Xırdalan şəhərinin elektrik təchizatının yaxşılaşdırılması üçün 2 ədəd 35 kilovoltluq yarımstansiya inşa edilib və mövcud 35 kilovoltluq elektrik şəbəkəsi ilə əlaqələndirilib.
Bu barədə “Azərişıq” ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev deyib.
O bildirib ki, ölkə üzrə elektrik enerjisi şəbəkəsinin fəaliyyətini yaxşılaşdırmaq istiqamətində işlər davam etdirilir: “Xırdalan şəhərinin və ətraf qəsəbələrinin dinamik sosial-iqtisadi inkişafına uyğun olaraq kommunal xidmətlərin səviyyəsinin yüksəldilməsi, ərazidə yeni inşa edilən çoxsaylı sosial infrastrukturların, o cümlədən əhalinin fasiləsiz və dayanıqlı enerji təchizatının təmin olunması məqsədilə yeni güc mənbələrinin inşa edilməsi, istismar müddəti keçmiş transformator məntəqələrinin, komplekt transformator məntəqələrinin, elektrik verilişi xətlərinin və digər elektrik qurğularının yenisi ilə əvəz olunması istiqamətində “Azərişıq” ASC tərəfindən irihəcmli işlər həyata keçirilir. ASC tərəfindən yeni inşa edilən 110 kilovoltluq “Xırdalan” yarımstansiyasının ərazisində 35/10 kilovoltluq yarımstansiyası inşa edilərək şəbəkəyə qoşulub. 220/110/10 kilovoltluq “Xırdalan” yarımstansiyasından elektrik enerjisi ilə təmin olunan 10 kilovoltluq kabel xətlərinin yeni 35 kilovoltluq yarımstansiyasına köçürülməsi işləri davam etdirilməkdədir. Masazır, 28 May, Pirəküşkül, Qobu, Hökməli qəsəbələrində, Atyalı, Quşçuluq və digər ərazilərin elektrik təchizatında olan problemlərin aradan qaldırılması üçün “Azərişıq” tərəfindən bir sıra texniki tədbirlər həyata keçirilir”.
Qeyd olunan yaşayış məntəqələrində 35/10/6 və 0,4 kilovoltluq elektrik veriliş xətlərində, yarımstansiya və transformator məntəqələrində yenidənqurma və təmir işləri aparılır, elektrik enerjisinə artan tələbatın qarşılanması üçün müxtəlif gücdə komplekt transformator məntəqələri quraşdırılır.