Dövlət himninin ifa olunması ilə başlayan tədbirdə aparıcılar mərasim iştirakçılarını salamlayıb onbirinciləri məzun olmaları münasibəti ilə təbrik ediblər. Ümummilli liderimiz Heydər Əliyevin təhsilə, gənclərə göstərdiyi diqqət və qayğıdan danışan məktəbin direktoru Ədalət Camalova möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında ölkədə aparılan islahatları yüksək qiymətləndirərək məzunlara bu imkanlardan maksimum dərəcədə faydalanmağı tövsiyə edib. Ə.Camalova qeyd edib ki, tədris ilində 11-ci sinfi 186 şagird bitirib. Bunlardan 99 nəfəri Azərbaycan, 87 nəfəri isə rus bölməsindədir. Ali məktəbə qəbul imtahanının 1-ci mərhələsində məktəbin 6 şagirdi 600-dən çox bal toplayıb.
Sonra dərs ili boyu qazandığı uğurları və təlim-tərbiyə sahəsində yüksək göstəriciləri ilə fərqlənmiş şagird və müəllimlərə mükafat və diplomlar təqdim edilib.
Tədbirdə çıxış edən müəllimlər məzunlara enişli-yoxuşlu həyatda daim məğrur olmağı, vətənə, millətə sədaqətlə xidmət etməyi tövsiyə ediblər, onlara gələcək həyatlarında uğurlar arzulayıblar.
“Son zəng” tədbirində məktəblilərin ifasında müxtəlif rəqs nömrələri və mahnılar səsləndirilib.
Sonda son zəng çalınıb.
Məlumat üçün bildirək ki, məktəbdə 4781 nəfər şagirdin təlim-tərbiyəsi ilə 460-a yaxın müəllim məşğul olur. Məktəbin IX siniflərini 289 (190 nəfəri Azərbaycan, 99 nəfəri isə rus bölməsi ), I sinifilərini isə 546 uşaq bitirir (323 nəfəri Azərbaycan, 223 nəfəri isə rus bölməsi). Növbəti tədris ilində isə 560 uşağın məktəbli olacağı gözlənilir.
Şamo Əliyev