Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətləri son illərdə siyasi dialoqdan iqtisadi, nəqliyyat, energetika və investisiya sahələrini əhatə edən genişmiqyaslı tərəfdaşlığa doğru inkişaf edir. Bu istiqamətdə əldə olunan nəticələr və qarşıda duran yeni hədəflər Türkmənistanın Türkmənbaşı şəhərində keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçıları arasında 8-ci Məşvərət görüşündə bir daha diqqətə çatdırılıb.
Görüşdə çıxış edən Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizin Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət formatına tamhüquqlu üzv olmasının region ölkələri ilə əməkdaşlığın daha da dərinləşdirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildirib. Azərbaycanın bu formatda iştirakının region dövlətləri tərəfindən yekdilliklə dəstəklənməsi qarşılıqlı etimadın mühüm göstəricisi kimi qiymətləndirilib.
Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə iqtisadi əlaqələrində də ciddi artım müşahidə olunur. Ötən il region dövlətləri ilə ticarət dövriyyəsinin 50 faizdən çox artması əməkdaşlığın real iqtisadi nəticələrini göstərir. Hazırda Azərbaycanda Mərkəzi Asiya ölkələrinin kapitalı ilə 400-dən çox şirkətin fəaliyyət göstərməsi isə qarşılıqlı investisiya imkanlarının genişləndiyini nümayiş etdirir.
Əməkdaşlığın növbəti mərhələsində yalnız ticarət dövriyyəsinin artırılması deyil, birgə istehsal və investisiya layihələrinin həyata keçirilməsi əsas prioritetlərdən biri kimi qarşıya qoyulur. Azərbaycan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında yaradılmış birgə investisiya fondlarının imkanlarından daha fəal istifadə edilməsi bu baxımdan mühüm potensiala malikdir.
Azərbaycanın region ölkələri ilə əməkdaşlığında nəqliyyat bağlantıları da xüsusi yer tutur. Xəzər dənizi üzərindən formalaşan əlaqələr Mərkəzi Asiyanın Avropa və digər beynəlxalq bazarlara çıxışında Azərbaycanın rolunu daha da artırır. Xüsusilə Orta Dəhliz üzrə yükdaşımaların artması bu marşrutun regional və beynəlxalq əhəmiyyətinin yüksəldiyini göstərir.
Məlumata görə, ötən il Orta Dəhliz üzrə tranzit yükdaşımaların həcmi 10 faizdən çox artıb. 2026-cı ilin ilk səkkiz ayında isə artım təxminən 20 faiz təşkil edib. Bu dinamika Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da genişləndiriləcəyini göstərir.
Rəqəmsal bağlantıların inkişafı da yeni əməkdaşlıq istiqamətlərindən biridir. “Rəqəmsal İpək Yolu” layihəsi çərçivəsində Xəzər dənizinin dibi ilə fiber-optik xətlərin inkişaf etdirilməsi istiqamətində görülən işlər regionun rəqəmsal inteqrasiyasına mühüm töhfə verə bilər.
Energetika sahəsində Azərbaycan Mərkəzi Asiya ilə Avropa arasında mühüm bağlantı rolunu davam etdirir. Türkmənistan və Qazaxıstandan neftin Azərbaycan ərazisi ilə nəqli həyata keçirilir və bu istiqamətdə daşımaların həcmi artır. Bununla yanaşı, bərpaolunan enerji sahəsində Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında əməkdaşlıq genişlənir, yaşıl enerji dəhlizinin yaradılması istiqamətində birgə layihələr həyata keçirilir.
Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə münasibətlərində qarşılıqlı siyasi dəstək və humanitar əməkdaşlıq da mühüm yer tutur. Region ölkələrinin işğaldan azad edilmiş ərazilərin bərpasında iştirakı bunun bariz nümunəsidir. Özbəkistanın Füzulidə Mirzə Uluqbəy adına məktəb, Qazaxıstanın Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzi, Qırğızıstanın isə Ağdamda Manas adına məktəb inşa etməsi bu həmrəyliyin konkret ifadəsidir.
Türkmənistanın Füzulidə məscid inşa etməsi də Azərbaycan-Türkmənistan münasibətlərində mənəvi və humanitar əlaqələrin xüsusi əhəmiyyət daşıdığını göstərir.
Bütün bunlar Azərbaycanla Mərkəzi Asiya dövlətləri arasında münasibətlərin çoxşaxəli xarakter aldığını göstərir. Siyasi etimadın, iqtisadi əlaqələrin, nəqliyyat və enerji əməkdaşlığının paralel şəkildə inkişaf etdirilməsi regionun uzunmüddətli sabitliyi və yeni iqtisadi imkanların formalaşması üçün mühüm zəmin yaradır.
Almaz Hüseynova
Abşeron rayonu, Şəfəq qəsəbə tam orta məktəbin direktoru