Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Abşeronlu Xalq Rəssamının anadan olmasının 97-ci ildönümü tamam olur

Tarix:22-02-2018, 15:39

Abşeronlu Xalq Rəssamının anadan olmasının 97-ci ildönümü tamam olur


Xalq Rəssamı Böyükağa Mirzəzadənin anadan olmasının 97-ci ildönümü tamam olur


Hər kəs dünyanı fərqli formada qavrayır və özünəməxsus şəkildə onu ifadə edir. Bu əksetdirmə yaradıcı insanlarda, xüsusilə də rənglərlə işləyən rəssamlarda daha çox seçilir. Rəssamlar haqqında deyirlər ki, əsl rəssam rənglər dünyasının elə sakinidir ki, məhz ondan başqa heç kəs bu füsunkar aləmin özünəməxsus səsini eşidə bilmir.

AZƏRTAC xəbər verir ki, Azərbaycan milli rəngkarlıq məktəbinə Avropa ruhunu gətirərək onun daha da zənginləşməsinə nail olan, XX əsrin yetirdiyi çox istedadlı rəssam Böyükağa Mirzəzadə də belə sənət adamlarındandır. Bu görkəmli fırça ustası klassik ənənələrlə müasir standartları birləşdirərək Avropa rəngkarlığını məharətlə Azərbaycan təsviri sənətinə uzlaşdırıb. Müasirləri onun haqqında “Böyükağa Mirzəzadə - Böyük Ağadır. Sənətin həqiqətən böyük Ağası”dır söyləyiblər.

Azərbaycan incəsənətinin tərəqqisinə layiqli töhfələr vermiş istedadlı sənətkarlar sırasında onun da adı fəxrlə çəkilir. O, sənətinin qüdrəti ilə ölkəmizin sərhədlərindən uzaqlarda da şöhrət qazanıb, yaratdığı əsərlərlə Azərbaycan təsviri sənət tarixinə öz adını əbədi həkk edib.

Atası onun həkim olmasını arzulayırdı...

Böyükağa Mirzəzadə 1921-ci il fevralın 21-də Abşeron rayonunun Fatmayı qəsəbəsində dünyaya göz açıb. O, sənətə təsadüf nəticəsində gəlib. Atasının arzusu onu həkim görmək idi. Gələcək rəssamın yoldaşları - sonradan Azərbaycanın böyük sənətkarı olacaq Mikayıl Abdullayev, Muxtar Cəfərov kimi insanlar onu sənədlərini rəssamlıq məktəbinə verməyə inandırırlar. Onların məsləhəti ilə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbində oxuyan Böyükağa Mirzəzadə yaradıcılığa erkən yaşlarında başlayıb. Onun hələ gənclik illərində rəngkarlıq, qrafika rəssamlığı və digər janrlarda, müxtəlif mövzularda yaratdığı əsərlər qiymətli sənət nümunələri kimi rəssamlıq tariximizə daxil olub.

Texnikum təhsili ilə kifayətlənməyən Böyükağa Mirzəzadə İ.V.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna qəbul olub. Lakin İkinci Dünya müharibəsinin başlanması ilə əlaqədar rəssam təhsilini yarımçıq qoyur və Bakıya qayıdır.

Rəssam 1940-cı ildən etibarən yerli və beynəlxalq sərgilərdə fəal iştirak edib. O, 1960-cı ildə Azərbaycan SSR-in Əməkdar İncəsənət Xadimi, 1966-cı ildə Üzeyir Hacıbəylı adına Dövlət mükafatına və 1967-ci ildə isə Xalq Rəssamı fəxri adına layiq görülüb. B.Mirzəzadə keçmiş Çexoslovakiya, həmçinin Fransa, İtaliya və digər xarici ölkələrdə yaradıcılıq ezamiyyətlərində olub. Rəssamın xaricdə və ölkəmizdə bir çox fərdi sərgiləri təşkil edilib. Onun əsərləri ölkəmizlə yanaşı, bir çox xarici ölkələrin muzey, qalereya və şəxsi kolleksiyalarında saxlanılır.

