Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir

Tarix:4-11-2025, 15:29

Azərbaycan xalqı Zəfər Gününü böyük qürur və coşqu ilə qeyd edir


Bu gün Azərbaycan xalqı Zəfər Gününü – Vətən müharibəsində qazanılmış möhtəşəm Qələbənin beşinci ildönümünü böyük qürur, sevinc və coşqu ilə qeyd edir. 8 Noyabr 2020-ci ildə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin Şəhidlər xiyabanından xalqımıza “Şuşa azaddır!” müjdəsini verməsi Azərbaycan tarixində əbədi iz qoydu. O gün Ali Baş Komandanın “Xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır bu gün!” sözləri yalnız tarixi bir qələbənin deyil, həm də milli qürurun və ata vəsiyyətinin yerinə yetirilməsinin təntənəsi idi.

Bu məqamda Ulu Öndər Heydər Əliyevin “İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri İlham Əliyev başa çatdıra biləcək” sözləri sanki bir vəsiyyət kimi reallaşdı. Prezident İlham Əliyev Ulu Öndərin başladığı missiyanı böyük iradə və əzm ilə tamamladı, Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü bərpa etdi.

Azərbaycan uzun illər boyu beynəlxalq hüququn norma və prinsiplərinə sadiq qalaraq torpaqlarını sülh yolu ilə azad etməyə çalışdı. Lakin BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnamə və digər beynəlxalq sənədlər kağız üzərində qaldı, beynəlxalq təşkilatlar təcavüzkara qarşı qətiyyətli mövqe nümayiş etdirmədi. ATƏT-in Minsk qrupu isə danışıqlar prosesini illərlə nəticəsiz şəkildə uzatmaqla, əslində işğalın möhkəmlənməsinə şərait yaratdı. Ermənistan rəhbərliyinin “yeni ərazilər üçün yeni müharibə” bəyanatları, təxribatçı addımları və işğal olunmuş torpaqlarda qanunsuz məskunlaşdırma siyasəti bu ölkənin sülh istəmədiyini bir daha sübut etdi.

Azərbaycan dövləti isə dəfələrlə bəyan edirdi ki, heç zaman torpaqlarının işğalı ilə barışmayacaq, ərazi bütövlüyünün bərpası onun üçün milli məsələlərin ən ümdəsidir. 2020-ci il sentyabrın 27-də Ermənistanın növbəti hərbi təxribatına cavab olaraq Azərbaycan Respublikası BMT Nizamnaməsinin 51-ci maddəsinə əsaslanaraq özünümüdafiə hüququndan istifadə etdi və əks-hücum əməliyyatına başladı. 44 gün davam edən Vətən müharibəsi xalqımızın həm döyüş meydanında, həm də mənəvi cəbhədə birliyini göstərdi.

Azərbaycan Ordusunun qəhrəmanlığı nəticəsində 300-dən çox yaşayış məntəqəsi, 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Noyabrın 8-də isə Şuşa əməliyyatı ilə müharibənin taleyi həll olundu. Bu əməliyyat dünya hərb tarixində özünəməxsus yer tutdu – çətin relyefdə, yüksək peşəkarlıq və taktiki müdrikliklə aparılan bu döyüşlər Azərbaycan Ordusunun qüdrətini, igidliyini və mənəvi üstünlüyünü göstərdi.

Ali Baş Komandan İlham Əliyev Şuşanın azad edildiyini xalqımıza elan edərkən böyük fəxarətlə söylədi: “İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Bu, bizim şanlı Qələbəmizin, Zəfərimizin günüdür!” Prezidentin bu sözləri xalqın yüzillik həsrətinə son qoydu, “Şuşasız Qarabağ yoxdur” deyən Ulu Öndərin arzusunu gerçəkləşdirdi.

