Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına uyğun olaraq artıq beşinçi ildir təşkil edilən əhalinin pulsuz tibbi müayinədən keçirilməsi aksiyası Abşeron rayonunda uğurlu həllini tapır. Tibbi müayinənin yüksək səviyyədə keçirilməsini təmin etmək üçün Abşeron Rayon İcra Hakimiyyəti başçısının müvafiq sərəncamı ilə xüsusi komissiya yaradılmış, işçi qrupu təsdiqlənmiş və qrafik hazırlanmışdır.
Aksiya xəstəliklərin erkən müəyyən olunması və vaxtında müalicəsi baxımından çox əhəmiyyətlidir. Sakinlər rayon mərkəzi xəstəxanasında, şəhər poliklinikasında,kənd və qəsəbələrdəki tibb məntəqələrində müayinə olunurlar. Bundan başqa yüksəkixtisaslı mütəxəssislərdən ibarət həkim briqadaları tərəfindən rayonun kənd və qəsəbələrində əhalinin tibbi müayinəsi həyata keçirilir.
Bundan əlavə, müxtəlif ixtisaslı həkimlərin cəlb olunduğu səyyar briqadalar xəstəxanalara getmək imkanı olmayan sakinlərə evlərdə xidmət göstərirlər.
Martın 2-də də aksiya çərçivəsində terapevt, mama-ginekoloq, kardioloq, pediatr və digər ixtisaslardan ibarət beş peşəkar həkim briqadası tibb müəssisələrinə gəlmək imkanı olmayan Xırdalan şəhərində yaşayan yaşlı sakinlərin müayinəsini evlərdə aparıblar. Aşkar edilən xəstəliklərlə əlaqədar sakinlərin bir qrupu stasionar və ambulator müalicəyə cəlb olunublar.
Müayinədən keçən şəhər sakinləri onların sağlamlıqlarının qeydinə qaldığı üçün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin təşəkkürlərini bildiriblər.
Şamo Əliyev