Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan Prezidenti Yaxın Şərqdə yüksək nüfuz sahibidir

Tarix:9-11-2022, 17:06

Azərbaycan Prezidenti Yaxın Şərqdə yüksək nüfuz sahibidir


Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Əlcəzair Xalq Demokratik Respublikasının Prezidentinin dəvəti ilə Ərəb Dövlətləri Yığıncağının 31-ci Sammitində fəxri qonaq statusunda iştirak və çıxış etməsi dövlətimizin rəhbərinə beynəlxalq aləmdə göstərilən diqqət və ehtiramın ifadəsidir. Çıxışında ilk növbədə Əlcəzair Prezidenti Abdelmacid Tebbuna və Ərəb Dövlətləri Liqasının Baş katibi Əhməd Əbul Qeytə dəvətə görə təşəkkürünü bildirən Azərbaycan Prezidenti İlham Əliyev bunu dostluq və qardaşlıq əlaməti hesab etdiyini, belə mötəbər Sammitdə iştirakı və ölkələrimiz arasında birliyi nümayiş etdirməyin böyük şərəf olduğunu bildirdi. Əlcəzairi belə bir xüsusi gündə, Milli Azadlıq Günündə, Milli Ləyaqət Günündə ziyarət etməyin onda məmnunluq doğurduğunu qeyd edərək, Əlcəzair Prezidentini, hökumətini və bütün Əlcəzair xalqını təbrik etdi.
Cənab Prezident şəhidlərin xatirəsini yad etdiyini, Şəhidlər memorialını, eləcə də Mücahidlər Muzeyini ziyarət etdiyini, gördüklərindən təəssüfləndiyini dedi. Vurğuladı ki, Fransanın Əlcəzair xalqına qarşı törətdiyi zorakılığı, kütləvi qəddarlığı dünya heç zaman unutmamalıdır. Fransa yüz ildən çox bir müddət ərzində Əlcəzair xalqına qarşı çox dəhşətli müharibə aparmışdır. Bu müharibə 1 milyon 500 min əlcəzairlinin ölümü ilə nəticələnmişdir. 132 illik müstəmləkə zamanı 10 milyondan çox əlcəzairlinin qurban getməsi xalqın qanlı tarixidir. Ziyarət zamanı xalqın başına gətirilən müsibətlərlə bir daha yaxından tanış olmuş, həyəcanını, həm də qürurunu gizlədə bilməmişdir. Onun muzeyin xatirə kitabına yazdığı ürək sözlərində bu aydın görünür: “Böyük qurbanlar verərək istiqlaliyyətə qovuşmuş qardaş Əlcəzairin bu gün inkişafını, rifahını görməkdən dost və qardaş ölkənin rəhbəri olaraq böyük qürur hissi keçirirəm”. Mücahidlər Muzeyini ziyarətdə işğal zamanı fransızların 5 milyondan çox mina basdırması məlumatını öyrənən dövlət başçımız bizim də üzləşdiyimiz, hazırda əziyyət çəkdiyimiz işğal zamanı Ermənistan tərəfindən bir milyondan çox minanın basdırıldığını, müharibə bitdikdən sonra minalar səbəbindən 260-dan çox azərbaycanlının həlak olduğunu, yaxud ciddi yaralandığını söyləyib.
Özünü demokratik, sülh və əmin-amanlıq, xalqların bərabərliyi uğrunda mübariz kimi təqdim edən Fransanın Əlcəzairdə həyata keçirdiyi soyqırımlar dünyada analoqu olmayan insan qətlləridir. Bu qətlləri ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımlarla eyniləşdirmək düzgün olardı. Ermənilər də uzun illər türklərə, azərbaycanlılara qənim kəsilmiş, yüz minlərlə insanın faciəsinə səbəb olmuşlar. Bizim torpaqlarımız otuz il Ermənistanın işğalı altında qalmışdı. Bütün bu işğal illəri ərzində biz həmişə ərəb qardaşlarımızın dəstəyini, İslam Əməkdaşlıq Təşkilatına üzv olan dövlətlərin dəstəyini hiss etmişik.
Bu gün də bu iki dövləti çirkin məqsədlər, insanlığa zidd amallar, əməllər birləşdirir. Vaxtı ilə ərəb dünyasının ən böyük ölkəsinin 11 milyondan çox vətəndaşına muxtariyyət verməkdən imtina edən Fransa indi Qarabağda yaşayan 20 min erməniyə müstəqillik verilməsi üçün dəridən-qabıqdan çıxır, Azərbaycana qarşı məkrli siyasət yeridir, təcavüzkar Ermənistanı hər bir vasitə ilə müdafiə edir.

