Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova rayonun Saray qəsəbəsində fəaliyyət göstərən bir sıra təhsil müəssisələrində yaradılan şəraitlə tanış olub. Əvvəlcə Abşeron rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova Saray qəsəbəsində yerləşən 14 və 19 saylı körpələr evi-uşaq bağçasında olub. Rayon rəhbəri hər iki bağçada uşaqlar üçün yaradılmış şəraitlə yaxından tanış olaraq, yataq otaqlarına, mətbəxə, oyun otaqlarına baxış keçirib.
Xanım başçı uşaqlarla söhbət edib.
İ.Gülməmmədova bildirib ki, tarix boyu hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab edib. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunub.
Vurğulanıb ki, son illərdə Abşeron rayonunun məktəbəqədər tərbiyə müəssisələrində də mövcud olan problemlər əsasən aradan qaldırılıb, aparılan metodik işlərin vəziyyəti, uşaqların təlim-tərbiyəsi və ərzaq təminatı məsələsi ciddi nəzarətdə saxlanılır. Bağçalarda istilik sistemi tam bərpa olunub. Əmək intizamına riayət edilməsi və ərzaq təchizatı ilə bağlı mütəmadi olaraq reydlər və yoxlamalar keçirilir. Təmirə ehtiyacı olan Xırdalan şəhərində yerləşən 2 və 22 saylı bağçalarda Abşeron rayon İcra Hakimiyyətinin yaxından köməyi və daxili imkanlar hesabına təmir işləri aparılıb.
Daha sonra rayon İcra Hakimiyyətinin başçısı İ.Gülməmmədova Saray qəsəbəsindəki 2 nömrəli tam orta məktəbə baş çəkib, dərslərin gedişatı ilə maraqlanıb, snif otaqlarında yaradılmış şəraitlə tanış olub.
Şamo Əliyev