Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Azərbaycan beynəlxalq aləmdə çox böyük uğurlara imza atmış müstəqil dövlətdir

Tarix:14-12-2023, 08:40

Azərbaycan beynəlxalq aləmdə çox böyük uğurlara imza atmış müstəqil dövlətdir

Xarici siyasətin düzgün müəyyənləşdirilməsi və icrası dünyanın mürəkkəb, həssas bölgəsində – coğrafi baxımdan Qərb və Şərqin kəsişməsində, sivilizasiyaların qovuşma məkanında, strateji yanaşmalarda isə geosiyasi və geoiqtisadi maraqların kəsişmə nöqtəsində yerləşən Azərbaycan üçün həm ötən dövrlərdə, həm də indi müstəsna əhəmiyyətə malikdir. Belə ki, ölkəmiz öz milli maraqlarını, regionda aparıcı dövlət statusunu qorumaqla yanaşı, Qərb, islam ölkələri, türk dünyası və Müstəqil Dövlətlər Birliyinin siyasi iqtisadi-mədəni məkanları ilə qarşılıqlı faydalı münasibətlər qurur, beynəlxalq əməkdaşlığı və bərabərhüquqlu tərəfdaşlıq əlaqələrini genişləndirir. Bu gün Azərbaycan Respublikasının siyasi və iqtisadi potensialı artmış, regionda söz sahibi olan dövlətə çevrilmiş, beynəlxalq "siyasət səhnəsi"ndə nüfuzu və mövqeyi daha da möhkəmlənmişdir. Həmin uğurlar vaxtilə ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi və hazırda dövlət başçısı İlham Əliyevin uğurla davam etdirdiyi siyasi kursun məntiqi nəticələridir.

1993-cü ildə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə gəlməsi nəticəsində ölkə həyatının başqa sahələrində olduğu kimi xarici siyasət sahəsində də əhəmiyyətli dəyişikliklər baş verdi. Həmin dövrdə yenicə dövlət müstəqilliyini əldə etmiş gənc dövlətin milli maraqlara uyğun və elmi cəhətdən əsaslandırılmış xarici siyasət kursunun işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə çox böyük ehtiyac vardı. Çox çətin və mürəkkəb dövrdə və əhatədə olan Azərbaycan dövlətinin xarici siyasət kursunu böyük dövlətçilik təcrübəsi olan, dünyada baş verən siyasi hadisə və proseslərə dərindən bələd olan Heydər Əliyev işləyib hazırlaya bilərdi. Heydər Əliyevin qeyri-adi əzmkarlığı, iradəsi və zəkası sayəsində ölkənin daxilində baş verən vətəndaş müharibəsi və hakimiyyət çevrilişləri cəhdlərinin qarşısı alındı. Ölkənin daxilində davamlı sabitliyin və vətəndaş həmrəyliyinin əldə olunması kimi çətin və mürəkkəb vəzifələr də öz həllini tapmış oldu. Bütün bu hadisə və proseslərin düzgün istiqamətə yönəldilməsi Ermənistanın Azərbaycanın ərazisinə hərbi təcavüzü və təcavüzün qarşısının alınması fonunda baş verirdi. Həmin dövrdə Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi və işğalın nəticələrinin dünya ictimaiyyətinə çatdırılması və Azərbaycanın haqlı tələblərinin yerinə yetirilməsi ölkəmizin xarici siyasət kursunda əsas yerlərdən birini tutmuşdu.

Azərbaycan Respublikasının əlverişli geosiyasi və coğrafi məkanda yerləşməsini, Şərqlə Qərb, Şimalla Cənub arasında təbii körpü rolunu oynamasını və eyni zamanda zəngin təbii sərvətlərə, karbohidrogen ehtiyatlarına malik olmasını nəzərə alaraq Heydər Əliyev neft-qaz və nəqliyyat kommunikasiya layihələrinin işlənib hazırlanmasına və praktik olaraq həyata keçirilməsinə xüsusi əhəmiyyət verməyə başladı. Azərbaycanın o dövrdəki iqtisadi vəziyyətini nəzərə alan Heydər Əliyev ilk növbədə ölkəyə xarici investisiyaların cəlb olunması istiqamətində lazımi işlərin görülməsini təmin etdi. Belə tədbirlərdən biri xarici investorların investisiyalarının qorunması və onlar üçün əlverişli şəraitin yaradılması idi. Ölkəyə xarici investisiyaların cəlb olunması üçün ilk növbədə neft və qaz layihələrinin reallaşdırılmasını və onun dünya bazarlarına çıxarılmasını təmin etmək lazım idi. 1994-cü ildə çox böyük maneə və çətinliklərə baxmayaraq "Əsrin müqaviləsi" adlanan böyük neft müqaviləsinin bağlanması ilə bu istiqamətdə ilk addım atıldı.