Qeyd edək ki, Azərbaycan da öz növbəsində bütün beynəlxalq forumlarda müsəlman qardaşlarımıza öz dəstəyini əsirgəməmişdir. Ölkəmiz İslam həmrəyliyinə kifayət qədər töhfə verib. 2017-ci il Azərbaycanda “İslam Həmrəyliyi İli” elan edilmiş və Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etmişdir. İdman tədbiri həmrəylik və dostluq bayramına çevrilmişdir.
Dövlət başçımız Qoşulmama Hərəkatının sədri kimi bizim Ərəb Dövlətləri Liqasına üzv olan dövlətlərlə sıx münasibətlərimizin olduğunu vurğuladı və yaxın gələcəkdə də əməkdaşlığımızın genişlənəcəyinə, yeni xarakter və yeni dinamika alacağına əminliyini bildirdi. Məlumdur ki, 120 ölkəni bir araya gətirən Qoşulmama Hərəkatı BMT-dən sonra ikinci ən böyük beynəlxalq təsisatdır. Azərbaycan 2019-cu ildən bu təsisatın sədridir və bütün üzv dövlətlərin yekdil səsi ilə seçilmişdir. Bu, ölkəmizin mövqeyinə və siyasətinə yüksək səviyyəli dəstəyi və rəğbəti nümayiş etdirir. Hazırda Azərbaycanın sədrliyi yekdil qərarla 2023-cü ilin sonuna qədər uzadılmışdır. Bu, Prezident İlham Əliyevin yürütdüyü siyasətə verilən dəyərdir. Azərbaycanın Hərəkata sədrliyi pandemiya dövrünə təsadüf etmişdi. Həmin dövrdə ölkəmiz koronavirusla bağlı 80-dən çox ölkəyə maliyyə və humanitar yardım göstərdi, Qoşulmama Hərəkatının Sammitini təşkil etdi, 2020-ci ilin dekabrında keçirilmiş və sırf COVID-19-la mübarizəyə həsr edilmiş BMT-nin Baş Assambleyasının xüsusi sessiyasının təşəbbüskarı oldu. Bu təşəbbüslərin bir ümumi məqsədi var idi-ehtiyacı olan ölkələrə dəstək vermək, resursları səfərbər etmək və peyvəndləri əldə edərək imkanı olmayan ölkələrə göndərmək. Çünki, pandemiyanın əvvəlində peyvəndlərə çıxış ən vacib məsələlərdən biri idi. Azərbaycan peyvəndlərin ədalətsiz paylanılmasına qarşı öz səsini ucaltdı və bu, Qoşulmama Hərəkatının ölkəmizə dəstəyini gücləndirdi.

Azərbaycan Prezidenti qürurla iki il əvvəl Ermənistanın otuz ilə yaxın davam edən işğalına son qoyduğumuzu diqqətə çatdırdı. Xatırlatdı ki, Ermənistan beynəlxalq qurumların bütün qərar və qətnamələrinə məhəl qoymadan Azərbaycanın ərazisinin demək olar ki, 20 faizini qanunsuz olaraq işğal altında saxlamağa davam etmişdi. İşğal zamanı bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünə çevrilmişdi. İnsanlar etnik təmizləməyə məruz qalmışdı. Ermənistan 1992-ci ildə hazırda ondan çox ölkə tərəfindən tanınan Xocalı soyqırımını törədib. BMT-nin Təhlükəsizlik Şurası Ermənistan qoşunlarının ərazilərimizdən dərhal və qeyd-şərtsiz çıxarılmasını tələb edən dörd qətnamə qəbul etsə də, sənədlər heç vaxt icra olunmamışdı.

