22 aprel 2019-cu il tarixdə rayon rəhbərinin tapşırığına əsasən Şəhid Əzimov Rəhim Mirzəbala oğlunun ildönümü münasibəti ilə Abşeron Rayon İcra Hakimiyyəti və Saray Bələdiyyəsinin əməkdaşlarının iştiraki ilə Şəhid ailəsinin evinə ziyarət təşkil olunub .
Saray Bələdiyyəsinin sədri Natiq Tahirov çıxışında Şəhidin ata-anası və yaxınları ilə Şəhid barəsində, onun göstərdiyi qəhrəmanlıq və fədəkarlıqdan, Qarabağ müharibəsi zamanı baş verən hadisələrdən geniş söhbət açıb . Qeyd edilib ki, Azərbaycan Xalqının öz Şəhidlərini hər zaman böyük hörmətlə yad edir , onların döyüş zamanı göstərdiyi şücaət və qəhrəmanlıq gənclərimiz və ümumilikdə hər kəs üçün igidlik, vətənpərvərlik örnəyidir.
Şəhid ailələrinə göstərilən diqqət və qayğıdan, Prezident İlham Əliyevin tapşırıq və göstərişləri ilə bu istiqamətdə həyata keçirilən tədbirlərdən danışan RİH rəsmisi V.Bəşirov bildirib ki, respublikamızın hər yerində olduğu kimi, Abşeron rayonunda da torpaqlarımızın bütövlüyü uğrunda şəhid və əlil olmuş insanların ailə üzvləri qayğı ilə əhatə edilmiş, onların problemlərinin həlli istiqamətində xeyli iş görülmüşdür.
Şəhidin atası Mirzəbala Əzimov və şəhidin anası Zeynəb Əzizova şəhidlərə və şəhid ailələrinə gösrərdiyi diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına ailələri adından öz dərin minnətdarlıqlarını bildirib, Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovaya təşəkkürünü çatdırıblar.
Rayon rəhbərliyi adından Şəhidin ailəsinə ərzaq yardımı göstərilib.
Şəhidin məzarı ziyarət olunduqdan sonra ruhuna dualar oxunub. Mərasim iştirakçıları şəhidin məzarı üstünə tər qərənfillər qoyaraq əziz xatirəsini yad ediblər.
Məlumat üçün bildirək ki, Şəhid Əzimov Rəhim Mirzəbala oğlu1976-ci il noyabrın ayının 7-də Abşeron rayonunun Saray qəsəbəsində anadan olub. Öz doğma kəndində təhsil alan, böyüyüb boya-başa çatan Rəhim vətəni qorumaq üçün könüllü olaraq ordu sıralarına yazılmışdır. Şəhidimiz Beyləqan istiqamətində vuruşaraq ermənilərin hücumunu böyük fədakarlıq və qəhrəmanlıqla dəf edənlər sırasında olmuşdur. 1996-cı il aprelin 22-də Beyləqan rayonunda gedən döyüşdə şəhid olub.
Allahdan bütün şəhidlərimizə rəhmət diləyirik.