Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Yeni iqtisadi islahatlar Abşeronun inkişafına mühüm töhfə verəcək

Tarix:9-02-2016, 14:30

Yeni iqtisadi islahatlar Abşeronun inkişafına mühüm töhfə verəcək Mürəkkəb qlobal iqtisadi proseslər və neftin qiymətinin düşməsi Azərbaycanın da iqtisadi inkişafına təsirsiz ötüşmür. Lakin Prezident İlham Əliyevin düşünülmüş və çevik siyasi kursu sayəsində Azərbaycan mürəkkəb qlobal proseslərin təsirindən məharətlə qorunur. Ötən ilin yekunları da göstərir ki, regional və qlobal səviyyədə mürəkkəb siyasi və iqtisadi proseslərin mənfi təsirləri olsa da, milli iqtisadiyyatın inkişafı davam edir. Neftin qiymətinin 3 dəfədən çox aşağı düşməsinə baxmayaraq iqtisadiyyat 1,1 faiz, sənaye istehsalı 2,4 faiz, qeyri-neft sənayesi isə 8,4 faiz artıb.

Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında, iqtisadi və sosial məsələlərin həlli ilə bağlı müşavirədə və “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ildönümü ilə bağlı konfransda ümumdünya iqtisadi böhranının Azərbaycana mənfi təsirlərinin müşahidə olunduğu və enerji resurslarının qiymətlərinin kəskin şəkildə aşağı düşdüyü hazırkı dövrdə ölkəmizin iqtisadi dayanıqlığının təmin edilməsi, qeyri-neft sektorunun, o cümlədən aqrar sahənin inkişafı, maliyyə sabitliyinin təmin edilməsi ilə bağlı istiqamətləri müəyyən edib. Yeni iqtisadi siyasətin konturlarını diqqətə çatdıran dövlət başçısı qarşıdan gələn dövrdə görüləcək işlərlə bağlı dövlət strukturlarına müvafiq tapşırıqlar verib.

Bütün bu məsələlər Abşeron rayonunun 2015-ci ildə sosial-iqtisadi inkişafının yekunlarına və 2016-cı ildə qarşıda duran vəzifələrə dair Xırdalan şəhərindəki Heydər Əliyev Mərkəzində keçirilən hesabat yığıncağında ətraflı müzakirə olundu. Yığıncaqda Prezident İlham Əliyevin nitqlərindən irəli gələn məsələlər baxımından rayonun aidiyyəti orqanlarının qarşısında duran vəzifələr təhlil olundu. Abşeron Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova məruzə ilə çıxış edərək bildirdi ki, ötən il rayonun sosial-iqtisadi inkişafı ilə bağlı həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində abadlıq-quruculuq işləri davam etdirilib, əhalinin maddi rifahının yaxşılaşdırılması, sosial problemlərinin həlli məsələləri RİH başçısı aparatının daim diqqət mərkəzində saxlanılıb.

2015-ci il Abşeronda müsbət makroiqtisadi göstəricilərlə əlamətdardır

Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramına uyğun olaraq həyata keçirilmiş tədbirlər nəticəsində rayon üzrə makroiqtisadi göstəricilərdə artım əldə edilib. Əvvəlki illərdə olduğu kimi, rayonda kiçik və orta sahibkarlığın inkişafına hərtərəfli şərait yaradılıb, daxili imkanlar hesabına sağlam biznes mühitinin formalaşdırılması istiqamətində mühüm tədbirlər həyata keçirilib. 2015-ci il ərzində Sahibkarlığa Kömək Milli Fondu tərəfindən rayonda 64 layihə üzrə 41 milyon 364 min manat güzəştli kredit verilib, layihələrin icrası nəticəsində 900 yeni iş yeri açılıb.

Bütün bunların nəticəsi kimi ötən il rayonda sənaye məhsulunun həcmi 6,5 faiz artaraq 122 milyon manata çatıb. İstehsal olunmuş sənaye məhsulunun 72,5 faizi qeyri-dövlət müəssisələrinin payına düşür. Həmin müəssisələrdə çalışan işçilərin orta aylıq əmək-haqqı 442 manat təşkil edib.

