Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bədən Tərbiyəsi və İdman Günü”nün təsis edilməsi haqqında 2005-ci il 4 mart tarixində imzaladığı Sərəncama əsasən, hər il martın 5-i ölkəmizdə, o cümlədən Abşeronumuzda da “Bədən Tərbiyəsi və İdman Günü” kimi qeyd olunur. Bu günlə əlaqədar olaraq rayonun Gənclər və İdman İdarəsinin tədbirlər planına uyğun olaraq martın 1-dən etibarən Abşeron rayonunda bir sıra idman yarışları kecirilib.
Yeniyetmə və gənclər arasında idmanın vleybol, baksetbol, karete, cüdo və boks növləri üzrə baş tutan rayon birinciliyi 5 gün davam edib, ümumilikdə Abşeronun 500-dən çox qız və oğlan idmançısı iştirak ediblər.
Sonda qalib komandalar və idmançılar rayon Gənclər və İdman İdarəsinin diplom və medalları ilə təltif olunublar.
Absheronxeber.az-a müsahibə verən rayon Gənclər və İdman İdarəsinin rəisi Əsgər Əmirəliyev bildirib ki, bu gün rayonumuzda gənclərin idmana cəlbi, onlara sağlam həyat tərzinin aşılanması işləri rayon rəhbərliyinin diqqət mərkəzində saxlanılır. Bu işlərin davamlı həyata keçirilməsi və yaradılan müasir idman mühiti gənclərin bədən tərbiyəsi və idmana olan marağını artırır, idman klublarının və federasiyaların heyəti ilbəil genişlənir. Abşeronda, ümumilikdə 30 min nəfərə yaxın yeniyetmə və gənc fəal şəkildə idmanla məşğul olur. Onların respublika və beynəlxalq miqyaslı yarışlarda iştirakı təmin edilir. Bütün bunların nəticəsidir ki, yeni idmançılar nəsli yetişir, müxtəlif idman növləri üzrə uğurların sayı daha da artır.
Şamo Əliyev