Vətən müharibəsində Azərbaycanın hərbi təcrübəsi, döyüş strategiyası və texnoloji imkanları bu gün dünyanın bir çox ölkələrinin hərbi məktəblərində öyrənilir. 44 gün ərzində Azərbaycan Ordusu ən müasir döyüş silahlarından istifadə etməklə yüksək peşəkarlıq nümayiş etdirdi. Ermənistan ordusu demək olar ki, tamamilə məhv edildi, on minlərlə hərbçisi fərarilik etdi, lakin Azərbaycan Silahlı Qüvvələrində bir nəfər belə fərari olmadı.

Qələbədən üç il sonra – 2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycan Ordusu tərəfindən həyata keçirilən lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyi tam bərpa edildi. Həmin ilin 15 oktyabrında Prezident İlham Əliyev Xankəndidə, Xocalıda, Xocavənddə, Ağdərədə və Əsgəranda üçrəngli Azərbaycan bayrağını ucaldaraq “Bu gün burada qaldırdığım bayraq əbədi dalğalanacaq, biz burada əbədi yaşayacağıq. Qarabağ bizimdir, Qarabağ Azərbaycandır!” sözlərini söylədi.

Hazırda dövlət başçısının rəhbərliyi ilə Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı bərpa və quruculuq işləri həyata keçirilir. Yeni yollar, tunellər, sənaye obyektləri, məktəblər, yaşayış binaları və sosial infrastruktur sürətlə inşa olunur. Azərbaycan xalqı yalnız torpaqlarını deyil, həm də həyatını, mədəniyyətini və gələcəyini yenidən qurur.

Ulu Öndərin vəsiyyətinin yerinə yetirilməsi, torpaqlarımızın azad olunması və tarixi ədalətin bərpası xalqımızı məğlubiyyət acısından qurtararaq onu qalib xalqa çevirdi. Azərbaycan bütün dünyaya sübut etdi ki, heç bir güc onun suverenliyini sarsıda, iradəsini əzə bilməz.
Bu möhtəşəm Zəfərin ildönümündə ölkəmizin hər yerində olduğu kimi, Abşeron Rayonunda da Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilir. Abşeron Rayon İcra Hakimiyyəti və Abşeron-Xızı Regional Təhsil İdarəsinin təşəbbüsü ilə məktəblərdə, mədəniyyət müəssisələrində və Uşaq-Gənclər İnkişaf Mərkəzində sərgilər, bilik yarışları və vətənpərvərlik tədbirləri təşkil olunur.

Zəfərin beşinci ildönümündə xalqımız bir daha qəhrəman şəhidlərimizin əziz xatirəsini ehtiramla anır, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən bu tarixi Qələbə ilə qürur duyur. 8 Noyabr — Azərbaycan xalqının iradəsinin, birliyinin və qəhrəmanlığının simvoluna çevrilib.

Qarabağ Azərbaycandır! Zəfərin mübarək, Azərbaycan!

Aytən Rüstəmova,
Abşeron Rayon Uşaq Gənclər İnkişaf Mərkəzinin direktoru

Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Azərbaycan 2030-cu ilə qədər tranzit hədəfini açıqladı
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Şəhidlərimizin qəhrəmanlığı Zəfər tariximizin əbədi səhifəsidir
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Azərbaycanda 5 mindən çox yeni iş yerinin yaradılması planlaşdırılır
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
Suverenliyimizin tam bərpa olunduğu tarixi gün
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
20 sentyabr Xankəndi, Xocalı, Xocavənd və Ağdərə günüdür
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Türk dünyasında əməkdaşlığın yeni hədəfləri
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Prezidentdən İslam dünyasına mühüm birlik mesajı
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Qarabağın dirçəlişini və aparılan quruculuq işlərini erməni revanşist qüvvələr həzm edə bilmirlər
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Sülhə gedən yol tarixi həqiqətdən keçir
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
Azərbaycan və Özbəkistan münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoyur
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
İşğaldan Zəfərə və Zəfərdən quruculuğa uzanan Laçın yolu
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Qardaşlıqdan müttəfiqliyə uzanan yol
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Prezident İlham Əliyevin Naxçıvan səfərindən mühüm mesajlar
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan–Qırğızıstan münasibətlərində yeni mərhələ başlayır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Azərbaycan dili milli irsimizin əbədi daşıyıcısıdır
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu