Zərif, kövrək və ülvi məqamlardan söz açmaq nə qədər xoş olsa da, bir o qədər məsuliyyətli və çətindir. Biz həmin məsuliyyəti Xırdalan şəhər 4 nömrəli tam orta məktəbin 1A sinifində keçirilən “Vətənimdir Anam Azərbaycanım” adlı bayram tədbiri haqqında informasiya hazırlayarkən bir daha hiss etdik. Çünki əvvəlcə nədən başlayacağımızı bilmirdik.
İstedadlı müəllim Mehparə Hacıyeva ötən ilin sentyabrından çəkdiyi zəhmətin nəticələrini görəndə yaşadığı sevinc hisslərindən başlayaqmı? Yoxsa oxuduğu nəğməni öz böyükləri də eşitsin deyə, tez-tez valideynlər oturan tərəfə boylanan Həqiqət İsmayılova adlı qızcığazın həyəcanından söz açaq? Bəlkə, öz ifasında nümayiş etdirdiyi “peşəkarlığı” bir qədər aralıda dayanmış müəlliminə də göstərmək üçün səsini kifayət qədər ucaldan, elə həyatın ilk mərhələsindən hər zaman ön sırada, nümunəvi olmağa çalışan biricilərin keçirdiyi qürur hissindən danışaq?
Hər halda, nədən başlasaq da, mövzu bir idi: nərimanovlu birincilər Əlifbanı öyrənmişdilər və ilk dərs ilinin “son zəng” sevincini Ana, Vətən, əsgər, məktəb, kitab haqqında şeirlər, mahnılarla qeyd edirdilər. Ömrünün yaşıdları, dostları, müəllimləri və valideynləri ilə birlikdə keçirilən ilk bayramında dövlət himnimizi oxuyanlar da xoşbəxt idilər, nağıl qəhrəmanlarının obrazını canlandıranlar da. Amma, deyəsən daha çox xoşbəxt olan bu körpə fidanların valideynləri, nənə-babaları idi. Çünki bu əziz günün sevincini birincilərlə birlikdə yaşamaq üçün məktəbə gəlmiş valideynlərin özləri də elə onlar qədər sevinirdilər.
Şerlər söyləndi, mahnılar oxundu, kiçik səhnəciklərlə öz məharətlərini göstərdilər, ən başlıcası, milli rəqslərimizlə yanaşı, dünya xalqlarının bir neçə rəqsini də ifa etdilər. Hər şey gözəl, maraqlı və bir-birindən baxımlı idi.
Məktəbin direktoru Zəminə Nuriyeva çıxış edərək birinciləri bu gün münasibətilə təbrik etdi. Birincilərə uğurlar arzuladı. Rayon təhsil şöbəsinin metodisti Nisə Rzayeva çıxış edərək məktəb rəhbərliyinə, müəllimlərə tədbirin təşkilinə görə öz minətdarlığı bildirdi.
Tədbiri xoş ovqatla yekunlaşdırdı: – Uşaqlar, siz bu gün artıq birinci siniflə vidalaşır, ikinci sinfə keçirsiniz. Sentyabrda məktəbə gələndə daha bir yaş böyümüş olacaqsınız. Hər birinizə uğurlar arzu edirəm. Tezliklə yenidən görüşəcəyik.
Şagirdlər müəllimlərini alqışladılar. Onlar həm birinci sinfi bitirdiklərinə, həm ikinci sinfə keçdiklərinə, həm də bir yaş böyüdüklərinə sevinirdilər. Elə valideynlər də böyük sevinc hissi keçirirdilər.