Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar Bakı Dövlət İqtisadiyyat və Humanitar Kollecində anım tədbiri keçirilib. Tədbiri giriş sözü ilə açan kollecin direktoru, Rüksarə Əliyeva Xocalı soyqırımının kədərli statistikasını diqqətə çatdırıb.
Əvvəlcə Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib və Dövlət himni səsləndirilib.
Tədbiri açan kollecin direktoru Rüksarə Əliyeva bildirib ki, Ermənistanın Azərbaycana qarşı tarixən davam edən ərazi iddiaları Dağlıq Qarabağ münaqişəsi dövründə ən dəhşətli həddə çatıb. Erməni millətçiləri tarixdə misli görünməmiş faciələrdən birini Xocalıda törədib. Belə ki, bir gecənin içində qədim Xocalı şəhəri yerlə-yeksan edilib, aralarında qoca, uşaq və ahıl insanların da olduğu 613 dinc sakin vəhşicəsinə qətlə yetirilib.
Direktor qeyd edib ki, ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Milli Məclisin qərarı ilə 26 fevral – Xocalı soyqırımı və milli matəm günü elan olunub, bu barədə bütün beynəlxalq təşkilatlara məlumat verilib. Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində bu gün də mühüm işlər görülür. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə başlanan “Xocalıya ədalət” beynəlxalq kampaniyası bu istiqamətdə önəmli rola malikdir.
Sonra Abşeron RİH-in əməkdaşları Hafiz Mikayılov və Tofiq Abdullayev çıxış edərək, Xocalıda insanlığa qarşı törədilmiş vəhşiliklərdən danışıblar. Bildirilib ki, Xocalıda onlarla insan diri-diri yandırılıb, başları kəsilib, üzlərinin dərisi soyulub, hətta körpə uşaqların gözləri çıxarılıb, hamilə qadınların qarnı süngü ilə yarılıb.
Çıxışlardan sonra tədbir iştirakçıları tələbələrin Xocalı faciəsinin 27-ci ildönümü münasibətilə hazırladığı “Xocalı – sızlayan yaddaşımız” adlı ədəbi-bədii kompozisiyanı izləyiblər.
Tədbirin sonunda Xocalı faciəsini əks etdirən videoçarx nümayiş etdirilib.