Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının VIII Qurultayında çıxışı zamanı ölkənin ictimai-siyasi və geosiyasi vəziyyəti, Qarabağ münaqişəsinin nəticələri, təhlükəsizlik, iqtisadi inkişaf, sosial siyasət və qarşıda duran əsas vəzifələr barədə mühüm mesajlar verib.
Dövlət başçısı bildirib ki, YAP-ın VIII Qurultayı Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini tam bərpa etməsindən sonra keçirilən ilk qurultaydır. Onun sözlərinə görə, Azərbaycan İkinci Qarabağ müharibəsində qazandığı Zəfərlə və 2023-cü il sentyabrın 20-də həyata keçirilən antiterror əməliyyatı ilə separatizmə və işğala son qoyaraq ərazi bütövlüyünü və suverenliyini tam təmin edib.
Prezident qeyd edib ki, Azərbaycan xalqının vahid mövqeyi, dövlətin qətiyyətli siyasəti və həyata keçirilən ardıcıl addımlar ölkəyə qarşı yönəlmiş təzyiqlərin və müxtəlif kampaniyaların qarşısını alıb. İlham Əliyev 8 Noyabr və 20 Sentyabr tarixlərinin Azərbaycan tarixində xüsusi əhəmiyyət daşıdığını vurğulayıb.
Dövlət başçısı çıxışında Yeni Azərbaycan Partiyasının yaradılmasının Azərbaycanın sonrakı uğurlarında mühüm rol oynadığını bildirib. Onun sözlərinə görə, 1992-ci ilin noyabrında Naxçıvanda keçirilən təsis qurultayı ölkənin gələcək inkişafı və dövlətçiliyin möhkəmləndirilməsi baxımından mühüm mərhələ olub.
İlham Əliyev Ulu Öndər Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışının Azərbaycanın dövlətçiliyinin qorunmasında və ölkənin parçalanma təhlükəsindən xilas edilməsində həlledici rol oynadığını qeyd edib. Prezident bildirib ki, Heydər Əliyevin siyasi xətti bu gün də Azərbaycanın inkişaf strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir.
Dövlət başçısının sözlərinə görə, müstəqillik, dövlətçilik, iqtisadi müstəqillik və güclü hərbi potensial Azərbaycanın strateji inkişafının əsas dayaqları olaraq qalır. O qeyd edib ki, son illərdə həyata keçirilən siyasət nəticəsində Azərbaycan beynəlxalq müstəvidə nüfuzlu və etibarlı tərəfdaşa çevrilib.
İlham Əliyev qarşıda duran əsas vəzifələrdən birinin hərbi gücün daha da artırılması olduğunu bildirib. Prezident qeyd edib ki, hazırda Azərbaycanla Ermənistan arasında münaqişə və müharibə yoxdur, sərhədlərdə sakitlik hökm sürür, sülh müqaviləsi paraflanıb və tərəflər arasında təmaslar davam edir. Bununla belə, dünyada və regionda baş verən proseslərin təhlükəsizlik məsələlərinə daim diqqət yetirilməsini tələb etdiyini vurğulayıb.
Prezident Azərbaycanın istənilən hərbi təxribata cavab verməyə hazır olmalı olduğunu və ölkənin hərbi və təhlükəsizlik sahələrinə təqribən 9 milyard manat vəsaitin ayrılması nəzərdə tutulduğunu bildirib.
Dövlət başçısı Azərbaycanın bu gün sabitlik və təhlükəsizlik şəraitində yaşadığını diqqətə çatdırıb. Eyni zamanda, ideoloji təhlükəsizliyin də fiziki təhlükəsizlik qədər vacib olduğunu qeyd edən İlham Əliyev internet, kiberhücumlar və süni intellekt dövründə informasiya və ideoloji təxribatlara qarşı mübarizənin əhəmiyyətini vurğulayıb. Bu istiqamətdə təhsilin, savadlılığın və vətənpərvərliyin əsas amillər olduğunu bildirib.
Xarici siyasət məsələlərinə toxunan Prezident Azərbaycanın müstəqil siyasət yürütməyə davam edəcəyini deyib. İlham Əliyev Azərbaycanın müxtəlif ölkələrlə geniş və çoxşaxəli əlaqələr qurduğunu, beynəlxalq təşkilatlarda rolunun artdığını qeyd edib.
Prezident İslam həmrəyliyinin gücləndirilməsi istiqamətində Azərbaycanın birləşdirici rolunu da vurğulayıb. O bildirib ki, Azərbaycan D-8 təşkilatına üzv olub və İslam Əməkdaşlıq Təşkilatı ilə sıx əlaqələr saxlayır.
İlham Əliyev çıxışında Azərbaycanın Çin və ABŞ-la strateji tərəfdaşlıq münasibətləri qurduğunu da diqqətə çatdırıb. Prezident Azərbaycanın heç bir düşərgəyə qoşulmadan milli maraqlara əsaslanan müstəqil xarici siyasət həyata keçirdiyini bildirib.
İqtisadi və sosial məsələlərə toxunan dövlət başçısı gələn il minimum əməkhaqqının, pensiyaların və sosial müavinətlərin artırılacağını açıqlayıb. O bildirib ki, bu siyasət Azərbaycan əhalisinin rifahının ildən-ilə yaxşılaşdırılmasına xidmət edir.
Enerji məsələlərindən danışan İlham Əliyev Azərbaycanın dünya miqyasında müxtəlif enerji resurslarını istehsal, hasil və ixrac edən nadir ölkələrdən biri olduğunu bildirib. O, enerji təhlükəsizliyinin milli təhlükəsizliyin mühüm tərkib hissəsi olduğunu və Azərbaycanın bu sahədə rolunun daha da artacağını qeyd edib.
Dövlət başçısı nəqliyyat sektorunun da ölkənin geosiyasi əhəmiyyətini artıran əsas amillərdən biri olduğunu vurğulayıb. Onun sözlərinə görə, Azərbaycan ərazisindən keçən tranzit yüklərin həcminin orta müddətdə 30 milyon tona çatdırılması qarşıya məqsəd qoyulub. Bu istiqamətdə Orta Dəhliz və Şimal-Cənub Dəhlizinin imkanlarının genişləndirilməsi nəzərdə tutulur.
İlham Əliyev Qarabağ və Şərqi Zəngəzurun bərpasının qarşıda duran əsas vəzifələrdən biri olduğunu bildirib. Prezident qeyd edib ki, bu bölgələrin inkişafına indiyədək 28 milyard manat vəsait ayrılıb, hazırda Qarabağ və Şərqi Zəngəzurda 96 min insan yaşayır, çalışır və təhsil alır. 48 yaşayış məntəqəsində keçmiş məcburi köçkünlərin məskunlaşdığını bildirən dövlət başçısı qarşıdakı illərdə “Böyük Qayıdış” prosesinin daha da sürətləndiriləcəyini deyib.
Prezident çıxışının sonunda Yeni Azərbaycan Partiyasının üzvlərinin qarşıda duran tarixi vəzifələrin icrasında fəal iştirak edəcəyinə əminliyini ifadə edib və partiyaya yeni qələbələr arzulayıb.
Sevil Əliyeva
Abşeron rayonu, Güzdək qəsəbə tam orta məktəbinin direktoru