Xırdalan şəhər 3 saylı uşaq bağçasında "Açıq məşğələ" keçirildi
Tarix:15-11-2018, 21:12
Abşeron rayon İcra Hakimiyyətinin fəaliyyət planına əsasən Xırdalan şəhər 3 saylı uşaq bağçasında təşkil edilmiş açıq məşğələdə rayon ərazisində yerləşən bir neçə məktəbəqədər təhsil müəssisələrinin tərbiyəçiləri və bağçanın kollektivi iştirak ediblər.
Bağçanın orta qrupunda keçirilən məşğələdə tərbiyəçi müəllimə Elnarə İsgəndərova körpə fidanlara payız fəsili haqqında ətraflı məlumat verib. Tərbiyəçi məşğələdə yeni təlim üsullarından və əyani vasitələrdən də istifadə edib. Məşğələdə tədqiqatı aparmaq üçün qruplarla iş aparılıb. Körpə fidanlar qruplara bölünərək, qrup daxilində lider seçiblər. Qruplara tapşırıq və iş vərəqləri paylanılıb. Qruplar öz işlərini təqdim etdikdən sonra tərbiyəçi müəllim tərəfindən onların işi müzakirə olunub.
Balaca fidanların hazırladıqları payız fəsilinin nümayiş edildiyi əyləncəli proqramla davam etdirilən məşğələdə, bağçasının balaca sakinləri tərəfindən səhnələşdirilən “Meyvələrin söhbəti” nağılı qonaqlar tərəfindən maraqla qarşılanıb.
"Açıq məşğələ"nin yüksək səviyyədə keçdiyini, payız fəsili ilə bağlı bağçada uşaqlarla geniş iş aparıldığını, nəticədə onlarda bu sahədə kifayət qədər aydın təsəvvürlər formalaşdığını qeyd edən bağçanın müdiri Gülnarə Paşayeva, məşğələnin təşkilində əməyi olanlara minnətdarlığını bildirib.