2015-ci il ərzində Abşeronda 256 milyon manatlıq tikinti-quraşdırma işləri görülüb, rayonun iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 172 milyon manat investisiya yönəldilib. Hesabat dövründə rayonda 6 mənzil-tikinti kooperativi tərəfindən çoxmərtəbəli yaşayış binaları üzrə 182 min kvadmetrlik yaşayış fondunun tikintisi başa çatdırılaraq istismara qəbul edilib.

Son illər qarşıya qoyulmuş tələblərdən biri də rayonların dövlət dotasiyasından asılılığının minimuma endirilməsi təşkil edir. Abşeronda güclü iqtisadiyyatın, sahibkarlıq obyektlərinin istehsal, ticarət, xidmət və digər sahələr üzrə fəaliyyət göstərən sahibkarlıq obyektlərinə yaradılmış əlverişli şəraitin nəticəsində rayon üzrə artıq altı ildir ki, dövlət büdcəsindən dotasiya almadan yerli gəlirlər hesabına yerli büdcənın formalaşdırılması təmin edilir. Ötən il yerli büdcəyə 36 milyon 261 min manat vəsait cəlb olunaraq proqnoza 101 faiz əməl edilib, rayonun yerli xərcləri isə 93,6 faiz icra olunub.

Ayrı-ayrı sahələrə nəzər yetirdikdə yerli gəlirlərin hansı mənbələr üzrə formalaşdığını görmək olar. Məsələn, hesabat dövründə Abşeron Telekommunikasiya Qovşağı tərəfindən tarif gəliri planı üzrə 5 milyon 750 min manat gəlir əldə edilib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 649 min manat çoxdur. Avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən hüquqi və fiziki şəxslər tərəfindən 1123 min ton yük daşınıb və yükdaşınmaların həcmi 2014-cü illə müqayisədə 7,5 faiz çox olub. Pərakəndə ticarət və iaşə müəssisələri tərəfindən isə əhaliyə göstərilən xidmətin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 17 faiz artaraq 296 milyon manat təşkil edib.

2015-ci ilin ölkəmizdə “Kənd təsərrüfatı ili” elan edilməsi ilə əlaqədar rayonda heyvandarlıq və bitkiçilik məhsulları istehsalının həcmi də xeyli artıb. Rayonun qəsəbə və kəndlərində əhali və fermer təsərrüfatlarında qaramalın sayı 20 min 394 başa, davarın sayı 106 min 346 başa, quşların sayı isə 986 min başa çatmışdır. Ötən dövr ərzində 1976 ton ət, 42 min 852 ton süd, 2822 ton yun istehsal olunmuşdur. Yumurta istehsalı 139 milyon ədədə çatıb. Hazırda rayonun dövlət və qeyri-dövlət müəssisələrində 139 hektar üzüm, 1589 hektar zeytun, 23 hektar zəfəran sahələri mövcuddur. Hesabat dövründə 334 hektar sahəsi olan istixanalardan 5519 ton məhsul yığılıb. Ümumi sahəsi 452 hektar olan əkin sahələrindən 691 ton taxıl toplanılıb.
2014-2018-ci illərin dövlət proqramında rayon üzrə heyvandarlıq, zeytunçuluq, zəfərançılıq, üzümçülük və istixana şəraitində tərəvəzçilik sahələrinin inkişafının dövlət tərəfindən dəstəklənməsi, eləcə də rayonda yerləşən kənd təsərrüfatı istehsalının inkişafına xidmət edən infrastrukturun madditexniki bazasının möhkəmləndirilməsi nəzərdə tutulur. Artıq bu istiqamətdə işlərə başlanılıb və rayon icra hakimiyyəti tərəfindən istixanaların yaradılması və zeytun əkilməsi məqsədilə 150 hektar torpaq sahəsi ayrılıb.

