Abşeronda şəhidlərimizin ruhu daim əziz tutulur, doğmalarına, yaxınlarına diqqət və qayğı göstərilir. Rayon icra hakimiyyətinin rəhbərliyi şəhid ailələrinin qarşılaşdıqları problemlərin həlli istiqamətində müxtəlif tədbirlər həyata keçirir. Rayonda müxtəlif bayramlarda olduğu kimi, Novruz günlərində də şəhid ailələri unudulmayıb. Belə ki, Abşeron rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə Xırdalan şəhər 8 nömrəli tam orta məktəbin kollektivi Novruz bayramı ərəfəsində Xırdalan şəhərində şəhid ailələri, müharibə veteranları və əlilləri üçün inşa edilmiş binada məskunlaşmış bir qrup şəhid ailəsi, müharibə veteranı və əlilləri ailələrinə baş çəkərək onları bayram münasibətilə təbrik edib, bayram sovqatı veriblər.
Şəhid və əlil ailələrinin məskunlaşdığı binanın həyətində düzənlənmiş bayram şənliyində çıxış edən məktəbin direktoru Xatirə Şabanova bu kateqoriyadan olan ailələrin daima dövlətimizin diqqətində olduğunu vurğulayaraq qeyd edib ki: ” Dövlətimiz hər zaman öz vətəndaşının rifah halını yaxşılaşdırmaq üçün xüsusi tədbirlər görür. Bu, təkcə bir sahəyə aid deyil, ümumilikdə, vətəndaşların həyat səviyyəsinin yaxşılaşdırılması dövlətimizin diqqət mərkəzindədir. Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələrinə göstərilən qayğı da xüsusi olaraq təqdirəlayiqdir. Cənab Prezidentin imzaladığı Sərəncam və Fərmanlar bu sahəyə göstərilən diqqətin bariz nümunəsidir. Bu gün bura gəlməkdə məqsədimiz şəhid olmuş, sağlamlıqlarını itirərək əlil olan soydaşlarımızın ailələrinə baş çəkmək xalqımızın əziz bayramı olan Novruz bayramı münasibətilə təbrik etməkdir. Belə əziz bir gün də Sizlərlə birlikdə bayram sevinci yaşamaq bizim üçün fəxrdir. Qeyd etməyi özümə borc bilirəm ki, İradə Gülməmmədova Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin olunduqdan sonra bu diqqət və qayğı daha da artıbdır.
Abşeron rayon ağsaqqallar şurasının sədri Nadir Ağayev çıxışında tədbir iştirakçılarını Novruz bayramının gəlişi münasibəti ilə təbrik edərək, şənliyin keçirilməsində əməyi olan məktəbin pedoqoji kollektivinə dərin təşəkkürünü bildirib. N.Ağayev qeyd edib ki, Novruz xalqımız üçün birlik, bərabərlik bayramıdır. Bu bayramda hamı sevdikləri ilə bir yerdə olmaq istəyir. Azərbaycan torpaqları uğrunda canından keçməyə hazır olan, müharibənin ağrısını acısını yaşayan, cəbhədə vuruşaraq sağlamlığını qurban verən qazilərimizlə bir yerdə olmaq bizə qürur hissi yaşatdı.
Sonra müharibə əlilləri və şəhid ailələri çıxış edərək hər zaman onlara diqqət və qayğı göstərdiyinə, problemləri ilə yaxından məşğul olduğuna görə rayon rəhbərliyinə öz dərin minnətdarlıqlarını bildiriblər.
Bayarm şənliyində şagirdlərin ifasında səslənən xalq musiqiləri, milli rəqslərimiz tədbirə xüsusi rəng qatıb.Milli paltar geymiş şagirdlər bayram tonqalını yandırıblar.
Tədbirin sonunda məktəb kollektivi və binanın sakinləri tonqal ətrafında “Yallı” gedərək birlik rəmzini nümayiş etdiriblər.
Şamo Əliyev