Rəssamın yaradıcılığı çoxşaxəli və məhsuldar olub

Böyükağa Mirzəzadə rəssamlıq sənətinin bir neçə janrında eyni dərəcədə yüksək sənət meyarlarına uyğun əsərlər yaradıb. Rəssamın süjetli tablo, mənzərə, portret, natürmort, teatr – dekorasiya və digər sahələrdə yaratdığı sənət nümunələrinə nəzər yetirərkən, sənətkarın yaradıcılıq dühasının genişliyi və əhatəliliyinin, cəsarətli rəng çalarlarının, bədii təxəyyülünün və ecazkar fırçasının qüdrətinin bir daha şahidi olmaq olar.

Kompozisiya aydınlığını, işıq–kölgə həllində təsirliliyi, kolorit zənginliyini, plenerə hədsiz marağını, impressionist ənənələrinə xüsusi meyilliyi rəssamın yaradıcılığının səciyyəvi xüsusiyyətləridir.

Rəssam süjetli tabloların gözəl nümunələrini yaradıb. Bunlardan “Pambıq tarlasında”, “Pambıq yığımı”, “Çimərlikdə”, “Günorta”, “Bizim Lənkəranda”, “Xəzər neftçiləri”, “Bizim kəndin insanları”, “Səhnə arxasında” və digər əsərlərini qeyd etmək olar.

“Çimərlikdə” adlı əsərində rəssam Abşeron çimərliklərindən birində adi həyat hadisəsini fırçaya alıb. Surətlərin inandırıcı sadə hərəkətləri, isti günəş şüalarının və sahilin qızmar qumlarının koloriti ustalıqla təsvir olunub.

B.Mirzəzadənin yaradıcılığında süjetin kətanın hüdudlarından kənara çıxarılması, plenerdə işlənilməsi, günəş işığının bolluğu, bir qədər adi görünən mövzuların seçilməsi və obrazların ani, təbii hərəkətlərdə təsvir edilməsi metodu rəssamın əsərlərində özünü qabarıq şəkildə büruzə verir. Onun bu metodla işləməsini rəssamın impressionist cərəyanına və bu cərəyanın nümayəndələrinə xüsusi rəğbətinin olması ilə izah etmək olar.

“Səhnə arxasında” adlı əsərini rəssamın yaddaqalan əsərlərindən hesab etmək olar. Kompozisiyada balerinaların çıxışdan əvvəlki vəziyyətləri təsvir edilib. Surətlərin hazırlaşdıqları məqam – obrazların bəzilərinin məşq zamanı keçirdiyi ehtiraslı hissləri, bəzilərinin həyəcanlı şəkildə səhnəyə yönəlmiş nəzərləri yüksək ustalıqla, duyğulandırıcı boyaların dili ilə bədiiləşdirilib. Surətlərin daxili psixoloji gərginliyi, “yüngül” ritmik harmoniyası və tablonun kolorit həlli mahiranə rəng çalarları ilə işlənilib və əsərin bədii təsir qüvvəsi olduqca təsirlidir. Əsərin rəng qammasında rənglərin keçidləri ustalıqla əlaqələndirilib.

Portret janrı rəssamın yaradıcılığında əsas yerlərdən birini tutur

Böyükağa Mirzəzadənin yaradıcılığında əsas yerlərdən birini də portret janrı tutub, onun bu sahədəki fəaliyyəti diqqəti xüsusilə cəlb edib. O, Azərbaycan mədəniyyətinin, incəsənətinin, musiqisinin inkişafında böyük xidmətləri olan şəxsiyyətlərin portretlərini işləyib. Maestro Niyazinin, Səttar Bəhlulzadənin, Şəmsi Bədəlbəylinin, Lətif Kərimovun, Mirəli Seyidzadənin, Xəyyam Mirzəzadənin yağlı boya ilə çəkilmiş portretləri olduqca məzmunludur. Bu yaradıcı insanların daxili aləmini, duyğu və düşüncələrini zahiri görünüşdə, rənglərin dili ilə ustalıqla ifadə etməyi bacaran Böyükağa Mirzəzadə bu seriyadan müxtəlif əmək adamlarının, həm də həyat yoldaşının, yaxın dostlarının da portretlərini yaradıb.

