Azərbaycan mediası aprelin 11-də keçirilmiş prezident seçkilərində öz üzərinə düşən vəzifəni layiqincə yerinə yetirib və səsvermə prosesini əvvəlki seçkilərdən daha peşəkar şəkildə işıqlandırıb.Bu fikri Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov prezident seçkilərində medianın iştirakı ilə bağlı keçirilən mətbuat konfransında deyib. O bildirib ki, kütləvi informasiya vasitələri tərəfindən təbliğat xarakterli 1051 informasiya yayılıb. Mətbuat Şurası əsasən təbliğat xarakterli informasiyaların monitorinqini aparıb. “Sükut günü”ndə kütləvi informasiya vasitələrində qanun pozuntusuna rast gəlinməyib.
Qeyd edilib ki, ümumilikdə KİV-lər prezident seçkilərini işıqlandırarkən Azərbaycan Konstitusiyasından, Seçki Məcəlləsindən, KİV haqqında qanundan, jurnalistlərin peşə etikası kodeksindən irəli gələn tələblərə riayət ediblər. Mətbuat Şurasında prezident seçkiləri ilə əlaqədar “qaynar xətt” fəaliyyət göstərib. Səsvermə zamanı peşə fəaliyyətini yerinə yetirən jurnalistlərdən Mətbuat Şurasının “qaynar xətt”inə cəmi bir müraciət daxil olub və yaranan anlaşılmazlıq aradan qaldırılıb. Paytaxtda və ölkənin müxtəlif bölgələrindəki seçki məntəqələrində olan Mətbuat Şurasının monitorinq qrupunun üzvləri də seçkilərdə jurnalistlərin prosesi işıqlandırmalarında hər hansı maneə qeydə almayıblar.