5 oktyabr tarixini təqvimdə sadəcə bir bayram günü kimi qəbul etmək doğru olmaz. Beynəlxalq Müəllimlər Günü cəmiyyətin formalaşmasında, gələcək nəsillərin yetişdirilməsində və hər bir insanın həyat yolunun müəyyənləşməsində müəllimin roluna verilən böyük dəyərin ifadəsidir. Çünki müəllim məktəbdə yalnız fənn öyrətmir, o, bir insanın gələcəyinə toxunur.
Məktəb direktoru kimi uzun illərdir müşahidə etdiyim bir həqiqət var: şagirdin uğurunun arxasında çox zaman görünməyən, lakin böyük zəhmət dayanan müəllim olur. Bir şagirdin özünə inanmasında, hansısa fənnə maraq göstərməsində, düzgün qərar verməsində və cəmiyyət üçün faydalı şəxsiyyət kimi formalaşmasında müəllimin bir sözü, bir tövsiyəsi, hətta bəzən sadəcə ona göstərdiyi diqqət həlledici rol oynaya bilir.
Məhz buna görə müəllimlik yalnız peşə deyil, böyük mənəvi məsuliyyətdir. Müəllim hər gün sinfə daxil olarkən qarşısında sadəcə şagird görmür. O, Azərbaycanın gələcək həkimini, mühəndisini, müəllimini, alimini, hərbçisini, sahibkarını, dövlət xadimini və ən əsası, gələcəyin vətəndaşını görür.
Ümummilli Lider Heydər Əliyevin müəllim haqqında söylədiyi “Mən dünyada müəllimdən şərəfli ad tanımıram” fikri də məhz bu böyük məsuliyyətin mahiyyətini ifadə edir. Ulu Öndərin müəllim əməyinə verdiyi yüksək qiymət Azərbaycanda təhsilə dövlət münasibətinin mühüm əsaslarından birinə çevrilib.
Bu gün həmin ənənə yeni mərhələdə davam etdirilir. Azərbaycanda dövlət ümumi təhsil müəssisələrində 121 min 424 müəllim fəaliyyət göstərir. Onların hər biri fərqli məktəbdə, fərqli sinifdə, fərqli uşaqlarla çalışsa da, qarşılarında eyni məqsəd dayanır – savadlı, düşünən, yaradıcı, vətənpərvər və məsuliyyətli nəsil yetişdirmək.
Azərbaycan məktəbi də bu gün əvvəlki məktəbdən fərqlənir. Müasir məktəb artıq yalnız dərslik, lövhə və partadan ibarət deyil. Texnologiyanın sürətlə dəyişdiyi bir dövrdə müəllim özü də daim yenilənməli, yeni biliklər qazanmalı, şagirdə məlumatı əzbərlətməkdən daha çox, onu düşünməyə və araşdırmağa istiqamətləndirməlidir.
Bu baxımdan ölkəmizdə son illərdə təhsil sahəsində həyata keçirilən layihələr məktəbin qarşısında yeni imkanlar yaradıb. Son 25 ildə 4000-dək məktəb binasının tikilməsi və ya əsaslı təmir olunması, son illərdə təqribən 600 təhsil müəssisəsinin yenidən qurulması, 2026–2027-ci tədris ilində 37 yeni təhsil müəssisəsinin fəaliyyətə başlaması təhsil infrastrukturunun yenilənməsinin miqyasını göstərir.
Lakin yaxşı məktəb yalnız müasir binadan ibarət deyil. Məktəbin əsl gücü onun müəllimindədir. Ən müasir texnologiya belə müəllimin şagirdə verdiyi diqqəti, qayğını və motivasiyanı əvəz edə bilməz. Ona görə də məktəb binasının yenilənməsi ilə müəllimin peşəkar inkişafının paralel getməsi olduqca vacibdir.
Bu istiqamətdə sertifikatlaşdırma prosesinin əhəmiyyəti xüsusilə qeyd edilməlidir. Müəllimdən daim öyrənmək, özünü inkişaf etdirmək və dəyişən təhsil tələblərinə uyğunlaşmaq tələb olunur. Sertifikatlaşdırma nəticəsində təqribən 90 min təhsilverənin əməkhaqqına əlavələrin edilməsi də müəllim əməyinə verilən diqqətin göstəricilərindən biridir.
Rəqəmsallaşma isə artıq Azərbaycan məktəbinin ayrılmaz hissəsinə çevrilir. 2026–2027-ci tədris ilində “Rəqəmsal bacarıqlar” layihəsinin tətbiq olunduğu məktəblərin sayı 1001-ə, layihə ilə əhatə olunan şagirdlərin sayı 630 mindən çoxa çatıb. STEAM layihəsinin 563 məktəbi və 312 min 197 şagirdi əhatə etməsi də uşaqların yalnız hazır bilikləri mənimsəməsinə deyil, yeni ideyalar yaratmasına, araşdırmasına və innovativ düşünməsinə imkan verir.
Bu dəyişiklikləri Abşeron rayonunun təhsil mühitində də aydın görmək mümkündür.
Abşeronun sürətlə böyüyən əhalisi, yeni yaşayış massivlərinin yaranması və gənc ailələrin sayının artması təhsil qarşısında da yeni çağırışlar yaradır. Bu çağırışların fonunda Xırdalan, Mehdiabad, Masazır, Qobu, Hökməli, Saray və digər yaşayış məntəqələrində təhsil infrastrukturunun yenilənməsi xüsusi əhəmiyyət daşıyır.
