Xırdalan şəhər 2 nömrəli tam orta məktəbdə Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar tədbir keçirilib. Əvvəlcə məktəbin foyesində məktəbin şagirdlərinin rəsm işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra Xocalı faciəsində və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda həlak olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Məktəbin direktoru Ədalət Camalova çıxışında Xocalı soyqırımının tarixdə ən qəddar və amansız terror hadisələrindən biri, xalqımıza qarşı aparılan etnik təmizləmə və soyqırımı siyasətinin qanlı səhifəsi olduğunu vurğulayıb.Direktor 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağda erməni quldur birləşmələrinin keçmiş sovet ordusuna məxsus 366-cı alayın əsgər və zabitləri ilə birlikdə Xocalı şəhərini yerlə-yeksan etdiklərini, 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı insanlar olmaqla, 613 Xocalı sakininin ağlasığmaz vəhşiliklə qətlə yetirdiklərini diqqətə çatdırıb.
Anım tədbirində məktəbin tarix müəllimi Vüsal Kazımov çıxış edərək XX əsrdə azərbaycanlıların dörd dəfə kütləvi qırğınlara, soyqırımlara və etnik təmizləmələrə məruz qaldığını bildirib, Xocalı faciəsinin 200 illik qanlı tariximizin son soyqırımı olmasından bəhs edib.
Qarabağ döyüşlərinin iştirakçısı Adil Kərimovun çıxışında böyük inam hissi ilə qeyd olunub ki, məhz Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə igid oğullarımızın hünəri sayəsində Azərbaycan bayrağı tezliklə Şuşada, Xankəndidə, işğal altında olan digər ərazilərdə dalğalanacaq, şəhidlərimizin qanı yerdə qalmayacaq.
Sonda şagirdlərin ifasında Xocalı soyqırımına həsr olunmuş bədii kompozisiya səsləndirilib, ermənilərin azərbaycanlılara qarşı törətdikləri terror hadisələrinə həsr olunmuş təqdimat və videoçarx nümayiş olunub.
Şamo Əliyev