27 noyabr tarixində Xırdalan şəhər 25 saylı körpələr-evi uşaq bağçasında “Məhsul Bayramı” münasibətilə tədbir keçirilib.
Tədbirdə 25 saylı körpələr-evi uşaq bağçasının müdiri Ofelya Mustafayeva, Abşeron RİH-in əməkdaşları Elnarə Umayeva, Samirə İsmayılzadə və bağçanın kollektivi iştirak ediblər.
İlk öncə tədbiri açıq elan edən bağçanın müdiri Ofelya Mustafayeva qonaqları və valideynləri salamlayaraq tədbirə uğurlar diləyib. O. Mustafayeva çıxışında məhsul bayramının ənənəvi olaraq 25 saylı körpələr-evi uşaq bağçasında yüksək səviyyədə keçirildiyini diqqətə çatdıraraq, qeyd edib ki, bolluq, gözəllik və rəngarəngliyi özündə ehtiva edən payız fəslinin balaca fidanların obrazlarında canlanması tədbirə daha gözəl rəng qatır.
Daha sonra tədbir balaca fidanların hazırladıqları payız fəsilinin nümayiş edildiyi əyləncəli proqramla davam etdirilib.
Uşaqların çıxışları tədbir iştirakçıları tərəfindən böyük rəğbətlə qarşılanıb.
Aparılan təlim-tərbiyə işinin nəticəsində tədbirin yüksək səviyyədə hazırlandığını, bağçada bir çox istiqamətlərdə müsbət təcrübə toplandığını qeyd edən icra rəsmiləri E.Umayeva və S.İsmayılzadə tədbirin ərsəyə gəlməsində xüsusi rolu olan bağçanın tərbiyəçiləri Türkay Fərzəliyeva və Günay Əsgərovaya təşəkkür ediblər.
Şamo Əliyev