Təhsil Nazirliyi tərəfindən ölkənin bütün şəhər və rayonlarında olduğu kimi Abşeron rayonunda da Respublika fənn olimpiadalarının birinci–rayon mərhələsi keçirilib.
Bakı Mühəndislik Universitetində təşkil olunan olimpiadada Abşeron rayonun 40 ümumtəhsil məktəbinin 1024 şagirdinin iştirak etdiyi bu bilik yarışında məktəblilər 8 fənn üzrə öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix, coğrafiya, Azərbaycan dili və ədəbiyyat fənləri üzrə IX, X və XI sinif şagirdləri arasında keçirilib. Şagirdlərə təqdim olunan tapşırıqlar fənn kurikulumuna uyğun olaraq, qapalı test formatında hazırlanıb. 50 yə yaxın sualdan ibarət olan imtahanda şagirdlərə 3 saat vaxt verilib.
Rayon mərhələsinin nəticələrinə əsasən, hər fənn və hər sinif üzrə ən azı 60 faiz nəticə göstərən ən yaxşı 3 şagird respublika mərhələsinin yarımfinal turuna vəsiqə qazanaraq zona müsabiqəsinə göndəriləcəklər.