Uşaqların şəxsiyyətinin formalaşmasında riyaziyyatın rolu böyükdür. Riyazi məşğələlər balacalarda məntiqi mühakimə yürüdə bilmək bacarığını inkişaf etdirir. Xırdalan şəhər 15 nömrəli körpələr evi-uşaq bağçasında da riyaziyyat məşğələlərinə xüsusi yer ayrılır.
26.04.2018-ci il tarixində adı çəkilən bağçanın məktəbəhazırlıq qrupunda “Riyaziyyat” fənni üzrə açıq məşğələ keçirildi.
Musiqi sədaları altında zala daxil olan uşaqlar tədbir iştirakçılarını salamladıqdan sonra məşğələ başladı. Bağçanın uşaqları ilə "açıq məşğələ"ni Ləman Məmmədova aparırdı.
Tərbiyəçi məşğələdə uşaqlarla keçilən mövzuları (on dairəsində möhkəmləndirmə) təkrarladı. Uşaqlar bu mövzulara aid müxtəlif tapşırıqları icra etdilər. Tərbiyəçi yeni “Məsələ həlli” mövzusu haqqında məlumat verdi. Uşaqlar ekranda nümayiş olunan müxtəlif məsələləri həll etməyə çalışdılar.
Məşğələdə uşaqların ifasında mahnı, rəqs və səhnəciklərdən ibarət nömrələrlər nümayiş olundu.
Sonda çıxış edən bağçanın müdiri Mətanət Novruzova qeyd etdi ki, kurikulum əsasında keçirilən “Riyaziyyat” fənni üzrə açıq məşğələdə məqsəd, yuxarı yaş qrupunda tərbiyə alan uşaqların il ərzində riyaziyyat biliklərinə nə dərəcədə yiyələndiklərini aşkara çıxarmaq, bu sahədə toplanmış təcrübəni bölüşmək idi.O həmçinin qeyd edib ki, uşaqlar bizim gələcəyimizdir, və bu uşaqların gələcəyi də bizim əlimizdədir. Onların tərbiyəsinin və riyazi biliklərinin formalaşmasında körpələr evi-uşaq bağçasının rolu böyükdür və bu işdə məsuliyyət daha çox tərbiyəçilərin üzərinə düşür. Odur ki, körpə fidanlara qayğı ilə yanaşmaq, doğru yola istiqamətləndirmək lazımdır.
Şamo Əliyev