Azərbaycan professional musiqi sənətinin banisi Üzeyir Hacıbəylinin dünyaya gəldiyi 18 sentyabr ölkəmizdə ənənəvi olaraq Milli musiqi günü kimi təntənə ilə qeyd olunur. Abşeron rayonunda da hər il olduğu kimi bu ildə Üzeyir Hacıbəylinin anadan olmasının 133-cü ildönümü və “Milli musiqi günü” münasibətilə Xırdalan şəhərində yerləşən Heydər Əliyev Mərkəzində Abşeron rayon İcra Hakimiyyətinin və Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun birgə təşkilatçılığı ilə tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Fondun Abşeron rayon üzrə nümayəndəsi Təyyübə Hüseyinova məlumat verərək bildirib ki, Azərbaycan xalqının dahi oğlu, musiqi mədəniyyətimizin korifeyi Üzeyir bəy Hacıbəyovun doğum günü ölkəmizdə Milli Musiqi günü kimi qeyd edilir. Bu bayram bütün musiqisevərlərin bayramıdır.
Milli Musiqi günü münasibətilə bütün musiqisevərləri rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədovanın adından təbrik edən rayon icra hakimiyyəti başçısının müavini Fuad Cəbrayılov bildirib ki, Azərbaycan mədəniyyətinə, incəsənətinə diqqət və qayğı həmişə Ulu Öndərimiz Heydər Əliyevin diqqət mərkəzində olub. Bu böyük insan həmişə görgəmli sənətkarlara, xalqımızın musiqi mədəniyyətinə, incəsənətinə xüsusi diqqət və qayğl ilə yanaşıb, onun inkişafına çalışıb. Bu gün də bu ənənə dövlət başçımız cənab İlham Əliyev tərəfindən, birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirilir. Məhz Mehriban xanımın gərgin əməyi və səyləri nəticəsində mədəniyyət və incəsənətimiz bir sıra beynəlxalq statuslar alıb. Dahi Üzeyir Hacıbəyov isə təkcə Azərbaycanın deyil, dünya musiqi mədəniyyətinə böyük töhfələr bəxş edib.
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun mətbuat katibi Ceyhun Musaoğlu qeyd edib ki, dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub, görkəmli musiqi xadimləri onu "professional Şərq musiqisinin atası" adlandırıblar.
Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının dosenti, sənətşünaslıq doktoru Nuridə İsmayılova Ü.Hacıbəylinin ömür yolundan, zəngin və çoxşaxəli yaradıcılığından, milli musiqi mədəniyyətinin inkişafında əvəzsiz xidmətlərindən, dünya musiqi sənətinə verdiyi töhfələrdən danışıb.
Daha sonra tədbir çərçivəsində Ü.Hacıbəylinin, Azərbaycanın və dünyanın tanınmış bəstəkarlarının əsərləri ifa edilib.
Şamo Əliyev