İnfrastruktur layihələrinin icrası davam edir

2015-ci ildə təhsil, səhiyyə, mədəniyyət müəssisələrinin normal fəaliyyətləri üçün lazımi şəraitin yaradılması, infrastrukturun müasirləşdirilməsi istiqamətində rayonda işlər davam etdirilib. Belə ki, hesabat dövründə rayonun daxili imkanları hesabına Masazır və Məmmədli kəndlərində 6 qrupluq uşaq bağçası tikilib. Dövlət vəsaiti hesabına Xırdalan şəhəri ərazisində iki, Aşağı Güzdək, Hökməli qəsəbələrində, Masazır və Novxanı kəndlərinin hər birində 6 qrupluq uşaq bağçası-körpələr evinin tikintisində son tamamlama işləri görülür.

Rayonun daxili imkanları hesabına Xırdalan şəhərində, Ceyranbatan qəsəbəsində, Fatmayı, Novxanı və Pirəkəşkül kəndlərində 4 qrupluq, eləcə də Saray, Mehdiabad qəsəbələrində 6 qrupluq, Görədil kəndində isə 4 qrupluq uşaq bağçası-körpələr evinin tikintisi davam etdirilir. Regionların sosial-iqtisadi inkişafı dövlət proqramına uyğun olaraq rayonun Ceyranbatan 1 saylı tam orta məktəbində əsaslı təmir işlərinə başlanılıb. Bundan başqa, Xırdalan şəhərində fəaliyyət göstərən Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecinin tədris binası əsaslı təmir olunaraq ötən ilin sentyabr ayında müəllim və tələbələrin istifadəsinə verilib.

Rayon əhalisinə səhiyyə xidmətini yaxşılaşdırmaq istiqamətində də 2015-ci ildə bir sıra tədbirlər görülüb. Azərbaycan Prezidentinin 17 aprel 2012-ci il tarixli sərəncamı ilə ayrılmış vəsait hesabına Xırdalan şəhərində rayon mərkəzi xəstəxanası üçün binanın tikintisi davam etdirilir. Həmçinin Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, 2015-ci ilin fevral ayından rayonda sakinlərin profilaktik tibbi müayinəsinə başlanılıb və ötən ilin may ayınadək 200 mindən çox rayon sakini tibbi müayinədən keçirilib. Müayinənin nəticəsi olaraq 2032 nəfər xəstəyə ambulator müalicə təyin edilib, 864 nəfər stasionar müayinə və müalicəyə göndərilib.
Ötən il “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən rayondaxili yolların təmiri, yenidən qurulması və digər infrasturktur məsələləri də diqqət mərkəzində olub. Belə ki, yolların əsaslı və cari təmiri məqsədilə yaşayış məntəqələrində şəhər, qəsəbə və kəndarası yollara 130 min 752 kv.metr asfalt örtük salınıb, 91 min 868 kubmetr sahəyə çınqıl tökülüb. Rayonun şəhər, qəsəbə və kəndlərində ümumilikdə 175 küçə daxili imkanlar hesabına əsaslı təmir olunub, bununla bağlı işlər hazırda da davam etdirilir. Eyni zamanda dövlət proqramına uyğun olaraq Hökməli-Qobu-Lökbatan-Güzdək-Puta yolunun Abşeron rayonunun inzibati ərazisinə düşən hissəsində işlər ötən il tamamlanıb.

Qiymət artımının qarşısının alınması və sosial məsələlər diqqət mərkəzindədir

Məlum olduğu kimi, manatın devalvasiyası istehlak bazarında da qiymət artımına səbəb olub. Xaricdən idxal olunan məhsulların qiymətinin artması təbii qarşılanmalıdır. Lakin təəssüflə qeyd olunmalıdır ki, burada da spekulyasiya və əlavə dividend əldə etmək meyilləri özünü büruzə verirdi. Çünki bəzi işbazlar yaranan vəziyyətdən sui-istifadə edərək qiymətlərin süni şişirdilməsi hesabına daha çox qazanc götürməyə, möhtəkirliyə çalışırdılar. Xüsusən xarici ölkələrlə bağlılığı olmayan məhsulların qiymətində artım halları yalnız bu vəziyyətdən sui-istifadə edərək əlavə gəlir qazanmağa çalışan işbazların fəaliyyətinin nəticəsidir. Nazirlər Kabinetinin son iclasında bu məsələyə toxunan Prezident İlham Əliyev bildirib ki, Azərbaycanda istehsal olunan məhsullarda qiymət artımı olmamalıdır. Dövlət başçısı natəmiz insanlar və işbazlar tərəfindən manatın məzənnəsi məsələsindən sui-istifadə edilməsinə, süni bahalaşmaya son qoyulmasını və bununla bağlı çox ciddi cəza tədbirlərinin görülməsini tələb edərək aidiyyəti dövlət qurumlarına tapşırıqlar verib.

