Uşaqların şəxsiyyətinin formalaşmasında riyaziyyatın rolu böyükdür. Riyazi məşğələlər balacalarda məntiqi mühakimə yürüdə bilmək bacarığını inkişaf etdirir. Ceyranbatan qəsəbə 1 saylı körpələr evi-uşaq bağçasında da riyaziyyat məşğələlərinə xüsusi yer ayrılır.
Elə bu günlərdə adı çəkilən bağçanın məktəbəhazırlıq qrupunda “Riyaziyyat” fənni üzrə açıq məşğələ keçirildi.
Zala daxil olan uşaqlar tədbir iştirakçılarını salamladıqdan sonra məşğələ başladı. Bağçanın uşaqları ilə "açıq məşğələ"ni Samirə Abdullayeva aparırdı.
Məşğələdə tərbiyəçi uşaqlarla keçilən mövzunu (10 rəqəminin əmələ gəlməsi ) təkrarladı. Uşaqlar bu mövzulara aid müxtəlif tapşırıqları icra etdilər. Tərbiyəçi yeni “Məsələ həlli” mövzusu haqqında məlumat verdi. Məşğələdə həmçinin yeni təlim üsullarından və əyani vasitələrdən istifadə edildi. Açıq məşğələ zamanı yeni mövzunun öyrənilməsi üçün motivasiya qurulub, uşaqlara qrup işində düşündürücü suallar verilib. Uşaqlar məşğələ zamanı həm öyrənib, həm də əyləniblər.
Abşeron RİH-in əməkdaşı Seymur Qasımov çıxış edərək "açıq məşğələ"nin yüksək səviyyədə keçdiyini, bağçada uşaqlarla geniş iş aparıldığını, nəticədə onlarda bu sahədə kifayət qədər aydın təsəvvürlər formalaşdığını qeyd etdi, bağçanın rəhbərliyinə, tədbirin təşkilində əməyi olanlara minnətdarlığını bildirdi .
Sonda çıxış edən bağçanın müdiri Zülfiyə İsgəndərova qeyd etdi ki, kurikulum əsasında keçirilən “Riyaziyyat” fənni üzrə açıq məşğələdə məqsəd, yuxarı yaş qrupunda tərbiyə alan uşaqların riyaziyyat biliklərinə nə dərəcədə yiyələndiklərini aşkara çıxarmaq, bu sahədə toplanmış təcrübəni bölüşmək idi.
Yazar : Vüsal Qasımov