Fevralın 23-də Xırdalan şəhər 15 saylı körpələr evi – uşaq bağçasında Xocalı faciəsinin 25 -ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Tədbir iştirakçıları əvvəlcə torpaqlarımızın və ərazi bütövlüyümüzün qorunması yolunda canlarından keçmiş şəhidlərimizin, Xocalı faciəsi qurbanlarının ruhunu bir dəqiqəlik sükutla yad ediblər.
Sonra bağçanın müdiri Mətanət Novruzova giriş sözü söyləyib. O, Xocalı hadisələri haqqında məlumat verərək ermənilərin zaman-zaman Azərbaycan xalqının başına açdığı müsibətlərdən, 25 il əvvəl ermənilərin Xocalıda törətdikləri vəhşiliklərdən danışıb. XX əsrin sonunda baş vermiş Xocalı faciəsi təkcə Azərbaycan xalqına deyil, insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. M.Novruzova vurğulayıb ki, siyasi – hüquqi qiyməti Ümummilli Lider Heydər Əliyev tərəfindən verilmiş bu faciə haqqında əsl həqiqətlərin bütün dünyaya çatdırılması, dünya dövlətləri və beynəlxalq təşkilatlar tərəfindən faciənin soyqırımı kimi tanınması istiqamətində ölkə Prezidenti cənab İlham Əliyev uğurlu siyasət aparır. Bu siyasətin nəticəsində beynəlxalq miqyasda Xocalı soyqırımı haqqında obyektiv fikir formalaşır. Eyni zamanda, bu cür tədbirlərlə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başladılan “Xocalıya ədalət” beynəlxalq təşviqat kampaniyasına gənc nəslimizin dəstəyini bir daha ifadə etmiş oluruq.
Daha sonra çıxış edən Xocalı soyqırımının şahidi olmuş, "BATYA" kimi tanınan “Azərbaycan Bayrağı”ordenli, ehtiyatda olan polkovnik-leytenant Soltan Bəndəliyev bildirib ki, bu gün XX əsrin ən dəhşətli faciəsi olan Xocalı soyqırımının törədilməsindən 25 il ötür : “1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində baş verənlər Azərbaycan xalqının yaddaşından heç zaman silinməyəcək. Həmin gün insan qanına susamış erməni cəlladları bütün dünyanın gözü qarşısında Azərbaycanın bu qədim şəhərində soyqırımı törədib, heç bir günahı olmayan yüzlərlə dinc insanı qətlə yetiriblər”.
Çıxışlardan sonra bağçanın uşaqları Xocalı ilə əlaqədar səhnəciklər təqdim edib, şeirlər söyləyərək, müxtəlif ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər.
Şamo Əliyev