Abşeron rayonunda süni qiymət artımının qarşısının alınması məqsədilə də çox ciddi iş aparılır. Bununla bağlı müvafiq rayon komissiyası yaradılıb və işlər ciddi nəzarətə götürulərək qiymətlərlə bağlı hər gün monitorinqlər həyata keçirilir. Eyni zamanda artıq 2 həftədir ki, Xırdalan şəhərində kənd təsərrüfatı məhsullarının və rayonda fəaliyyət göstərən müəssisələrdə istehsal olunan ərzaq məhsullarının satış yarmarkası təşkil edilir. Yarmarkada qiymətlər mövcud bazar qiymətlərindən 30-40 faiz aşağı təklif olunur ki, bu da rayon sakinləri tərəfindən böyük razılıq və minnətdarlıqla qarşılanır. Bu yarmarkaların Xırdalan şəhərindən başqa, rayonun digər ərazilərində də təşkil edilməsi nəzərdə tutulur.

Abşeronda vətəndaşların rifahının yüksəlməsinin başlıca şərti olan işsizlik probleminin aradan qaldırılması istiqamətində də mühüm tədbirlər həyata keçirilib. İl ərzində işə düzəlmək üçün Məşğulluq Mərkəzində qeydiyyatdan keçmiş 1398 nəfərdən 513 nəfəri işlə təmin edilib, 76 nəfərə işsizlik statusu verilərək müavinət təyin olunub.

Ötən illərdə olduğu kimi, hesabat dövründə də rayonun şəhid, əlil və imkansız ailələrinə diqqət artırılıb, rayon icra hakimiyyəti başçısı yanında büdcədənkənar inkişaf və bərpa fondundan və digər daxili imkanlar hesabına 1100 şəhid ailəsi, əlil və imkansıza 179 min manat yardım göstərilib.

Rayonda məskunlaşmış 38 min nəfərə yaxın məcburi köçkünün həyat şəraiti də daim diqqət mərkəzində saxlanılır. Heydər Əliyev Fondunun təşəbbüsü ilə Xırdalan ət emalı kombinatının ərazisində məskunlaşmış Kəlbəcər, Zəngilan və Füzuli rayonlarından olan 120 məcburi köçkün ailəsi üçün Xırdalan şəhərində çoxmənzilli bina inşa olunub və 2015-ci ilin may ayında respublikamızın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın iştirakı ilə həmin binanın açılışı olub. Eyni zamanda hər il olduğu kimi, 2015-ci ildə də Xocalı, Şuşa, Laçın, Kəlbəcər, Ağdam, Cəbrayıl, Füzuli, Qubadlı rayonlarının işğalı ilə əlaqədar həmin rayonlardan olan şəhid ailələri ilə rayon icra hakimiyyətində görüşlər keçirilib və onlara maddi kömək olunub, problemləri dinlənilib. Ötən il rayon ərazisində məskunlaşmış məcburi köçkünlərin elektrik enerjisi ilə təminatını yaxşılaşdırmaq üçün Abşeron RİH tərəfindən Dövlətqaçqınkoma müraciət olunub, bu məqsədlə 7 min metr naqil, 2 dəst transformator alınaraq quraşdırılıb.

