Absheron Media
Haqqımızda Bizimlə əlaqə

Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi

Tarix:Bu gün, 08:49

Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi


Azərbaycanın müasir tarixində elə hadisələr var ki, onların əhəmiyyəti yalnız müəyyən bir dövr və ya siyasi qərarla məhdudlaşmır, bütövlükdə ölkənin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirir. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad edilməsi də məhz belə tarixi dönüş nöqtələrindən biridir. 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycanın ərazi bütövlüyünü bərpa etməklə yanaşı, uzun illər işğal altında qalmış torpaqlarda yeni həyatın başlanğıcını qoydu.

Bu tarixi Qələbənin təməlində xalqın sarsılmaz həmrəyliyi, dövlətin qətiyyətli siyasi iradəsi, güclü Azərbaycan Ordusu və Vətən sevgisi dayanırdı. Qarabağ və Şərqi Zəngəzuru azad edən qəhrəmanların böyük əksəriyyəti bu torpaqları heç vaxt görməmiş gənclər idi. Onlar dünyaya göz açanda doğma yurdlarımız işğal altında olsa da, milli ruh, tarixi yaddaş və Vətən sevgisi onların qəlbində bu torpaqlara bağlılığı qoruyub saxlamışdı. Məhz həmin nəsil öz fədakarlığı ilə Azərbaycanın ərazi bütövlüyünün bərpasına nail oldu.

Zəfərdən sonra qarşıda duran əsas vəzifə isə dağıdılmış ərazilərin bərpası, insanların doğma yurdlarına qayıdışının təmin edilməsi və Qarabağla Şərqi Zəngəzurun ölkənin inkişaf etmiş regionlarından birinə çevrilməsi idi. Bu məqsədlə həyata keçirilən genişmiqyaslı işlər artıq sadəcə yenidənqurma prosesi deyil, Azərbaycanın gələcək inkişaf strategiyasının mühüm tərkib hissəsinə çevrilib.

2021-ci il iyulun 7-də Prezident İlham Əliyevin imzaladığı fərmanla Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının yaradılması bu ərazilərin inkişafında yeni mərhələnin əsasını qoydu. Bu qərar yalnız iqtisadi rayonların inzibati bölgüsünün yenilənməsi deyildi. Eyni zamanda, Vətən müharibəsində qazanılmış Zəfərin siyasi, iqtisadi və strateji nəticələrinin dövlət idarəçiliyi sistemində hüquqi ifadəsi idi.

Yeni iqtisadi rayonların yaradılması işğaldan azad olunmuş ərazilərin vahid inkişaf konsepsiyası əsasında bərpasına, onların iqtisadi potensialının üzə çıxarılmasına, müasir idarəetmə mexanizmlərinin tətbiqinə və Böyük Qayıdış prosesinin sistemli şəkildə həyata keçirilməsinə imkan verdi. Bu istiqamətdə qəbul edilən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” isə qarşıya qoyulan hədəflərin reallaşdırılması üçün mühüm yol xəritəsinə çevrildi.

Təxminən 30 il davam edən işğal Qarabağ və Şərqi Zəngəzurun iqtisadi və sosial həyatını iflic etmiş, şəhər və kəndləri dağıntılara məruz qoymuşdu. Tarixi və mədəni abidələr, məscidlər, muzeylər, qəbiristanlıqlar, yaşayış binaları və infrastruktur obyektləri ciddi şəkildə zərər görmüşdü. Ərazilərin təbii sərvətləri istismar edilmiş, genişmiqyaslı qanunsuz fəaliyyət nəticəsində regionun iqtisadi potensialına ciddi ziyan vurulmuşdu.

Bu gün isə həmin torpaqlarda tamamilə fərqli mənzərə müşahidə olunur. Qısa müddət ərzində avtomobil yolları, körpülər, tunellər, elektrik, qaz, su və rabitə xətləri yenidən qurulur, yaşayış məntəqələri müasir şəhərsalma prinsipləri əsasında salınır. Füzuli, Ağdam, Zəngilan, Cəbrayıl, Laçın və Kəlbəcərdə həyata keçirilən layihələr, Şuşanın sürətli inkişafı, Xankəndidə yeni həyatın formalaşması Qarabağın yeni simasını müəyyənləşdirir. Burada qurulan şəhər və kəndlər yalnız keçmişin bərpasını deyil, gələcəyin müasir və dayanıqlı yaşayış modelini nümayiş etdirir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, rəqəmsal idarəetmə, enerji səmərəliliyi və ekoloji standartlar regionun yeni inkişaf modelinin əsas elementlərindəndir.

Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bütün layihələrin əsas məqsədlərindən biri insanların öz doğma torpaqlarına qayıdışını təmin etməkdir. İşğaldan azad edilmiş ərazilərdə yeni yaşayış komplekslərinin, məktəblərin, tibb müəssisələrinin, sosial obyektlərin və xidmət infrastrukturlarının yaradılması məhz bu məqsədə xidmət edir.

