Novruzun öz qədəmlərilə yurdumuza ayaq basmasına artıq bir neçə gün qalıb. Baharın gəlişi ölkəmizin hər yerində olduğu kimi, rayonumuzda da böyük çoşğu ilə qeyd edilir. Bu münasibətlə məktəblərdə Novruz şənlikləri təşkil olunur ki, belə şənliklərdən biri də 2 nömrəli tam orta məktəbdə baş tutub.
Ədalət Camalova- 2 nömrəli tam orta məktəbin direktoru:“Yurdumuza bahar gəlir. Bu münasibətlə Xırdalan şəhəri 2 nömərli tam orta məktəbdə böyük bir Novruz şənliyi hazırlamışıq. Bu münasibətlə bütün şagirdlərimiz, valideynlərimiz, müəllimlərimiz ciddi əziyyət çəkiblər. Bu münasibətlə bütün xalqımızı təbrik edirəm. Bütün Azərbaycan xalqını təbrik edirəm.”
Tədbirə məktəbin direktoru Ədalət Camalovanın çıxışı ilə başlanıldı. Şagirdlərin hazırladığı səhnəciklər izləyənlərin böyük marağına səbəb oldu. Tədbir əsnasında bayram atributlarına, qədim sənət növlərinə, idmana xüsusi diqqət çəkilirdi. Bayram şənliyi şagirdlərin birlik və bərabərlik rəmzi olan yallı rəqsini ifa etmələri ilə daha da canlandı. Təbii ki, Novruz bayramı “Kosa” və “Keçəl”siz olmaz. Onlar gəlib, öz oyunları ilə baharın gəlişini bayram etmək istəyirdilər. Amma bahar oğurlanmışdı. Şagirdlər öz rəngarəng çıxışları ilə baharı qaytarmağa çalışdılar. Bu çıxışlar sırasında Novruz bayramının ən zərif atributlarından olan Səməni rəqsi, Azərbaycanın milli oyun havalarından olan İnnabı rəqsi, Nazeləmə, Cücələrim və bir sıra başqa rəqslər də var idi. Eyni zamanda şagirdlər çərşənbələr haqda məlumatlar verib, onların qədim köklərindən, mahiyyətindən danışdılar. Baharı xilas etmək isə Novruzla Məlikməmmədin öhdəsinə düşdü. Onlar baharı xilas edib, gətirdikdən sonra, tonqal qalandı və şagirdlər onun ətrafına toplaşaraq yallı getdilər. Novruzun gözəlliyi onun insanları bir araya toplaması, küsülülərin barışması, sevincin, sevginin, dostluğun ən gözəl şəkildə yaşadılmasıdır. Bəlkə elə buna görədir ki, bu bayram hər il böyük çoşğu ilə, təmtəraqla və sevilərək qeyd olunur.