Abşeron rayonunun ümumtəhsil məktəblərində təlimin keyfiyyətinin yaxşılaşdırılması, fənlərin tədrisinin vəziyyətinin yüksəldilməsi, müəllim və şagirdlərin təlimə olan marağının artırılması, onlarda tədqiqatçılıq qabiliyyətlərinin inkişaf etdirilməsi, tədris prosesində və sinifdənxaric tədbirlərdə yaradıcı fəaliyyət səviyyəsinin öyrənilməsi və təbliği, qabaqcıl təcrübənin öyrənilməsi, təlim prosesinə öyrədənlərin və məktəb rəhbərlərinin məsuliyyətinin artırılması, istedadlı uşaqların aşkarlanması məqsədilə siniflər üzrə Təsviri incəsənət, texnologiya və musiqi fənləri üzrə aylıq keçirilmişdir.
Aylığın yekunlaşdırılması məqsədilə Xırdalan şəhəri 1 nömrəli məktəbdə tədbir keçirildi. Tədbirdə Abşeron Rayon İcra Hakimiyyətinin əməkdaşı Seymur Qasımov, Abşeron Rayon Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədova, Sumqayıt Regional Mədəniyyət və Turizm İdarəsinin baş məsləhətçisi İlham Manafov, AYB-nın Abşeron bölməsinin sədri Şəhla Ağbulud, "Azərbaycan müəllimi" qəzetinin müxbiri Şahin Cəfərov, Təhsil Şöbəsinin və onun tabeliyindəki qurumların əməkdaşları, müəllimlər iştirak edirdilər.
Yığıncaq iştirakçıları Aylıq çərçivəsində məktəbin foyesində şagirdlərin hazırladıqları əl işlərindən ibarət sərgiyə baxış keçirdilər.
Məktəbin akt zalında keçirilən aylığın rəsmi hissəsi Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başladı.
Sonra söz Abşeron Təhsil Şöbəsinin müdiri Nazilə Məmmədovaya verildi. N.Məmmədova rayonun ümumtəhsil məktəblərinin şagirdlərinin hazırladıqları tədbirləri yüksək qiymətləndirdi, müəllimlərə minnətdarlığını bildirdi. O tədbirin araya-ərsəyə gəlməsində əməyi olanlara təşəkkürünü bildirib, aylıq çərçivəsində görülmüş işləri dəyərləndirdi.
Tədbir Abşeronun istedadlı yetirmələrinin hazırladıqları musiqili ədəbi-bədii kompozisiyalarla davam etdirildi.
Toplantı aylıq ərzində fəal olmuş şagird və müəllimlərə fəxri fərmanların, diplomların verilməsi ilə yekunlaşdı.
Şamo Əliyev