Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilmişdir
15:41, 02.04.13
Oxunub: 1 773
SİYASƏT
Aprelin 1-də Abşeron rayonunun Masazır qəsəbəsində 760 məcburi köçkün ailəsi üçün yeni salınmış məhəllə istifadəyə verilmişdir. Prezident İlham Əliyevə məlumat verən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bildirdi ki, qaçqınların və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması hər zaman Azərbaycan dövlətinin diqqət mərkəzində olmuşdur.
1993-cü ildən başlayaraq ulu öndər Heydər Əliyev bu istiqamətdə 81 Fərman və Sərəncam imzalamış, Nazirlər Kabineti 307 qərar vermiş, Milli Məclis 24 qanun qəbul etmişdir. 2003-2012-ci illərdə isə bu sahədə Prezident İlham Əliyev tərəfindən 49 Fərman və Sərəncam imzalanmışdır.
Ötən dövrdə iki Dövlət Proqramı və həmin Dövlət Proqramlarına edilən əlavələr təsdiq edilmiş və onlar uğurla icra olunmuşdur. 2001-2012-ci illərdə 31 min ailə və ya 140 min nəfərdən çox qaçqın və məcburi köçkün üçün 77 qəsəbə, çoxmərtəbəli binalardan ibarət məhəllə və fərdi evlər tikilmişdir. Bu dövrdə 134 məktəb, 5 musiqi məktəbi, 48 uşaq bağçası, 51 tibb müəssisəsi, iki Olimpiya İdman Kompleksi, 37 rabitə evi inşa olunmuş, minlərlə kilometr uzunluğunda su, elektrik və qaz xətləri çəkilmişdir. Həmçinin, 1348 ailə və ya 6740 məcburi köçkün Maliyyə Nazirliyi tərəfindən ayrılan vəsait hesabına dövlət ehtiyacları ilə əlaqədar Abşeron rayonunun ərazisində tikilmiş yeni mənzillərə köçürülmüşdür. Dövlət büdcəsində nəzərdə tutulan investisiya xərcləri vəsaiti hesabına Axısxa türkləri üçün 352 evin inşası başa çatdırılmışdır və bu layihə 2013-cü ildə də davam etdiriləcəkdir. Ümumilikdə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli məqsədilə 1993-2012-ci illərdə 5,4 milyard dollar vəsait xərclənmişdir.
2012-ci ildə Dövlət Neft Fondundan 300 milyon manat vəsait ayrılmışdır ki, bu da 2011-ci illə müqayisədə 2,2 dəfə, 2003-cü ilə nisbətən isə 15 dəfə çoxdur. 2013-cü ildə qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həllinə 590 milyon manat vəsaitin ayrılması nəzərdə tutulmuşdur. Dövlət Neft Fondundan ayrılacaq 300 milyon manat vəsait hesabına 4 min ailə, yəni, 20 min nəfər məcburi köçkün üçün ümumi sahəsi 260 min kvadratmetr olan, bütün zəruri sosial-texniki infrastruktur obyektləri ilə birlikdə 8 qəsəbə və məhəllə salınacaqdır.
Dövlətimizin başçısı əvvəlcə Zəngilan Rayon İcra Hakimiyyətinin yeni inzibati binasında yaradılan şəraitlə maraqlandı.
Ən müasir standartlar səviyyəsində inşa olunmuş üçmərtəbəli binanın foyesində ümummilli lider Heydər Əliyevin büstü qoyulmuşdur. Bundan başqa, foyedə ulu öndər Heydər Əliyevin qaçqın və məcburi köçkünlərə qayğısı və onlarla görüşlərini, eləcə də Zəngilanın işğaldan əvvəlki görüntülərini əks etdirən fotostend yaradılmışdır. İş otaqları ilə tanışlıq zamanı bildirildi ki, burada işçilərin rahat fəaliyyəti üçün hər cür şərait vardır. Üçüncü mərtəbədəki 50 nəfərlik akt zalında isə müxtəlif tədbirlər keçirmək mümkün olacaqdır. Baş Redaktor: Şamo Əliyev