Xırdalan şəhər 1№-li tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Aynur Mirzəyevanın təşkilatçılığı və 5d sinif şagirdlərinin iştirakı ilə “Şifahi xalq ədəbiyyatı söz xəzinəsidir” adlı açıq dərs keçirilib. Şagirdlərin nitq bacarığını inkişaf etdirmək üçün şifahi xalq ədəbiyyatının zəngin, tükənməz xəzinəsindən bəhrələnmək, milli-əxlaqi dəyərlərimizi, adət- ənənələrimizi, tariximizi mənimsəyib dərk etməsi və yaşatması üçün şifahi xalq ədəbiyyatının örnəklərini şagirdlərə sevdirmək məqsədi daşıyan açıq dərsdə, A. Mirzəyeva bildirib ki, şifahi xalq ədəbiyyatı hər birimiz üçün zəngin bilik qaynağıdır. Biz doğma dilimizin saflığını, şirinliyini, canlılığını, sadələyini məhz bu nümunələrdən duyur və öyrənirik. Bayatıları və laylaları söylədikcə duyğu-lanır, kövrəlirik, atalar sözləri və məsəlləri öyrəndikcə müdrikləşirik, dastanları dinlədikcə torpağa və vətənə sevgimiz artır, hətta özümüzü bir qəhrəman obrazında da görürük.
Sonra şagirdlərin ifasında müxtəlif şeirlər, tapmacalar, laylalar və bayatılarla davam etdirilib. Açıq məşğələdə həmçin şagirdlər Azərbaycan ədəbiyyatının keçdiyi zəngin inkişaf yolundan, şifahi xalq ədəbiyyatı xəzinəmizdən, dövrlər, mərhələlər üzrə şair və yazıçıların əsərlərindən nümunələr söyləyərək səhnəciklər göstərib, mahnılar ifa ediblər.
Şifahi xalq ədəbiyyatının bütün qollarını özündə əks etdirən tədbir iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.
Sonda çıxış edən məktəbin direktoru Kəmalə Yusufova qeyd edib ki, xalq hikmətinin əsl xəzinəsi olan Şifahi xalq ədəbiyyatı – atalar sözləri, zərb-məsəllər, tapmacalar, nağıllar, bayatılar, yanıltmaclar böyüyən nəslin əxlaqi keyfiyyətlərinin formalaşmasında mühüm tərbiyəvi əhəmiyyət kəsb edir. Zaman-zaman yaranıb araya-ərsəyə gəlmiş şifahi xalq ədəbiyyatı dəyərli əxlaqi fikirlər üzərində köklənib. El içindən çıxmış insanların arzu və ümidlərini, ən xoş istəklərini, sabaha inamını əks etdirən folklorumuz nəsillərdən-nəsillərə bir ərməğan kimi ötürülərək cilalanıb, çağdaş dövrümüzə gəlib çatıb. Xalq dühasını ehtiva edən, tarixi salnaməyə çevrilən şifahi xalq ədəbiyyatı nümunələri sadə insanların, toplumun dünyagörüşünü, yaradıcılığını, əmək vərdişlərini, həyat tərzini, bənzərsiz ənənələrimizi bugünümüzə çatdırıb. Bu zəngin irsi tərbiyə məktəbi adlandırmaq daha doğru olardı.
Şamo Əliyev