Ə.İbrahimov adına Qobu qəsəbə 2 nömrəli tam orta məktəbində şəhid Ənvər İbrahimovun 60 illik yubileyi qeyd edilib. Azərbaycan Vətən Müharibəsi veteranları İctimai Birliyinin (İB) və Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin birgə təşkilatçılığı ilə baş tutan anım tədbirində İB-nin nümayəndələri, məktəbin pedeqoji kollektivi, , İcra Hakimiyyəti başçısının qəsəbə üzrə nümayəndəsi, qəsəbə bələdiyyəsinin sədri, şəhidin sinif yoldaşları və ailə üzvləri iştirak edib. Tədbirin keçirilməsində məqsəd vətən torpaqlarının azadlığı uğrunda canlarından keçmiş şəhidlərimizi ehtiramla yad etmək və şagirdlərin vətənpərvərlik ruhunda tərbiyə olunmasıdır. Əvvəlcə iştirakçılar şəhidin məktəbdə ki büstünü ziyarət edib, önünə əklil və tər güllər düzüblər. Dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Daha sonra isə məktəb şagirdlərinin hazırladıqları ədəbi-bədii kompozisiyalar nümayiş etdirilib.
Azərbaycan Vətən Müharibəsi veteranları İB-nin Abşeron şöbəsinin sədr müavini , Qəsəbə 2 nömrəli tam orta məktəbinin hərbi rəhbəri Məhəbbət Qasımov , iştirakçıları qobulular adından salamlayıb və bu kimi tədbirləri xüsusilə gənclərin hərbi vətənpərvərlik tərbiyəsində mühüm rol oynadığını qeyd edib.
Tədbirdə məktəb rəhbərliyi, şagirdlər, qəsəbə ağsaqqalları və şəhidin ailə üzvləri çıxış edərək bildiriblər ki, qobulular tarixin bütün mərhələlərində Vətənə, xalqa, dövlətə sədaqət nümayiş etdirib, vətən uğrunda canlarını və qanlarını belə əsirgəməyiblər. Qeyd edilib ki, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qobu kəndindən 400 nəfərdən çox döyüşçü iştirak edib və onların yarıdan çoxu geri qayıtmayıb. Əfqanıstanda beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan əsgərlərin və 20 yanvar şəhidlərinin sıralarında da Qobu qəsəbəsindən olan igidlər var. Qarabağ uğrunda döyüşlərin başlandığı ilk günlərdən qobulular da könüllü cəbhəyə yollanıb, onlardan 21 nəfəri şəhidlik zirvəsinə ucalıb. Bu gün də qəsəbənin hər bir sakini Ənvər İbrahimov kimi oğullarımızla qürur hissi keçirir .
Vurğulanıb ki, Ə. İbrahimov Əfqanıstanda gedən döyüşlərdə vətənimizi layiqli övlad olaraq təmsil edib və qəhrəmancasına şəhid olub. Yaşasaydı bu gün 60 yaşı tamam olacaqdı. Hazırda Qobu qəsəbə 2 nömrəli tam orta məktəb şəhid Ənvər İbrahimovun adını daşıyır.
Tədbirdə şəhid ailələrinə göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidentinə minnətdarlıq ifadə olunub.
Yazar : Ə.İbrahimov adına Qobu qəsəbə 2 nömrəli tam orta məktəbin müəllimi Günel İbişova