Rayon Mədəniyyət Mərkəzində Xırdalan şəhər 25 saylı körpələr evi- uşaq bağçası "Əlvida bağça, salam məktəb!” adlı buraxılış tədbiri keçirib.
Tədbirdə balaca fidanlar vətənə, müəllimə, ana dilimizə, təbiətə, sülhə həsr edilən şeirlər söyləyiblər.Bayram şənliyində həmçinin uşaqların iştirakı ilə hazırlanmış "O Olmasin Bu Olsun” filminin motivləri əsasında səhnəcik, "Nəlbəki”, "Yaylıqlar” və s. kimi rəqslər nümayiş etdirilib. "Anam mehribanım Azərbaycanım”, "Biz məktəbə hazırıq” və s. kimi mahnıların ifası tədbiri daha da maraqlı edib.
Tədbirdə çıxış edən valideynlər və müəllimlər bağça və uşaqlar ilə bağlı öz ürək sözlərini söyləyiblər.
Bağçanın direktoru Ofelya Mustafayeva çıxış edərək qürur hissi ilə bağçanın qazandığı uğurlardan danışıb. Direktorun çıxışından sonra uşaqlar müəllimlərinə hazırladıqları şeir parçalarını ifa edib və onlara gül dəstələri hədiyyə ediblər.
Tədbirdə çıxış edən Abşeron Rayon İcra Hakimiyyəti başçısı Aparatının Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyanın uşaqlarla iş üzrə məsləhətçi-psixoloqu Seymur Qasımov uşaqları məktəbə getmələri münasibəti ilə təbrik edib, onlara gələcək həyatda müvəffəqiyyətlər və ölkəmiz üçün layiqli övlad olmalarını arzulayıb. S.Qasımov ölkə rəhbərliyi tərəfindən respublikamızda təhsil sahəsində aparılan işlər və Abşeron rayonunda həyata keçirilən layihələr barədə ətraflı məlumat verib, bağçanın pedaqoji kollektivinə uğurlar arzulayıb.
Bayram tədbirində 2016-2017 tədris ilində 25 saylı körpələr evi uşaq bağçasında təhsil aldığı müddətdə təlimdə qazandığı uğurlara və qrupun tədbirlərində göstərdiyi fəallığa görə bir neçə uşaq tərifnamə ilə təltif olunublar.
Tədbirin sonunda balaca fidanlara fotolarından ibarət albom, hədiyyələr təqdim edilb və tort kəsilib.
Şamo Əliyev