Azərbaycan xalqının qan yaddaşına əbədi həkk olunmuş 20 Yanvar hadisələrindən 30 il ötür. Müasir Azərbaycan tarixinin ən faciəli, eyni zamanda, xalqımızın azadlıq mübarizəsinin ən şanlı səhifələrindən olan 20 Yanvar faciəsinin ildönümü Abşeron rayonunda da xalqımızın qəhrəmanlıq salnaməsi, milli qürur günü kimi qeyd olunur.
Abşeron rayon İcra Hakimiyyətinin və Rayon Təhsil Şöbəsinin birgə təşkilatçılığı ilə keçirilən silsilə tədbirlər çərcivəsində növbəti tədbir Xırdalan şəhərindəki 2 nömrəli tam orta məktəbdə bir neçə şəhər məktəbinin iştirakı ilə keçirilib.
Anım tədbirinin iştirakçıları əvvəlcə foyedə məktəblilərin “Qanlı Yanvar” mövzusunda çəkdikləri rəsm əsərlərindən ibarət sərgi ilə tanış olublar.
Abşeron RİH-nin nümayəndələrinin, RTŞ-nın əməkdaşlarının və Xırdalan məktəblilərinin iştirak etdikləri tədbirdə əvvələcə 20 Yanvar hadisələrini təcəssüm etdirən videoçarx nümayiş etdirilib. Sonra dövlət himni səsləndirilib, 20 yanvar şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə çıxış edən Abşeron RİH-nin əməkdaşı Hafiz Mikayılov, Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin direktoru Ədalət Camalova və digərləri 20 Yanvarın müasir Azərbaycan tarixində xalqımızın azadlıq mübarizəsi və qəhrəmanlıq salnaməsinin ən parlaq səhifələrindən biri kimi böyük əhəmiyyət daşıdığını bildiriblər. Faciənin günahkarlarının üzə çıxarılmasında, bu qanlı hadisələrə hüquqi-siyasi qiymət verilməsində, şəhidlərin adının əbədiləşdirilməsində ümummilli lider Heydər Əliyevin xidmətləri xüsusi vurğulanıb. Qeyd olunub ki, hazırda bu siyasi xətt Prezident İlham Əliyev tərəfindən davam etdirilir, 20 Yanvar şəhidlərinin ailə üzvlərinə, faciə zamanı əlil olanlara dövlətimiz tərəfindən xüsusi diqqət və qayğı göstərilir.
Tədbirdə 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunan ədəbi-bədii kompozisiya nümayiş etdirilib.