Digah məktəbində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib.
Yığıncaq iştirakçıları bir dəqiqəlik sükutla Ulu Öndərin əziz xatirəsini yad ediblər.
Anım tədbirdə məktəbin direktoru Adil Abdullayev bildirib ki, xalqımızın böyük oğlu Heydər Əliyevin əbədiyyətə qovuşmasından artıq 14 il keçir. Ulu öndər Heydər Əliyevin mənalı həyatı və fəaliyyəti Azərbaycanın yarım əsrlik tarixini özündə əks etdirən böyük bir külliyyatdır. Bu zəngin siyasi irs daim öyrənilməli və öyrədilməlidir.
Toplantıda ulu öndərin həyat və fəaliyyətindən, elm, təhsil, mədəniyyət sahələrinin inkişafında göstərdiyi əvəzolunmaz xidmətlərindən, onun rəhbərliyi ilə gerçəkləşən genişmiqyaslı quruculuq işlərindən danışılıb.
Ümummilli liderin xüsusilə elm və təhsilin inkişafına həmişə böyük diqqət və qayğı göstərdiyi, azərbaycanlı gənclərin respublikadan kənarda təhsil alması üçün geniş imkanlar yaratdığı vurğulanıb.
Qeyd olunub ki, ulu öndər Heydər Əliyevin ölkəmizin inkişafı sahəsində başladığı nəhəng işlər, möhtəşəm layihələr bu gün onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi altında bir sıra irimiqyaslı, möhtəşəm layihələr həyata vəsiqə alıb. Bütün bu işlər Azərbaycanın ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib.
Anım tədbirində şagirdlər ulu öndərə həsr edilmiş şeirlər və onun aforizmə çevrilmiş kəlamlarını səsləndiriblər.
Tədbirdə ümummilli lider Heydər Əliyevin keçdiyi nümunəvi həyat yolu, Azərbaycan Respublikasının qurucusu, müasir Azərbaycan tarixinin yaradıcısı kimi gördüyü işlər və onun siyasi fəaliyyətini özündə əks etdirən videoçarx, sənədli film nümayiş etdirilib.
Şamo Əliyev