Tarixi təcrübə göstərdi ki, ulu öndərin uğurlu neft strategiyası ölkəmizin iqtisadi inkişafı ilə bərabər onun beynəlxalq imicinin və nüfuzunun artmasına da səbəb olmuşdur. Heydər Əliyevin yeni neft strategiyası nəticəsində bu gün Azərbaycan Respublikası regionun ən dinamik inkişaf edən, iqtisadi cəhətdən özünü tam təmin edən, heç bir ölkədən asılı olmayan və eyni zamanda tam müstəqil siyasət yeridən bir ölkəyə çevrilmişdir.

Ulu öndər Heydər Əliyevin möhkəm təməllər üzərində əsasını qoyduğu xarici siyasət uzaq hədəflərə hesablanmış strateji fəaliyyət konsepsiyası olmaqla, müstəqil Azərbaycanın beynəlxalq arenada nüfuz və mövqelərinin güclənməsinə, ümummilli problemlərinin həllinə yönəlmişdir.
Heydər Əliyev siyasəti nəticəsində Azərbaycanın bir çox ölkələrdə səfirlikləri açıldı. Xarici dövlətlərin səfirlikləri Azərbaycanda fəaliyyətə başladı.
Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin misilsiz, analoqu olmayan diplomatiyasını, liderlik və qərar qəbuletmə qabiliyyətini Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyev qətiyyətlə həyata keçirir. Dövlət idarəçiliyi, ordu quruculuğu diplomatik səriştə və qloballaşan dünya siyasətinə sürətli inteqrasiya nəticəsində Azərbaycan Beynəlxalq münasibətlərin əsas aktorları sırasındadır. Ölkəmiz müasir dövrün dəyişən qüvvələr balansında özünə layiq mövqe qazanmışdır.

Hazırda dövlətimiz dünyanın bir sıra mötəbər beynəlxalq təşkilatlarının tamhüquqlu üzvüdür. Azərbaycan Respublikası dünyanın 177 dövləti ilə diplomatik əlaqələr qurmuşdur. Azərbaycanda xarici dövlətlərin 80-dən çox səfirlik və konsulluğu fəaliyyət göstərir.

Azərbaycan Respublikası müstəqil dövlət kimi bir sıra beynəlxalq təşkilatlara (Birləşmiş Millətlər Təşkilatı – BMT (United Nations Organization – UNO), Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı – ATƏT (Organization for Security and Cooperation in Europe – OSCE), Qoşulmama Hərəkatı – QH (Non-Alignment Movement – NAM), Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası – TDƏŞ (Cooperation Council of Turkic Speaking States – CCTSS ), Avropa Şurası – AŞ (Council of Europe – CE), İslam Əməkdaşlıq Təşkilatı – İƏT (Organisation of Islamic Cooperation – OIC), YUNESKO, İSESKO, Müstəqil Dövlətlər Birliyi – MDB (Commonwealth of Independent States – CIS)) və s. üzv olmaqla çoxtərəfli diplomatik əlaqələrini genişləndirməkdə, eyni zamanda NATO (North Atlantic Treaty Organization – Şimali Atlantika Müqaviləsi Təşkilatı (ŞAMT)), Avropa İttifaqı – Aİ (European Union – EU), Beynəlxalq Antiterror Koalisiyası kimi qurumlarla da əməkdaşlığı inkişaf etdirməkdədir. Düşünülmüş siyasi kursun nəticəsidir ki, hazırda Azərbaycan müasir beynəlxalq münasibətlər sistemində əməkdaşlıq əlaqələrinin qurulmasına, transmilli layihələrin reallaşdırıcısı kimi qlobal təhlükəsizlik məsələlərinə, Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verən fəal aktor və regional güc kimi qəbul edilməkdədir. Eyni zamanda, Qərb və Şərq sivilizasiyaları, habelə, Şimal və Cənub arasında dəhliz rolunu oynaması əhəmiyyətli ölkə kimi onun nüfuzunu ortaya qoyub. Azərbaycanın beynəlxalq aləmdə qazandığı nailiyyətlər Prezident İlham Əliyevin həyata keçirdiyi məntiqli diplomatik fəaliyyətin nəticəsi olduğu hər kəsə bəllidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxşaxəli və balanslaşdırılmış xarici siyasət kursu ölkəmizin milli dövlət kimi müasir beynəlxalq münasibətlər sistemində gücünü və nüfuzunu artıran mexanizm qismində çıxış etməkdədir. Bundan yetərincə yararlanaraq, qlobal məsələlərin həllində, dünyada sülh və təhlükəsizliyin təmin olunmasında yaxından iştirak edir, beynəlxalq münasibətlər sisteminin fəal üzvü imicini daha da möhkəmləndirir
Azərbaycanın Avropanın enerji təchizatında, köhnə qitənin enerji təhlükəsizliyinin təmin edilməsində çəkisi durmadan artır. Təkcə Avropaya enerji marşrutu deyil, həm də enerji mənbələrinin şaxələndirilməsi layihəsi olan Cənub Qaz Dəhlizi kimi nəhəng enerji layihəsinin təşəbbüskarı məhz Azərbaycandır.

