abşeron rayonunun Masazır qəsəbəsi ərazisində məcburi köçkünlər üçün salınan məhəllədə məskunlaşan məcburi köçkünlərlə görüşüb, onların həyat şəraiti ilə yerində tanış olub. Qonaq əvvəlcə məhəllədəki 33 nömrəli orta məktəbdə şagirdlərin təhsil almaları üçün yaradılan şəraitlə maraqlanıb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov səfirə məcburi köçkün ailələri üçün salınan məhəllə haqqında məlumat verib. O, Azərbaycanın dilbər guşələrindən olan Zəngilanın ermənilər tərəfindən işğal edilməsindən, dövlətin qaçqın və məcburi köçkünlərə göstərdiyi diqqət və qayğıdan danışıb.Məlumat verildi ki, 540 şagird yerlik məktəbdə yüksək təhsil üçün hər cür şərait yaradılıb. Səfir İsmayıl Alper Coşkun məktəbin kompyuter otağına baxdı, tədris prosesi və ərazidəki Zəngilan rayonunun Tarix-Diyarşünaslıq Muzeyinin eksponatları ilə tanış oldu, muzeyin xatirə kitabına ürək sözlərini yazıb.Sonra diplomat məhəllədə tikilən 280 yerlik uşaq bağçası ilə də tanış olub.Bağça balacaların təlim-tərbiyəsi üçün zəruri avadanlıqla təchiz edilib. Türkiyənin Azərbaycandakı səfiri burada balacaların ifasında rəqslərə baxdı.O,məhəllədəki məcburi köçkün ailələrinin yaşayış şəraiti ilə də maraqlandı və Zəngilan rayonundan məcburi köçkün Ərşad Piriyevin mənzilində yaradılan şəraitlə də tanış olub. Ev sahibi məhəllədə məcburi köçkünlər üçün yaradılan yüksək şəraitdən danışıb,ən böyük arzularının doğma yurdlarına qayıtmaq olduğunu diqqətə çatdırıb.Qaçqın və məcburi köçkün probleminin hələ də davam etməsindən təəssüfləndiyini bildirən diplomat məcburi köçkünlərin həyat şəraiti ilə tanış olmağın onun üçün mühüm önəm kəsb etdiyini diqqətə çatdırıb.
Qeyd edək ki, Masazır qəsəbəsindəki məhəllədə 760 məcburi köçkün ailəsi məskunlaşıb