Martın 13-də Abşeron rayonunun Mehdiabad qəsəbəsində ilaxır çərşənbələrin üçüncüsü - Yel çərşənbəsi qədim adət-ənənələrə uyğun qeyd olunub. Xalqımızın ən əziz bayramlarından olan Novruz bayramı ilə əlaqədar Abşeron rayonu Mehdiabad qəsəbəsindəki Mədəniyyət Evində şənlik keçirilib.
Qəsəbə icra nümayəndəliyinin və Mehdiabad Uşaq Musiqi məktəbinin təşkilatçılğı ilə baş tutan tədbirdə ictimaiyyət nümayəndələri, bələdiyyə üzvləri, ağsaqqallar, 1, 2 ,3 və 4 saylı orta məktəblərin kollektivləri iştirak edib.
Bayram şənliyini Abşeron RİH-nin Mehdiabad qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Bayram İbrahimov açaraq qəsəbə sakinlərini və qonaqları bayram münasibəti ilə təbrik edib.
Bayram tədbirində rayon mədəniyyət evinin və Mehdiabad Uşaq Musiqi məktəbinin rəqs kollektivlərinin, musiqiçilərin, meyxana ustalarının, Novruz bayramının əsas personajları Kosa və Keçəlin çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb. Novruz şənliyində milli adət-ənənələrimizi əks elətdirən sənətkarlıq nümunələri, şirniyyat növləri nümayiş olunub.
Tədbirin sonunda ənənəvi Novruz tonqalı alovlandırılıb.
Şamo Əliyev