Aprelin 24-də ABŞ Konqresinin Azərbaycan üzrə İşçi Qrupunun həmsədri Stiv Koen bəyanatla çıxış edib və ABŞ-ın “Etnik Anlaşma Fondu” tərəfindən aprelin 18-də Konqresdə Azərbaycan-İsrail münasibətlərinə həsr olunmuş tədbirin əhəmiyyətini vurğulayıb.
Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən məlumata görə, bəyanatda daha sonra, Azərbaycan Respublikasında fəal yəhudi icmasının yaşadığı və əhalinin çoxunun müsəlmanlardan ibarət olmasına baxmayaraq, Azərbaycanın İsrail ilə dost münasibətlər saxlayan ölkə olduğu bildirilib.
Sənəddə öz müstəqilliyini elan edəndən sonra Azərbaycan Respublikasının 1992-ci ildən etibarən ABŞ-la sıx diplomatik münasibətlər saxlaması, həmçinin, bu il müsəlman dünyasında ilk demokratik respublika olan ADR-in yaranmasının yüz illiyinin qeyd olunduğu vurğulanıb.