Azərbaycan Respublikasında təhsil sahəsində İslahat Proqramı yeni təlim metodlarından, təlim texnologiyalarından istifadənin elmi, pedaqoji - psixoloji əsaslarının işlənilməsini əsas problem kimi qarşıya qoymuşdur. Təhsil sistemində yeni təlim texnologiyalarının tətbiqi təlim prosesinin səmərəliliyini, keyfiyyətini yüksəldən əsas amil olduğundan, belə nəticəyə gəlmək olar ki: - tədris prosesi nəticəyönümlü proses olduğundan, məqsədi əvvəlcədən müəyyənləşdirilmiş və şagirdə istiqamətlənmiş təlim həyata keçirilməlidir; - tədris və təlim bir-biri ilə sıx bağlı olduğundan daim qarşılıqlı əlaqədə götürülməlidir; - tədris prosesi hər birinin öz rolu və statusu olan bir neçə fərdlərin əməkdaşlığından irəli gələn sosial bir proses olub inkişaf rejimində fəaliyyət göstərməlidir.
Azərbaycan Respublikasında da informasion cəmiyyətin qurulması və kompüterləşmə sahəsində ciddi, uğurlu addımlar atılmışdır. Bu sahədə həyata keçirilən dövlət siyasətinin ümdə vəzifələrdən biri İKT-nin cəmiyyətin müxtəlif sahələrində, xüsusilə də təhsil sistemində geniş tətbiq edilməsi məsələsidir.
Hazırda Respublikamızda bütün sahələrdə, xüsusilə də təhsil sistemində mütəxəssislərin informasiya və kommunikasiya texnologiyaları (İKT) ilə işləmək və onlardan düzgün istifadə etmək bacarığına çox böyük önəm verilir. İKT biliyinə mükəmməl yiyələnməyin ən yaxşı yolu isə, təbii ki, orta məktəbdən başladığı üçün bu sahədə həyata keçirilən siyasətin mühüm xüsusiyyətlərindən biridir. Təhsildə yeni təlim metod və texnologiyalarından istifadə daha yüksək nəticələrin əldə edilməsinə gətirib çıxarır, şagirdlərdə müstəqillik, işgüzarlıq, təfəkkür fəallığı, məsuliyyət kimi keyfiyyətlər formalaşdırır.
Yeni təlim texnologiyalarının tətbiqi ilə keçilən müasir dərslər ənənəvi dərslərdən bir çox üstün cəhətləri ilə fərqlənir.
1.Ənənəvi dərsdə təlim müəllim-dərslik-şagird paradinamikası ilə qurulurdusa, müasir dərsdə şagird-dərslik-müəllim paradinamikası üstünlük təşkil edir və şagirdlərin hərtərəfli inkişafı təmin edilir.
2.Müasir dərsdə gözlənilən nəticə əsasən alınır.
3.Müasir dərs şəxsiyyətyönümlü olur.
4.Müasir dərsdə inkişafetdiricilik əsas meyar kimi nəzərdə tutulur və s.
Müasir dərsin əsas cəhətlərirndən biri şagirdlərin fəallığıdır ki, buna da interaktiv (fəal) təlim metodlarından istifadə etməklə nail olmaq mümkündür. Bu metodlara əsasən iş forması müəyyən edilir: fərdi, cütlərlə, böyük və kiçik qruplarla iş daha əlverişlidir. Şagird ünsiyyət prosesində özünü daha yaxşı dərk etdiyinə görə istər qrup, istərsə də cütlərlə işdə fəallıq, şagirdlərin fəaliyyətində bir-biri ilə əməkdaşlıq, yaradıcılıq, qarşılıqlı münasibətlər formalaşır. Müəllim dərs formasını seçərkən şagirdlərin marağını nəzərə almalıdır. Bu gün məktəbdənkənar mühitdə mövcud informasiya vasitələrindən fəal istifadə edən şagird dərsdə onlar üçün maraqlı olanları görmək istəyir. Bunun üçün müəllimin İKT-dən yüksək istifadə etmək bacarığı olmalıdır. Həm də bu texniki təminatı lazımi materiallarla zənginləşdirməyi bacarmalıdır. Başqa sözlə desək, mövzuya uyğun resursları seçməlidir ki, bu resursların da rəngarəngliyi dərsin maraqlı keçməsinə, qarşıya qoyulan məqsədə nail olmağa imkan yaradacaqdır. Belə dərslərdə həmçinin digər texniki təminatların olması dərsin səmərəliliyini artırır.
Müəllim dərsə yaradıcı yanaşmalıdır, məzmun standartlarına əsasən dərsin məqsədini müəyyənləşdirməlidir. Bu zaman öyrədici, inkişafetdirici, tətbiqedici funksiyalar nəzərə alınmalıdır.
Beləliklə, müasir dərsdə aktual problem bəhs etdiyimiz bu məsələlər bir-biri ilə sıx əlaqədə olub, biri digərini tamamlayır. Bunların əsasında isə təlim nəticələri, məzmun standartları, təlim strategiyaları dayanır.
Əlbəttə, məqsəd təhsilin keyfiyyətinin yüksəldilməsi, ölkəmizin gələcək inkişaf və tərəqqisini təmin edəcək yüksək intellektual səviyyəli, elmi dünyagörüşlü, müstəqil düşünmək və yaradıcı fəaliyyət göstərmək qabiliyyətinə malik olan gənc nəslin yetişdirilməsindən ibarətdir. Bundan ötrü müasir dünyanın şəxsiyyətyönümlü təhsil sferasına daxil olmaq, tələbatlara uyğun interaktiv məzmun, ən yeni təlim strategiyaları, qiymətləndirmə mexanizmləri, demokratik idarəetmə sistemi işləyib hazırlamaq üçün ənənəvi və mütərəqqi dünya texnologiyalarından istifadə edilməlidir.
Yazar : Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin Təlim tərbiyyə işləri üzrə direktor müavini Dilarə Əlisultanova