Noyabrın 15-də Abşeron Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə “Fərqli dil, fərqli bir ruh” adlı seminar keçirilib. Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində təşkil olunan seminarda seminarda Dövlət İmtahan Mərkəzinin, Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun, “British Council” təşkilatının, “Üfüq” Daimi İnkişaf Mərkəzinin əməkdaşları, təhsil şöbələrinin nümayəndələri və ümumtəhsil müəssisələrinin xarici dil müəllimləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan təhsil şöbəsini metodisti Səkinə Abbasova seminarın keçirilməsində məqsədin müəllimləri xarici dillərin tədrisində tədbiq olunan innovativ metodlarla tanış etmək, müasir tədris resurslarından istifadə qaydalarını öyrətmək olduğunu bildirib.
Çıxış edən Dövlət İmtahan Mərkəzinin xarici dillər üzrə seminar rəhbəri Şəhla Musayeva seminar iştirakçılarına 2019-cu ildə keçiriləcək orta məktəblərin buraxılış və ali məktəblərə qəbul imtahanlarında tətbiq olunacaq yeniliklər haqqında ətraflı məlumat verib. Qeyd olunub ki, yeni qəbul modelində nəzərdə tutulan dəyişikliklər abituriyentlərin biliklərinin daha dəqiq şəkildə üzə çıxarılmasına kömək göstərmək məqsədi daşıyır.
“British Council” təşkilatının layihə meneceri Flora Poladova xarici dillərin tədrisi zamanı şagirdlərdə dinləmə bacarıqlarını inkişafı etdirmək üçün dərsin planlaşdırılmasından, müvafiq tədris resurslarının seçilməsindən və tədris metodologiyalarından söz açıb, müxtəlif strateji isitiqamətlərə toxunub.
Digər çıxışçılar ingilis dilinin müasir təlim metodlarından, şagirdlərdə oxu, yazı, dinləmə və danışıq bacarıqlarını inkişaf etdirmək istiqamətində istifadə olunan tədris materiallarından danışıblar.
Sonda seminar iştirakçılarının suallar cavablandırılıb.