Kommunal xidmətlərin keyfiyyəti yüksəlir

2015-ci ildə Abşeronda sakinlərin sabit elektrik enerjisi ilə təminatı ilə bağlı yaşayış məntəqələrində 121 ədəd yeni transformator quraşdırılıb, 255 ədəd transformator əsaslı və ya cari təmir edilib. Bağlar elektrik şəbəkəsi tərəfindən Novxanı, Fatmayı və Məmmədli yaşayış məntəqələrinin hər birində əhalinin sabit elektrik enerjisi ilə təmin edilməsi məqsədilə 35 kilovoltluq yarımstansiya tikilərək istismara verilib.

Ötən il Ceyranbatan qəsəbəsi ərazisində Prezident İlham Əliyevin iştirakı ilə açılışının edildiyi yeni Ultrasüzgəcli Sutəmizləyici Qurğular Kompleksinin və rayonun Atyalı adlanan ərazisində tutumu 20 min kubmetr olan su anbarının tikilərək istismara verilməsi nəticəsində əhalinin fasiləsiz su təminatı və ötürülən suyun keyfiyyəti yaxşılaşıb. Xüsusilə Xırdalan şəhər əhalisinin sutəmizləyici qurğudan keçməklə 24 saat təmiz içməli su ilə təmin olunması ötən il əldə olunmuş ən mühüm nailiyyətlərdəndir.

Bundan əlavə, 2015-ci il ərzində rayonun yaşayış məntəqələrində müxtəlif diametrli borularla 16 min paqonmetr uzunluqda yeni içməli su xətləri çəkilib, 2609 paqonmetr uzunluqda korroziyaya uğramış xətt dəyişdirilib, 1500 ədəd su sayğacı quraşdırılıb. Eləcə də 3303 paqonmetr uzunluqda kanalizasiya xətləri çəkilib. Daxili imkanlar hesabına rayonun Məmmədli kəndi ərazisində 1200 metr uzunluğunda yeni içməli su xətti çəkilərək 1400 mm diametrli Qala-Pirallahı xəttinə birləşdirilib və 1375 ailənin uzun illərdən bəri davam edən içməli su ilə bağlı problem aradan qaldırılıb. Eyni zamanda rayonun Aşağı Güzdək qəsəbəsində 2200 paqonmetr uzunluğunda içməli su xətti yenilənib və nəticədə qəsəbədə bu günə qədər yalnız texniki sudan istifadə edən 250 ailə içməli su ilə təchiz edilib.
Daxili imkanlar hesabına bəzi ərazilərdə kanalizasiya ilə bağlı problemlərin aradan qaldırılması istiqamətində işlər həyata keçirilir. Ötən il Xırdalan şəhərinin “Mexdəstə” adlanan yaşayış sahəsində evlərin və həmin ərazidə fəaliyyət göstərən sosial obyektlərin yağış sularından qorunması və kanalizasiya ilə bağlı problemlərinin aradan qaldırılması üçün daxili imkanlar hesabına 300 mm diametrli boru ilə 500 metr uzunluğunda yeni kanalizasiya xətti çəkilib.

Gənclər və idman siyasəti uğurla reallaşır

Rayonda dövlət gənclər siyasətinin həyata keçirilməsi, idmanın kütləviliyinin təmin edilməsi sahəsində də ciddi iş aparılır. Bununla bağlı öncə qeyd edək ki, respublikamızda keçirilən I Avropa Oyunları ilə bağlı Məşəl proqramı çərçivəsində 2015-ci ilin iyun ayında Xırdalan şəhərində keçirilən möhtəşəm bayram tədbiri abşeronluların həyatında silinməz izlər buraxıb. Sevindirici haldır ki, “Bakı 2015” I Avropa Oyunlarında Abşerondan 3 idmançı iştirak edib, onlardan Firdovsi Fərzəliyev karate üzrə qızıl və Hacı Əliyev sərbəst güləş üzrə bürünc medal qazanıblar. Prezident İlham Əliyevin sərəncamı ilə F.Fərzəliyev “Şöhrət” ordeni, H.Əliyev isə “Tərəqqi” medalı ilə təltif olunub.

