Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə Tokio prefekturasının qubernatoru xanım Yuriko Koiko ilə görüşüb.
Görüşdə diplomat ölkəmizin zəngin tarixinə nəzər salaraq, Azərbaycan Demokratik Respublikasının 1918-1920 illərdə müsəlman dünyasında ilk demokratik dövlət
olduğunu bildirib. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinin qeyd olunduğunu qubernatorun nəzərinə çatdırıb. Qeyd edib ki, 1991-ci
ildə Azərbaycan müstəqilliyin bərpasından sonra çətin vəziyyətlə qarşılaşıb, torpaqlarımız Ermənistan tərəfindən təcavüzə məruz qalıb. Buna baxmayaraq Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə müstəqilliyinin 27 illində mühüm nailiyyətlər qazanılıb.
Ölkə rəhbərliyinin uğurlu daxili və xarici siyasəti, respublikamızda keçirilən mötəbər tədbirlər, o cümlədən idman yarışları haqqında qubernatora ətraflı məlumat verilib.
Yaponiyanın Azərbaycan üçün Asiya regionunda çox vacib ölkə olduğunu vurğulayan diplomatımız ölkəmizin gündoğan ölkə ilə hərtərəfli əməkdaşlığa böyük əhəmiyyət
verdiyini, Azərbaycan - Yaponiya münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edib. İki ölkə arasında əməkdaşlığın xüsusən iqtisadi cəhətdən genişləndirilməsinin
vacibliyini bildirib və bu istiqamətdə yüksək potensialın mövcud olduğunu vurğulayıb. Həmçinin qeyd edib ki, son illər Azərbaycan ilə Yaponiya arasında regionlararası
əməkdaşlıq genişlənir və bu da ikitərəfli münasibətlərin inkişafına öz töhfəsini verməkdədir. Bu baxımdan Bakı və Tokio arasında əməkdaşlığın qurulmasının hər iki
tərəf üçün faydalı olacağı vurğulanıb.
Öz növbəsində Y.Koiko verilən məlumatlara görə minnətdarlığını ifadə edib və Yaponiyanın Azərbaycan ilə münasibətlərə xüsusi önəm verdiyini vurğulayıb. O, Yaponiya
parlamentinin deputatı kimi uzun müddət Azərbaycan-Yaponiya parlamentlərarası dostluq qrupunun üzvü olduğunu xatırladaraq, ölkəmizlə bağlı xoş təəssüratlarını
bölüşüb və Azərbaycana səfər etmək arzusunda olduğunu bildirib.
Qubernatora ölkəmizdə baş tutan yüksək səviyyəli beynəlxalq tədbirlər, idman yarışları, o cümlədən Birinci Avropa Oyunları, Formula-1 Azərbaycan Qran Prisi, İslam
Həmrəyliyi Oyunları haqqında da məlumat verilib.
Görüşdə 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya və Paralimpiya oyunları ilə bağlı da müzakirələr aparılıb.