Beləliklə, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursunun fonunda Azərbaycanın beynəlxalq münasibətlər sistemində mövqeyi getdikcə güclənməkdədir. Sadalananların qanunauyğun nəticəsi kimi, Azərbaycan beynəlxalq miqyasda ikitərəfli və çoxtərəfli münasibətlər kontekstində etibarlı strateji tərəfdaşlardan birinə çevrilib. Hazırda rasional xarici siyasət kursu həyata keçirən müstəqil milli dövlətlər ölkəmizi etibarlı tərəfdaş, güclü, nüfuzlu milli aktor kimi qəbul edirlər

20 illik prezidentlik dövründə İlham Əliyev saysız-hesabsız nailiyyətlərə imza atıb. Bu nailiyyətlər siyasi, diplomatik, iqtisadi, hərbi, sosial, mədəni, idman sahələri də daxil olmaqla, həyatın hər bir sahəsində özünü parlaq şəkildə təzahür etdirir. Bu nailiyyətlər sırasında ölkəmizdə qaçqın və məcburi köçkünlərə 30 ilə yaxın bir dövr ərzində göstərilən qayğı xüsusi qeyd edilməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, sosial siyasət Azərbaycanın dövlət siyasətinin ayrılmaz hissəsidir: “Bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı dayanır”.
Azərbaycan 30 illik münaqişəni hərbi-siyasi yollarla həll etdi, ərazi bütövlüyünü və tarixi ədaləti bərpa etdi. Dağlıq Qarabağ münaqişəsi keçmişdə qaldı. Azərbaycanda artıq Dağlıq Qarabağ adında inzibati ərazi vahidi yoxdur. Prezidentin 2021-ci il 7 iyul tarixli Fərmanı ilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarını yaradıldı.

Nəticədə İkinci Qarabağ müharibəsi son yüz ildə şərəf və qəhrəmanlıq salnaməsi kimi Azərbaycan tarixinə yazıldı. Bu gün üçrəngli müqəddəs bayrağımız Azərbaycanın bütün işğaldan azad edilmiş ərazilərində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Laçında, Ağdamda, Şuşada, Xocavənddə, Hadrutda, Ağdərədə, Xocalıda və Xankəndidə qürurla dalğalanır.

Bu gün Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü siyasət ölkəmizin regionda və dünyada müttəfiqlərinin sayını xeyli artırmışdır. Ümummilli lider Heydər Əliyevin xarici siyasət kursunu novatorcasına davam etdirən cənab Prezident İlham Əliyev yüksək diplomatik istedadı sayəsində ölkəmizin dünyanın siyasi-iqtisadi mənzərəsini müəyyən edən aparıcı dövlətlərlə və beynəlxalq təşkilatlarla münasibətlərini keyfiyyətcə yeni müstəvidə daha da inkişaf etdirmişdir.

Ülkər Rəhimova,
Zəhra Quluzadə,
Abşeron RİH könüllüsü, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının II kurs tələbələri


Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Bu gün Azərbaycan Ordusu güclü ordular sırasındadır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Azərbaycanın əsas məqsədlərindən biri birliyi və həmrəyliyi yaratmaqdır
Erkən nikah uğursuz gələcəyin təməlidir
Erkən nikah uğursuz gələcəyin təməlidir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Uşaq hüquqlarının müdafiəsi daim diqqət mərkəzindədir
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
Azərbaycanın gücü Türkiyənin, Türkiyənin gücü isə Azərbaycanın gücüdür
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
15 İyun dövlətçilik tariximizin dönüş nöqtəsi
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan-Misir arasındakı siyasi dialoq müntəzəm xarakter daşıyır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Azərbaycan türk xalqları birliyinin əsas qurucularındandır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
Xəzər Neft və Qaz Sərgisi Azərbaycanın enerji sektoruna xarici investisiyaların cəlb edilməsində mühüm rol oynayır
28 May – Müstəqillik Günü
28 May – Müstəqillik  Günü
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
Strateji tərəfdaşlıq münasibətlərində Azərbaycan - Tacikistan nümunəsi
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
COP29-a 2024-cü ildə Azərbaycanın ev sahibliyi etməsi Prezident İlham Əliyevin növbəti qələbələrindən biridir
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Bölgəyə aid məsələlər region dövlətlərinin iştirakı ilə həll olunmalıdır
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Yüksək iqtisadi inkişafa nail olan Azərbaycan ilə böyük sənaye potensialına malik Belarus arasında bir sıra sahələr üzrə əməkdaşlıq genişlənir
Artıq Şuşanın yeni bir tarixi başlayır
Artıq Şuşanın yeni bir tarixi başlayır
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Slovakiya və Azərbaycan bu gün suverenlik və ləyaqət əsasında qurulmuş siyasətlə idarə olunurlar
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Azərbaycan Bolqarıstanla siyasi, iqtisadi, mədəni əlaqələrə xüsüsi önəm verir.
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Multikulturalizm Azərbaycan xalqının həyat tərzidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir
Azərbaycanın yaşıl gündəliyi dünyaya bəllidir