Ümumilikdə 2015-ci il ərzində rayon gəncləri 2 respublika əhəmiyyətli gənclər tədbirində, 14 beynəlxalq və 32 respublika idman yarışlarında iştirak ediblər. Bu yarışlarda onlar 171 medal, o cümlədən 79 qızıl medal qazanıblar. Bunlardan da 147-si respublika yarışlarında, 24-ü isə beynəlxalq yarışlarda əldə edilib. Rayonun idmançıları ötən il ABŞ, Braziliya, İspaniya, Portuqaliya, Bolqarıstan, Gürcüstan və Latviyada keçirilən beynəlxalq idman yarışlarında yüksək nəticələr göstərməklə ölkəmizi dünyada layiqincə təmsil ediblər.
Ölkə Prezidentinin sərəncamı əsasında ayrılmış vəsait hesabına hazırda Xırdalan şəhərində Olimpiya İdman Kompleksinin inşası davam etdirilir. Bu kompleks gələcəkdə rayon gənclərinin daha böyük uğur qazanmalarına böyük təkan verəcək.
Gənclərdə hərbi vətənpərvərlik hisslərinin gücləndirilməsi işi də RİH başçısı aparatının daim diqqət mərkəzində saxlanılır. Aparılmış məqsədyönlü tədbirlər nəticəsində Azərbaycan Prezidentinin müddətli həqiqi hərbi xidmətə çağırışla bağlı sərəncamlarının icrası yüksək səviyyədə təşkil edilir. 2015-ci il ərzində 571 gənc həqiqi hərbi xidmətə yola salınıb, çağırışdan yayınma hallarına rast gəlinməyib.

Vətəndaş müraciətləri diqqət mərkəzindədir

Abşeron Rayon İcra Hakimiyyəti və onun struktur bölmələrinin fəaliyyətində vətəndaşların müraciətlərinə, təklif, ərizə və şikayətlərinə baxılması mühüm yer tutur. Rayon icra hakimiyyətində müraciətləri doğuran səbəblər mütəmadi təhlil olunur, qaldırılan məsələlərin həlli ilə bağlı vətəndaşlara vaxtında və konkret cavablar verilir. Rayon sakinlərinin müraciətlərinə həssaslıqla yanaşılması, onların problemlərinin yerlərdə həllinin nəticəsidir ki, ötən il vətəndaşlardan daxil olan müraciətlərin sayı 2014-cü illə müqayisədə 1426 ədəd və ya 32 faiz azalmışdır.

Rayon icra hakimiyyətinin başçısı tərəfindən keçirilən qəbullarda 941 nəfər vətəndaşın müraciəti dinlənilmiş, haqlı tələblərinin təmin olunması üçün lazımi tədbirlər görülmüşdür. Ötən il yerlərdə vətəndaşların səyyar qəbullarına üstünlük verilmiş, hər həftə qəsəbə və ya kəndlərdə olmaqla rayon sakinlərinin problemləri dinlənilmişdir. Xırdalan şəhər, Saray, Mehdiabad, Ceyranbatan, Qobu, Hökməli, Aşağı Güzdək, Digah qəsəbələrində, Masazır kəndində və digər ərazilərdə 3 min nəfərə qədər rayon sakininin iştirakı ilə səyyar qəbul-görüşlər keçirilmiş və qəbullarda qaldırılan məsələlər ilə bağlı tədbirlər planı tərtib edilərək aidiyyəti müəssisə və təşkilatlarla birlikdə icrası ciddi nəzarətə götürülmüşdür. Belə qəbulların mütəmadi olması, bütün qəsəbə və kəndlərdə davam etdirilməsi nəzərdə tutulur.

2015-ci ilin yekunları qarşıda duran vəzifələrin reallaşması üçün zəmin yaradır

RİH başçısı bildirdi ki, 2015-ci ilin uğurlu yekunları qarşıda duran vəzifələrin reallaşması üçün etibarlı zəmin yaradır. Bu il rayonda abadlıq, quruculuq, yaşıllaşdırma istiqamətində işlər davam etdiriləcək, qəsəbə və kəndlərdə içməli su, elektrik enerjisi ilə bağlı layihələr başa çatdırılacaq, yeni yaşayış massivlərində sosial problemlərin həlli ilə bağlı geniş infrastruktur layihələri həyata keçiriləcək. Eyni zamanda əhali artımı ilə əlaqədar məktəblərdə yaranmış şagird sıxlığının aradan qaldırılması məqsədilə yeni məktəb binalarının tikilməsi, inşa olunan uşaq bağçalarının cari ildə istifadəyə verilməsi və əlavə uşaq bağçalarının tikintisinə başlanılması 2016-cı ildə qarşıya qoyulan vəzifələrdəndir.

