Tbilisinin Mtasminda parkında “Çay və bal festivalı” keçirilir.
Festivalda Azərbaycan, Gürcüstan, Türkiyə, İran və digər ölkələrin şirkətləri çay, bal və şirniyyat məhsullarını nümayiş etdirir, satışını həyata keçirirlər.
“Azərsun Holding”in Gürcüstan nümayəndəliyi olan DAPNA şirkəti bu festivalda “Azərçay”, “Xəzərçay”, “Berqa”, “Beta”, “Məryəm” və ümumiyyətlə 15 çeşiddə Azərbaycan çayını sərgiləyib. Festivala gələnlər Azərbaycan çayının dadına baxır, bəyənir və alıb aparırlar.
DAPNA-nın marketinq üzrə meneceri Zaur Bayramov bildirib ki, bu festivalda Azərbaycan çayına böyük maraq var. Növbəti festivalda DAPNA daha çox çeşidlə iştirak edəcək və məhsullarımızın satışını da təşkil edəcək.
“Azərbaycan məhsullarına Gürcüstanda böyük maraq və tələbat var. Bu məhsulların sırasında Azərbaycan çayının xüsusi yeri var”. Bu sözləri isə jurnalistlərə müsahibəsində “Qafqaz Xalqları Konfederasiyası”nın sədri Zaal Kasrelişvili söyləyib.
O deyib ki, Tbilisidə keçirilən “Çay və bal festivalı”nda bir çox ölkənin, o cümlədən Azərbaycanın istehsal etdiyi məhsullar nümayiş etdirilir. Burada sərgilənən Azərbaycan çayı iştirakçılar tərəfindən xüsusi maraqla qarşılanır. Bəzi qonaqlar ilk dəfədir ki, samovar çayı içirlər. Onlar Azərbaycan çayının dadına valeh olublar.
Konfederasiya sədri deyib: “Biz çayı çox xoşlayırıq. Mən hərdən Marneuli rayonuna gedirəm və orada Azərbaycan mətbəxinin ləziz yeməyi olan yarpaq xəngəli yeyib, samovar çayı içirəm. Azərbaycanlı dostlarım da mənə tez-tez çay göndərir. İstərdim ki, Gürcüstanda Azərbaycan məhsullarının çeşidləri və həcmi artsın”.