Maraqlıdır ki, Prezidentin qeyd etdiyi kimi bəzi hallarda BMT Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunur. Amma bizə gəldikdə bu qətnamələr otuz il ərzində kağız üzərində qaldı. Bu, ikili standart olmaqla, beynəlxalq hüququn norma və prinsiplərinə, ölkələrin öhdəliklərinə selektiv yanaşmadır.
Azərbaycan Respublikasının Prezidenti çıxışında dedi: “İki il əvvəl Azərbaycan, qeyd etdiyim kimi, bu münaqişəyə son qoydu. Biz bunu öz gücümüzlə etdik. Biz BMT Nizamnaməsinin 51-ci maddəsində nəzərdə tutulmuş özünümüdafiə hüququndan istifadə etdik və ərazilərimizi güc yolu ilə azad etdik. Biz Ermənistanı məğlub etdik. Ermənistan kapitulyasiya etməyə məcbur oldu. İndi isə bizim torpaqlarımız azaddır və biz torpaqlarımıza qayıtmışıq”.

İşğal dövründə Ermənistan on min kvadrat kilometrdən çox ərazini tamamilə məhv edib. Şəhərlər, kəndlər, tarixi abidələr, hətta əcdadlarımızın qəbirləri yerlə yeksan edilib. İşğal zamanı 67 məsciddən 65-i tamamilə dağıdılıb. Bu isə terrorçu Ermənistan dövlətinin islamofob mahiyyətinin göstəricisidir.
Azərbaycan Prezidenti çıxışında onu da bildirib ki, Qələbədən sonra “Böyük Qayıdış” adlanan proqramın icrasına başlanıb. Bu, dövlətimizin resursları hesabına edilir. Heç bir beynəlxalq donor təşkilatı bu işdə olkəmizə yardım etmir. Biz torpaqlarımızı özümüz bərpa edəcəyik və artıq proses gedir. Biz Ərəb Dövlətləri Liqasının üzv dövlətlərindən olan qardaşlarımızdan yenə həmrəylik görürük, beynəlxalq təsisatlarda dəstək görürük və buna görə çox minnətdarıq.

Səlim Məmmədov

Masazır kənd 5 saylı tam orta məktəbin direktoru

Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Azərbaycan həmişə öz öhdəliklərinə maksimum dərəcədə məsuliyyətlə yanaşıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Əhalinin müxtəlif təbəqələri üçün fiziki aktivliyə dair maarifləndirici materiallar paylanılıb
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
Abşeronda “Sağlam həyat tərzi və davarnış risk amilləri” mövzusunda maarifləndirici aksiya keçirilib
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
25 noyabr Kəlbəcər Şəhəri Günüdür
Tariximizin 20 noyabr günü
Tariximizin 20 noyabr günü
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
Azərbaycan kiçik ada dövlətlərinə özünün birmənalı dəstəyini nümayiş etdirir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
COP29-un Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun daha da artmasını göstərir
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Prezident İlham Əliyevdən Türk Dövlətləri Təşkilatının inkişafina növbəti dəstək
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Zəfər tağı - Zəfərimizi əks etdirən yeni simvolumuz
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Konstitusiya dövlətin hüquq sisteminin əsasını təşkil edir
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Azərbaycan həm döyüş meydanında, həm də danışıq masası arxasında istədiyinə nail olub
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
Bayrağımız azad olunmuş ərazilərimizdə qürurla dalğalanır
8 noyabr Şuşa şəhəri günüdür
8 noyabr Şuşa şəhəri günüdür
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan hərbi qüdrətini 44 gün ərzində bütün dünyaya nümayiş etdirdi
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır
25 oktyabr Qubadlı şəhəri günüdür
25 oktyabr Qubadlı şəhəri günüdür
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəngilanı Naxçıvan və Türkiyə ilə birləşdirmək Azərbaycanın növbəti nailiyyəti olacaqdır
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Zəfər missiyamız Füzuli rayonundan başlanıb
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq
Xankəndi şəhərində qaldırılan üçrəngli bayrağımız əbədi dalğalanacaq