Rəssamın çəkdiyi portretlərə tamaşa edəndə onun həssas müşahidə qabiliyyətinə malik olmasını, obrazının daxili mənəvi dünyasına nüfuz edərək onları mahiranə rəng çalarları ilə yaratdığını görmək olar.

“Niyazinin portreti”ndə rəssam dirijoru səhnədə konsert zamanı təsvir edib. Sənətkarın dəqiq təsvir edilmiş rəsmi və onun əlindəki dirijor çubuğunun ritmik hərəkəti obraza peşəsindən irəli gələn harmonik bağlılıq verir. Rəssam dirijorun daxili mənəvi dünyasını kolorit həllinin köməyi ilə tamaşaçıya çatdıra bilib.

“Şəmsi Bədəlbəylinin portreti” əsərində rəssam yaradıcı sənət adamının yaddaqalan obrazını boyaların dili ilə bədiiləşdirib. Əsərin kolorit həlli ustalıqla işlənilib.

“Bəstəkar Xəyyam Mirzəzadənin portreti”ndə rəssam istedadlı bəstəkarımızın yaddaqalan bədii obrazını rənglərin xüsusi dili ilə məharətlə ifadə edib, onun yaradıcı daxili dünyasını ustalıqla kətanda əks etdirə bilib.

Rəssamın portret sahəsindəki diqqətçəkən fəaliyyətindən biri də avtoportret janrında çox işləməsidir. Avtoportret yaratmaqda bənzərsizliyi onu öz həmkarlarından fərqləndirən cəhətdir. Ovqatdan asılı olaraq yaradılmış avtoportretlərdə unudulmaz rəssamın təkcə bioqrafiyası, ömür yolu deyil, iç dünyası, ətraf aləmə münasibəti, kədəri və sevinci də əks olunub.

Azərbaycanın elə bir guşəsi yoxdur ki, rəssam fırçasını o ünvanlara yönəltməsin

Böyükağa Mirzəzadənin mənzərələri də baxımlıdır. Xüsusilə də Abşeron, Xəzər dənizi, Qız qalası, Bakı kəndləri ilə bağlı yaratdığı əsərləri özünəməxsusluğu ilə seçilir. Onun əsərlərində Abşeronun gözəllikləri dilə gəlir.

Azərbaycanın elə bir guşəsi yoxdur ki, Böyükağa Mirzəzadə öz fırçasını o ünvanlara yönəltməsin. Xarici ölkələri dolaşdıqca aldığı təəssüratlar da rəssamın yaradıcılığında öz əksini tapıb.

Rəssam, eyni zamanda, yaddaqalan natürmortlar müəllifi kimi də tanınır. Böyükağa Mirzəzadə güllərlə bağlı xeyli sayda natürmort yaradıb. “Sarı güllər”, “Tüstü ilə natürmort”, “Dolça ilə natürmort”, “Qızılgüllər”, “Güllərlə natürmort”, “Bankalı natürmort” kimi əsərlər rəssamın yaradıcılığında xüsusi yer tutur.

Fırça ustası həm də İ.Əfəndiyevin “Mənim günahım” pyesinə, Z.Bağırovun “Qayınana”, İ.Kalmanın “Bayadera” musiqili komediyalarına bədii tərtibat verib.

Böyükağa Mirzəzadə rəssamlıqla yanaşı, pedaqoji fəaliyyət də göstərib. Uzunmüddətli pedaqoji fəaliyyəti ilə neçə-neçə gənc istedadlı rəssam kadrların yetişməsinə və təsviri sənətimizin zənginləşməsinə əməyi olub. O, uzun illər Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müəllim, dosent, professor və kafedra müdiri kimi çalışıb. Onun yetirdiyi tələbələrin əksəriyyəti Azərbaycanın məşhur rəssamlarıdır.

Rəssamın yaradıcılığı xalqımız və dövlətimiz tərəfindən daim dəyərləndirilib. Rəssam 1998-ci ildə ümummilli lider Heydər Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.

B.Mirzəzadə 2007-ci il noyabrın 3-də, 86 yaşında vəfat edib.

Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir