Azərbaycan Respublikası Prezidentinin 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi haqqında imzaladığı Sərəncam ölkəmizin şəhərsalma və memarlıq sahəsində yüzillər boyu formalaşmış zəngin irsinə verilən yüksək qiymətlə yanaşı, gələcək inkişaf prioritetlərini də aydın şəkildə müəyyənləşdirən mühüm dövlət sənədidir. Bu qərar milli memarlıq dəyərlərinin qorunması, müasir şəhər mühitinin formalaşdırılması və dayanıqlı inkişaf prinsiplərinin tətbiqi baxımından xüsusi əhəmiyyət daşıyır.
Qeyd etmək istərdim ki, Azərbaycan şəhərsalma və memarlıq mədəniyyəti yalnız ayrı-ayrı tarixi abidələrdən ibarət deyil, bütövlükdə xalqımızın dünyagörüşünü, sosial münasibətlərini, həyat tərzini və estetik düşüncəsini əks etdirən kompleks bir sistemdir. İpək Yolu üzərində yerləşən Azərbaycan tarixən ticarət yollarının qovşağında formalaşmış, bu amil şəhərlərin planlaşdırma quruluşuna, yaşayış məhəllələrinin təşkili prinsiplərinə və ictimai məkanların funksional bölgüsünə birbaşa təsir göstərmişdir.
Qədim və orta əsrlər şəhər mədəniyyətini bu günə qədər yaşadan İçərişəhər, Şirvanşahlar Sarayı Kompleksi, Qız Qalası, Şəkinin tarixi mərkəzi və Xan Sarayı kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş abidələr Azərbaycan memarlığının dünya miqyasında tanınan nadir inciləridir. Bu abidələr təkcə tarixi-mədəni sərvət deyil, eyni zamanda şəhərsalma elminin erkən nümunələri, funksional planlaşdırmanın və estetik həllin harmoniyasını əks etdirən canlı dərsliklərdir.
Möminə xatun türbəsi, Xudafərin körpüsü, Atəşgah məbədi, eləcə də ölkəmizin müxtəlif bölgələrində yerləşən müdafiə qalaları, karvansaralar, məscidlər və türbələr milli memarlıq ənənələrinin parlaq nümunələri kimi bu gün də öz əhəmiyyətini qoruyur. Böyük memar Əcəmi Naxçıvaninin yaratdığı Naxçıvan memarlıq məktəbi Azərbaycan memarlıq tarixində xüsusi mərhələ olmaqla yanaşı, Yaxın Şərq memarlıq düşüncəsinə güclü təsir göstərmiş, dövrünün estetik və mühəndislik zirvəsini formalaşdırmışdır.
XIX əsrin ortalarından etibarən sənayeləşmə proseslərinin sürətlənməsi, xüsusilə neft sənayesinin inkişafı Bakı şəhərinin planlaşdırma strukturunda və memarlıq üslubunda əsaslı dəyişikliklərə səbəb olmuşdur. Bu dövrdə Şərq və Qərb memarlıq üslublarının sintezi nəticəsində formalaşan Bakı memarlıq məktəbi paytaxtımıza təkrarsız sima qazandırmışdır. Qədim memarlıq elementləri ilə Avropa klassikası və modern üslubun vəhdəti şəhər mühitində xüsusi estetik balans yaratmışdır.
XX əsrdə görkəmli memarlar Mikayıl Hüseynov və Sadıq Dadaşovun fəaliyyəti milli memarlıq ənənələrinin müasir tələblərlə uzlaşdırılmasında mühüm rol oynamışdır. Bu dövrdə şəhərlərin yenidən qurulması, ictimai binaların inşası və planlı məskunlaşma siyasəti geniş vüsət almışdır. Ümummilli Lider Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi illərdə isə şəhərsalma və memarlıq fəaliyyəti sistemli dövlət siyasəti səviyyəsinə yüksəlmiş, tarixi şəhərlərin qorunması, memarlıq abidələrinin bərpası və şəhər mühitinin davamlı inkişafı ilə bağlı mühüm qərarlar qəbul edilmişdir.
Bu gün Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi inkişaf strategiyasında şəhərsalma və memarlıq sahəsi əsas prioritet istiqamətlərdən biri kimi müəyyənləşdirilmişdir. Paytaxt Bakıda və regionlarda icra olunan genişmiqyaslı layihələr – Heydər Əliyev Mərkəzi, Alov qüllələri, Ağ Şəhər kompleksi kimi müasir memarlıq nümunələri milli dəyərlərlə innovativ yanaşmaların uğurlu sintezini nümayiş etdirir. Abşeron rayonunda da son illər ərzində aparılan abadlıq və quruculuq işləri yaşayış mühitinin keyfiyyətcə yeni mərhələyə yüksəlməsinə, ictimai məkanların funksional və estetik baxımdan zənginləşməsinə xidmət edir.
Xüsusi vurğulanmalıdır ki, 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfərdən sonra işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən genişmiqyaslı bərpa və yenidənqurma işləri Azərbaycan şəhərsalma təcrübəsində misilsiz bir mərhələdir. “Ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının tətbiqi, “yaşıl enerji” zonalarının yaradılması, qısa müddətdə onlarla şəhər və kənd üzrə planlaşdırma sənədlərinin hazırlanması dövlətimizin müasir urbanizasiya çağırışlarına verdiyi operativ və çevik cavabın göstəricisidir. Şuşa şəhərinin tarixi memarlıq mühitinin bərpa edilərək əvvəlki simasına qaytarılması isə milli yaddaşın, mədəni iradənin və dövlətçilik ənənələrinin təntənəsidir.
2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan edilməsi memarlıq və şəhərsalma sahəsində elmi yanaşmaların, innovativ həllərin, ekoloji tarazlığın və sosial məsuliyyətin daha geniş tətbiqinə stimul verəcək. Bu il çərçivəsində memarların, şəhərsalma mütəxəssislərinin, alimlərin və ictimaiyyətin birgə fəaliyyəti nəticəsində yeni konseptual yanaşmalar formalaşacaq, şəhər mühitinin insan yönümlü inkişafı prioritetə çevriləcək.
Abşeron rayonunda da “Şəhərsalma və Memarlıq İli” çərçivəsində yaşayış məntəqələrinin planlı inkişafı, nəqliyyat və mühəndis infrastrukturunun təkmilləşdirilməsi, yaşıllıq sahələrinin artırılması, tarixi və mədəni irs elementlərinin qorunması əsas istiqamətlərdən biri olacaq. Məqsədimiz müasir, təhlükəsiz, estetik və rahat yaşayış mühitinin formalaşdırılmasıdır.
Əminliklə demək olar ki, Prezident Sərəncamı ilə elan edilən “Şəhərsalma və Memarlıq İli” Azərbaycanın şəhərsalma siyasətində yeni mərhələnin əsasını qoyacaq, milli memarlıq irsinin gələcək nəsillərə ötürülməsinə və ölkəmizin dayanıqlı inkişafına mühüm töhfə verəcək.
Kənan Babayev,
Abşeron Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin müdiri