“Azərbaycan və Rusiya Prezidentlərinin son illərdə qarşılıqlı səfərlərində əldə olunan sosial-iqtisadi, strateji, ilk növbədə, hərbi-texniki sahədə razılaşmalar nəticəsində iki ölkə arasında mövcud inteqrasiya prosesləri getdikcə inkişaf edib”.
Onun sözlərinə görə, Rusiya–Azərbaycan münasibətlərində iqtisadi əməkdaşlıq xüsusilə diqqət çəkir: “Hazırda iki ölkə arasında ticarət dövriyyəsinin 2,5 milyard dollara çatması, Azərbaycanda Rusiya kapitallı 760 şirkətin fəaliyyət göstərməsi, respublikamızın Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox, Rusiyanın isə Azərbaycan iqtisadiyyatına 4 milyard dollardan artıq investisiya yatırması bunun bariz ifadəsidir. Rusiya ilə Azərbaycan arasında aqrar sektorda da əməkdaşlıq ilbəil genişlənir, hər iki ölkəni kənd təsərrüfatında qarşılıqlı maraqlar birləşdirir. Məhz buna görə də Azərbaycan Rusiya ilə sözügedən sahədə birgə layihələrin reallaşdırılmasına, innovasiyaların tətbiqinə mühüm önəm verir.
Aqrar sektorda göstəricilər də sevindiricidir. Şimal–Cənub nəqliyyat dəhlizində qarşılıqlı iqtisadi fəaliyyət də çox uğurla inkişaf edir. Bu məsələdə Azərbaycan mühüm rol oynayır, Rusiya isə şimala çıxışını təmin edir. Keçən il bu dəhliz üzrə yük axını 1700 ton olduğu halda, cari ilin yeddi ayı ərzində yük axını artaraq 170 min tona çatıb, yəni yüz dəfə artıb. Azərbaycan–Rusiya münasibətlərində humanitar sahədə əməkdaşlığın möhkəmlənməsi də xüsusi yer tutur. Belə ki, Azərbaycanda rus dilində təhsilə dövlət səviyyəsində diqqət yetirilir. Ölkəmizdə 120 mindən çox şagirdin oxuduğu 342 orta məktəbdə tədris, həm də rus dilində aparılır, 16 məktəbdə isə tədris yalnız rus dilindədir. Ali məktəblərdə 150 ixtisasdan 105-i rus dilində tədris olunur, 20 min tələbə təhsilini rus dilində alır. Rusiyanın təhsil müəssisələrində də Azərbaycan dili və ədəbiyyatı fənni tədris olunur. Bundan əlavə, 2005-ci ildən Moskva Dövlət Linqvistik Universitetində Azərbaycan dili mərkəzi fəaliyyət göstərir. Bakıda Lomonosov adına Moskva Dövlət Universitetinin, Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin filialları açılıb. Yuxarıda qeyd edilənlər Azərbaycan ilə Rusiya arasında çoxillik dostluq və strateji müttəfiqlik münasibətlərinin bu gün dinamik inkişafından xəbər verir”.