Yığıncaqda çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının məsul işçisi Niyaz Əliyev, Abşeron rayon maliyyə idarəsinin rəisi F.Şirəliyev, “Mətanət A” şirkətinin baş direktoru E.Bəşirov, “Səhliyalı” şirkətinin icraçı direktoru C.Quliyev, “Maştağa” kənd təsərrüfatı istehsalı müəssisəsinin direktoru İ.Mərdanov, “Nargis porcelain” müəssisəsinin rəhbəri Y.Xəlilov bildirdilər ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas məqsədləri ölkəmizdə qeyri-neft sektorunun, sahibkarlığın inkişafı, biznes mühitinin yaxşılaşdırılması və vətəndaşların yüksək sosial təminatıdır. Çıxışlarda əminliklə qeyd olundu ki, Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında və “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının ikinci ilinin yekunlarına həsr edilmiş konfransda verilmiş tapşırıq və tövsiyələrdən irəli gələn məsələləri dərindən təhlil etməklə, Abşeronda qarşıda duran bütün vəzifələr vaxtında və keyfiyyətlə yerinə yetiriləcək, rayonun inkişafı üçün mümkün olan bütün tədbirlər görüləcək.

Yekunda Abşeron ictimaiyyətinin adından Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə müraciət qəbul olundu.

Rəşad CƏFƏRLİ,
“Azəbaycan”


Yeni iqtisadi islahatlar Abşeronun inkişafına mühüm töhfə verəcək
Yeni iqtisadi islahatlar Abşeronun inkişafına mühüm töhfə verəcək

"Dördüncü dəfədir ki, bayram tonqalını azad edilmiş Qarabağda qalayıram" - Prezident
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-Gürcüstan münasibətləri tarixi köklərə söykənir
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Azərbaycan-NATO tərəfdaşlığının 30 ildən artıq davam edən uzun tarixi var
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Sabahdan Azərbaycanda 7 günlük Novruz tətili başlayır
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Prezident İlham Əliyev Xankəndi şəhərində Novruz tonqalını alovlandırıb və Azərbaycan xalqını bayram münasibətilə təbrik edib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Abşeron rayonunda Çanaqqala Zəfərinin 109-cu ildönümü qeyd edilib
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Novruz bayramı xalqımızın milli kimliyini təcəssüm etdirir
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
Abşeronda Novruz bayramı böyük izdihamla qeyd olundu
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
XI Qlobal Bakı Forumu qlobal problemlərin müzakirə olunduğu platformadır
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan davamlı inkişaf edən ölkədir
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Azərbaycan-Qazaxıstan münasibətləri yeni mərhələdə
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Abşeronda “Narkomanlığa qarşı mübarizədə mənəvi dəyərlərin rolu” mövzusunda tədbir keçirilib
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Azərbaycanda siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Dövlət müstəqilliyimizin bərpasından sonra Azərbaycan qadını dövlət quruculuğu prosesinin fəal iştirakçısına çevrildi
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Abşeron rayonunda şəhid ailələrinin xanım üzvləri üçün “8 Mart - Qadınlar Günü” münasibəti ilə bayram tədbiri keçirilib
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Azərbaycan Prezidenti “Euronews” televiziyasına verdiyi müsahibəsində önəmli məsələləri diqqətə çatdırdı
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
Abşerondakı “Şəfəq” yaşayış məntəqəsinə qəsəbə statusu veriləcək
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
FHN bayram tonqalları ilə əlaqədar yenidən əhaliyə müraciət edib
Bu gün od çərşənbəsidir
Bu gün od çərşənbəsidir