Artıq keçmiş məcburi köçkünlərin bir qismi doğma yurdlarına qayıdıb və yeni salınan şəhər və kəndlərdə həyat bərpa olunub. Bu qayıdış yalnız insanların mənzillə təmin olunması deyil, onların təhlükəsiz, rahat və firavan həyat şəraitinin yaradılması ilə müşayiət olunur. Dövlət başçısının azad edilmiş ərazilərə hər səfəri zamanı yeni layihələrin təməlqoyma mərasimlərinin keçirilməsi, müxtəlif obyektlərin açılışı və sakinlərlə görüşlər Böyük Qayıdış prosesinin ardıcıl və sistemli xarakter daşıdığını göstərir.

Bərpa prosesinin mühüm istiqamətlərindən biri də Qarabağ və Şərqi Zəngəzurun iqtisadiyyatının yerli və xarici dəyər zəncirinə inteqrasiyasıdır. Bu ərazilərdə yaradılan sənaye parkları, aqroparklar, logistika mərkəzləri, turizm infrastrukturu və yeni istehsal müəssisələri regionun iqtisadi potensialının reallaşdırılmasına xidmət edir.

Ağdam Sənaye Parkı bu baxımdan xüsusi əhəmiyyət daşıyır. Parkda sahibkarlıq subyektlərinin fəaliyyət göstərməsi, yeni müəssisələrin yaradılması və istehsal olunan məhsulların xarici bazarlara çıxarılması Qarabağın yalnız bərpa olunan deyil, həm də istehsal edən və ixrac potensialına malik regiona çevrildiyini göstərir. Sənaye və kənd təsərrüfatı layihələrinin genişləndirilməsi yeni iş yerlərinin yaradılmasına, sahibkarlığın inkişafına və əhalinin məşğulluğunun təmin edilməsinə mühüm töhfə verir. Beləliklə, Böyük Qayıdış prosesi iqtisadi reinteqrasiya ilə paralel şəkildə həyata keçirilir.

Qarabağ və Şərqi Zəngəzurun gələcək inkişafında nəqliyyat və logistika infrastrukturu xüsusi rol oynayır. Yeni avtomobil yollarının, hava limanlarının və digər nəqliyyat layihələrinin istifadəyə verilməsi regionun ölkənin digər bölgələri ilə əlaqəsini gücləndirir. Füzuli Beynəlxalq Hava Limanının fəaliyyəti, Zəngilan və Laçın hava limanlarının yaradılması regionun nəqliyyat imkanlarını əhəmiyyətli dərəcədə artırır. Bu infrastruktur həm iqtisadi əlaqələrin genişlənməsinə, həm də turizm potensialının inkişafına şərait yaradır.

Şuşanın mədəniyyət və turizm mərkəzi kimi inkişafı, Kəlbəcərin təbii sərvətləri və turizm imkanları, Laçının yeni şəhərsalma modeli, Zəngilan və Cəbrayılın sənaye və logistika potensialı Qarabağın gələcək iqtisadi xəritəsini formalaşdıran əsas istiqamətlərdəndir.

Qarabağ və Şərqi Zəngəzurun bərpasını fərqləndirən əsas xüsusiyyətlərdən biri də burada yaşıl enerji və ekoloji dayanıqlılıq prinsiplərinin ön plana çəkilməsidir. Regionun alternativ enerji potensialından istifadə edilməsi, enerji səmərəliliyinin artırılması və ekoloji baxımdan təmiz texnologiyaların tətbiqi Azərbaycanın uzunmüddətli inkişaf strategiyasının mühüm hissəsidir. Bu ərazilərin “yaşıl enerji zonası”na çevrilməsi istiqamətində həyata keçirilən layihələr gələcəkdə Qarabağ və Şərqi Zəngəzurun yalnız Azərbaycanın deyil, regionun da müasir və ekoloji dayanıqlı inkişaf nümunələrindən birinə çevrilməsinə imkan verə bilər.

Qarabağın bərpası yalnız yolların, binaların və infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır. Bu proses həm də Azərbaycanın milli-mədəni yaddaşının bərpasıdır. Qarabağ Azərbaycan mədəniyyətinin, musiqisinin və ədəbiyyatının beşiklərindən biridir. Şuşa, Ağdam, Füzuli, Laçın və digər bölgələr Azərbaycan tarixində mühüm yer tutur. İşğal illərində dağıdılmış tarixi və mədəni irs nümunələrinin bərpası bu baxımdan xüsusi əhəmiyyət daşıyır.

