Xırdalan şəhər 17 saylı körpələr evi- uşaq bağçasında 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Dövlət Himni ilə başlayan tədbiri giriş sözü ilə açan bağçanın müdiri Könül İbrahimova bu günün tarixi, xalqımımzın müstəqillik uğrunda şərəfli mübarizə yolu, qədim Azərbaycan dövlətlərinin bayraqları haqqında məlumat verib, körpə fidanların milli ruhda yetişməsi, onlarda dövlətçilik ideologiyası və siyasi təfəkkürün formalaşması baxımından belə tədbirlərin zəruriliyini vurğulayıb.
K. İbrahimova bağçanın pedoqoji kollektivini və körpələri bu əlamətdar gün münasibətilə təbrik edərək əsas dövlət atributu olan müqəddəs bayrağımızı qorumağa çağırıb. Bağça müdiri həmçinin çıxışında vurğulayıb ki, dövlətimizin başçısı İlham Əliyevin diplomatik uğurları və güclü, qüdrətli Azərbaycan ordusu sahəsində biz tezliklə işğal edilmiş torpaqlara qayıdacağıq və Azərbaycan bayrağını Şuşada, Xankəndidə dalğalanadıracağıq.
Tədbirin bədii hissəsində bağçanın fidanlarının ifasında ümummilli lider Heydər Əliyevə, Azərbaycan Respublikasının Dövlət Bayrağına, milli müstəqillik tarixinə həsr olunmuş şeirlər bədii qiraət olunub, mahnılar ifa olunub. Maraqlı ssenari, bir-birini əvəz edən rəngarəng şeir və musiqi nömrələri bağça uşaqlarının Vətən və bayraq sevgisinin, milli ruhunun, istedadlarının təzahürü kimi qarşılanıb.