Səkinə Abbasova: “Hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır” Masazır kənd 4 nömrəli tam orta məktəbdə Abşeron RTŞ-nın təşkilatçılığı ilə Beynəlxalq Ana Dili Gününə həsr edilmiş tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan Abşeron Rayon Təhsil Şöbəsinin müdir müavini Pərviz Əhmədov fevralın 21-nin Beynəlxalq Ana Dili Günü kimi qeyd olunmasının tarixindən, bu günün əhəmiyyətindən danışıb, dilimizin keçdiyi inkişaf mərhələlərinə nəzər salıb. Bildirilib ki, ana dili xalqın varlığını təmin edən amillərdən biri, insanın, bütövlükdə millətin, xalqın mənəviyyat aynasıdır. Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan, inkişaf etdirən onun dilidir. Ana dilimiz xalqımızın, müstəqil Azərbaycanın ən böyük milli sərvətidir. Bu dil Azərbaycan xalqının fikrinin, düşüncəsinin, əqidə və məsləkinin, milli ruhunun ifadəsidir. Xalqımız əsrlər boyu böyük sınaqlardan, çətinliklərdən keçib, ancaq öz mənliyini, milliliyini, dilini itirməyib. Biz müstəqil dövlətin, azad xalqın nümayəndəsi kimi doğma dilimizlə, Azərbaycan dili ilə fəxr edirik.
Sonra Abşeron RTŞ-nin metodisti Səkinə Abbasova bildirib ki, hər il qeyd olunan Beynəlxalq Ana Dili Günü doğma dilin varlığını hiss etmək, onunla qürur duymaq, onu qorumaq, inkişaf etdirmək hüququnun olduğunu bir daha xatırladır.S.Abbasova çıxışında qeyd edib ki, ölkəmizdə Ana dilinin hərtərəfli inkişafı, işlək dilə çevrilməsi, beynəlxalq münasibətlər sisteminə yol tapması, ulu öndər Heydər Əliyevin dilin qorunmasına yönələn düşünülmüş siyasətinin nəticəsidir.
Sonra məktəblilər ana dilinə həsr olunan ədəbi-bədii kompozisiya göstərib, dil haqqında şeirlər, hikmətli kəlamlar səsləndriblər.