Yeni məktəblərin tikilməsi, mövcud məktəblərin əsaslı təmiri, müasir avadanlıqların tətbiqi və tədris imkanlarının genişləndirilməsi nəticəsində Abşeron məktəblərində minlərlə şagird daha əlverişli şəraitdə təhsil alır. Lakin bizim üçün əsas məsələ yalnız məktəblərin sayını artırmaq deyil. Əsas məqsəd həmin məktəblərdə keyfiyyətli təhsil mühiti yaratmaqdır.
Məktəb rəhbəri olaraq düşünürəm ki, keyfiyyətli təhsilin üç əsas dayağı var: peşəkar müəllim, sağlam məktəb mühiti və öyrənməyə həvəsli şagird. Bu üç amil bir araya gələndə məktəb öz həqiqi missiyasını yerinə yetirir.
Abşeron müəllimlərinin əməyində isə bu missiyanın xüsusi bir ruhu var. Çünki burada müəllim həm sürətlə dəyişən müasir şəhər mühitinə uyğunlaşmalı, həm də milli-mənəvi dəyərləri qoruyub gələcək nəslə ötürməlidir. Şagirdə texnologiyanı öyrətməklə yanaşı, Vətəni sevməyi, tarixini bilməyi, ailəyə və cəmiyyətə hörmət etməyi də aşılamaq lazımdır.
Azərbaycan müəlliminin Vətən qarşısındakı xidmətləri bunun ən parlaq nümunələrindəndir. 44 günlük Vətən müharibəsində 20 məktəb direktoru, 32 direktor müavini və 671 müəllimin döyüşlərdə iştirak etməsi, 20 təhsil işçisinin şəhidlik zirvəsinə ucalması müəllim adının yalnız məktəb divarları ilə məhdudlaşmadığını göstərdi. Onlar həm pedaqoq, həm vətəndaş, həm də Vətən qarşısında məsuliyyət daşıyan insanlar kimi öz mövqelərini ortaya qoydular.
Bu gün isə həmin müəllim nəslinin qarşısında başqa bir məsuliyyət dayanır. Azad edilmiş ərazilərdə qurulan yeni məktəblərdə uşaqların təhsil alması, müəllimlərin həmin torpaqlarda yenidən dərs deməsi Böyük Qayıdışın mənəvi və sosial mahiyyətini tamamlayan mühüm hadisədir.
Çünki məktəb harada açılırsa, orada gələcəyə inam yaranır. Müəllim harada dərs deyirsə, orada həyat yenidən canlanır. Uşaqlar harada məktəbə gedirsə, həmin ərazinin sabahına inam daha da möhkəmlənir.
Təhsilin inkişafında Heydər Əliyev Fondunun gördüyü işləri də xüsusi qeyd etmək lazımdır. “Yeniləşən Azərbaycana yeni məktəb”, “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı” kimi layihələr ölkənin müxtəlif bölgələrində uşaqlar üçün daha müasir və əlverişli təhsil mühitinin formalaşmasına xidmət edib.
Bu gün qarşımızda duran əsas vəzifə yalnız yüksək nəticə göstərən şagirdlər yetişdirmək deyil. Biz həm də düşünməyi bacaran, məsuliyyətli qərarlar verən, elmə və biliyə dəyər verən, milli-mənəvi dəyərlərə bağlı və ölkəsinin gələcəyinə töhfə verməyə hazır şəxsiyyətlər yetişdirməliyik.
Çünki məktəbin uğuru yalnız olimpiada qaliblərinin, yüksək bal toplayan məzunların sayı ilə ölçülmür. Məktəbin ən böyük uğuru illər sonra öz şagirdlərinin cəmiyyətdə tutduğu mövqedə görünür.
Bu gün qarşımızda oturan bir şagird sabah böyük bir şirkətdə mühəndis, xəstəxanada həkim, universitetdə alim, məktəbdə müəllim, dövlət idarəsində məsul əməkdaş ola bilər. Onun gələcək uğurunda isə illər əvvəl ona dərs deyən müəllimin izi mütləq qalacaq.
Mən bütün həmkarlarımın qarşısında baş əyirəm. Çünki müəllim hər gün böyük bir gələcəyə xidmət edir. Bəzən onun əməyinin nəticəsini həmin gün görmək mümkün olmur. Lakin illər keçir və bir vaxtlar məktəb partasında oturan uşağın uğuru müəllimin ən böyük mükafatına çevrilir.
5 oktyabr münasibətilə bütün Azərbaycan müəllimlərini, xüsusilə Abşeron rayonunun fədakar və peşəkar təhsil işçilərini səmimi qəlbdən təbrik edirəm.
Arzu edirəm ki, hər bir müəllim yetişdirdiyi şagirdin uğurunu görsün, hər bir məktəb yeni nailiyyətlərlə tarix yazsın, hər bir şagird isə müəlliminin ona bəslədiyi inamı doğrultsun.
Müəllim yalnız bu gün üçün dərs demir. O, sabah üçün insan yetişdirir. Və Azərbaycanın sabahı bu gün sinif otaqlarında yazılır.
Faiq Xosrovlu,
Mehdiabad qəsəbə 5 nömrəli tam orta məktəbin direktoru