Şuşada Vaqifin məqbərəsinin və büstünün bərpası, Üzeyir Hacıbəylinin abidəsinin yenidən ucaldılması, Bülbülün ev-muzeyinin fəaliyyətə başlaması, Natəvan bulağının bərpası, tarixi məscidlərdə aparılan təmir və bərpa işləri milli-mədəni irsin yenidən dirçəldilməsinin nümunələridir. Vaqif Poeziya Günlərinin və “Xarıbülbül” festivalının yenidən keçirilməsi isə Şuşanın Azərbaycanın mədəniyyət paytaxtı kimi rolunu daha da möhkəmləndirir.
Bu baxımdan Qarabağda aparılan bərpa işləri keçmişi yenidən yaşatmaqla yanaşı, gələcək nəsillərə milli kimliyin, tarixi yaddaşın və mədəni irsin ötürülməsinə xidmət edir.

Bu gün Qarabağ və Şərqi Zəngəzurda aparılan işlərin miqyası Azərbaycanın iqtisadi gücünü, siyasi iradəsini və idarəetmə imkanlarını nümayiş etdirir. Qısa zaman ərzində dağıdılmış ərazilərin minalardan təmizlənməsi, yeni infrastrukturun qurulması, şəhər və kəndlərin salınması, insanların doğma yurdlarına qaytarılması və iqtisadi fəaliyyətin bərpası kompleks və çoxşaxəli bir prosesdir.

Ən mühüm məqam isə ondan ibarətdir ki, bu proses yalnız keçmişin bərpasına deyil, gələcəyin qurulmasına hesablanıb. Qarabağ və Şərqi Zəngəzurda yaradılan yeni şəhər və kəndlər, sənaye və logistika mərkəzləri, turizm obyektləri, yaşıl enerji layihələri və müasir sosial infrastruktur Azərbaycanın yeni inkişaf modelinin mühüm elementlərini özündə birləşdirir.

Bu gün sürətlə dəyişən Şuşa, yenidən qurulan Ağdam və Füzuli, müasir infrastrukturu ilə seçilən Laçın, təbii və turizm potensialı ilə diqqət çəkən Kəlbəcər, sənaye və logistika imkanları genişlənən Zəngilan və Cəbrayıl, yeni inkişaf mərhələsinə qədəm qoyan Xankəndi Qarabağın gələcək simasını formalaşdırır.
Bütün bunlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda bərpa prosesi artıq sadəcə dağıntıların aradan qaldırılması mərhələsini geridə qoyaraq yeni, keyfiyyətli inkişaf mərhələsinə qədəm qoyub. Burada əsas məqsəd yalnız şəhərləri və kəndləri yenidən qurmaq deyil, insanların təhlükəsiz, rahat və firavan həyatını təmin edən, iqtisadi cəhətdən fəal, texnoloji baxımdan müasir və ekoloji baxımdan dayanıqlı bir region yaratmaqdır.

Qarabağın dirçəlişi Azərbaycanın tarixi Zəfərinin davamı, Böyük Qayıdış isə həmin Zəfərin ən mühüm nəticələrindən biridir. Bu torpaqlarda qurulan yeni həyat Azərbaycanın dövlətçilik iradəsini, xalqın həmrəyliyini və gələcəyə inamını nümayiş etdirən böyük bir inkişaf salnaməsinə çevrilir.

Fariz Salahov,
Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının tələbəsi, sahibkar

Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Qarabağ və Şərqi Zəngəzurda quruculuq salnaməsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Azərbaycan-Almaniya münasibətlərində strateji əməkdaşlığın yeni mərhələsi
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Dövlət qayğısı milli mətbuatın inkişafının əsas təməlidir
Milli Ordumuzun şərəfli inkişaf yolu
Milli Ordumuzun şərəfli inkişaf yolu
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Azərbaycan və Türkmənistan münasibətlərində yeni inkişaf mərhələsi başlayır
Bir imza ilə başlayan yeni strateji dövr
Bir imza ilə başlayan yeni strateji dövr
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Müstəqillik tariximizin ən şanlı səhifəsi
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Qurtuluşdan Zəfərə uzanan yolun başlanğıcı
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Azərbaycan qlobal enerji bazarında mövqeyini gücləndirir
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Saray məktəbində Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Uşaqlara göstərilən qayğı sağlam gələcəyin təminatıdır
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Kənd təsərrüfatında yeni inkişaf modeli tətbiq olunacaq
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Üçrəngli bayraqdan Zəfərə uzanan müstəqillik yolu
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan şəhərsalma sahəsində beynəlxalq əməkdaşlığı genişləndirir
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Azərbaycan və İtaliya münasibətləri yeni mərhələyə qədəm qoyur
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Sülh prosesi və yeni regional reallıqlar müzakirə olunub
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Abşeronda xalçaçılıq ənənəsi yaşadılır: Qobulu ustaların sənət yolu
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Prezident Azərbaycan güləşçilərinin tarixi uğurunu yüksək qiymətləndirdi
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır
Bakı görüşü Azərbaycan Çexiya münasibətlərində yeni imkanlar açır